17 Aprel 2025 12:59
381
ƏDƏBİYYAT

"İlham İnam qələmində ağrı notları"

. İlham İnamın imzası ədəbi ictimaiyyətə çoxdan tanışdır.Oxucuların rəğbətini qazanan şairin sevilməsinin bir səbəbi yaradıcılığında ağrı notlarının olmasıdır , fikrimizcə . Bəlkə də bizə elə gəlir . Daha doğrusunu tələbkar oxucular deyə bilər. İlhamı mən uşaq vaxtlarından tanıyıram . Çünki , rəhmətlik atası Bəynişan Kəpəzlə çox yaxın dost olmuşuq . Bəynişan müəllim yaxşı jurnalist olmaqla bərabər , həm də poetik yaradıcılıqla da məşğul idi . Bunu xatırlamaqda məqsədim odur ki , İlham kiçik yaşlarından ədəbi yaradıcılıq mühitində boy atıb , nəfəs alıb . Özünəməxsus yaradıcılıq yolu olan İlhamın doğma mövzuları var . Maraqlıdır , həmin mövzulara müraciət edən şair sözünü , fikrini ağrı simptomları ilə çatdırır .

Qarşımda İlham İnamın iki kitabı var . "Elin qəlbindəki Elgün" ( Bakı "Zərdabi Nəşr" MMC 2023) , " Anamın xeyir - duası" ( "Elm və təhsil" , Bakı , 2024) . Birinci kitab şəhid Elgün Səmədovun ömür yolu haqqında poemadır . Otuz ilə yaxın işğal altında olan torpaqlarımızın hər qarışı igid vətən oğullarının qanı hesabına azad edildi . Torpaqlarımızın azad olunması uğrunda şəhid olanlar heç vaxt unudulmur və onlar bizim fəxarətimizdir . Qələm adamları yeri gəldikcə şəhidlər haqqında yazı yazmağı özlərinə mənəvi borc bilmişlər və indi də bilirlər . Məqsəd şəhidləri unutmamaqla yanaşş , onları gələcək nəslə tanıtmaqdır . Azərbaycan gəncliyi vətən və ana müqəddəsliyi ruhunda tərbiyə olunduqlarına görə otuz il işğal altlnda olan torpaqları 44 günə azad etdilər . Budur vətən və ana sevgisi . Şair İlham İnam da minlərlə şəhidlərdən biri Şəmkir rayonunun Çaylı kəndindən olan Elgün Səmədovun 20 illik ömür yolunu poetikləşdirərək oxucuya təqdim edir . Poemanın "Proloq əvəzi" hissəsində İlham İnam qələmi ağrı notları ilə tam yüklənib . Şair məharətlə şəhidlik haqqında fikirlərini ümumiləşdirərək yazır : Sən elə zirvəsən , elə zirvəsən , Everest dağından ucadır adın . Ey şəhid balamız , adına əhsən , Ruhuna hakimsən düşüncələrin . Şair haqlı olaraq şəhid adının Everest dağından da uca olduğunu qeyd etməklə yanaşı , həmin ucalıqla qürurlanır . Sonrakı bənddə şəhidliyin elə bir uca məqam olduğunu xatırladan şair həmin ucalığın şəklini sözlə çəkməyin qeyri - mümkünlüyünü ifadə edir . O ucalığı ancaq duymaq olar . Həmin ucalığın müqəddəsliyini ancaq ürəyində Vətən sevgisi olanlar duya bilər . Sonrakı misralarda adi ölümlə şəhid ölümünün fərqini çox gözəl mənalandıraraq ağrısını oxucu ilə aşağıdakı kimi bölüşür : Şəhidlik zirvəsi uca məqamın , Söz ilə şəklini çəkmək çətindi .

Adi ölüm var ki , ata - ananın , Ali ölüm var ki , məmləkətindi . "Proloq əvəzi " bölməsində şairin tapıntılı ifadələri , beytləri diqqətcil oxucusunun nəzərindən yaylnmır : Vətəndən ummadı bir çoxu kimi , Vətənə borc kimi özünü verdi . Bu iki misrada sətiraltı ironiya diqqət çəkir . Şair düz deyir , çoxları vətəndən var - dövlət , milyonlar umdu , şəhidlər isə vətənə borc kimi özlərini verdi . Digər iki misrada şair maraqlı bir bənzətmə işlədir . Qırx dörd günlük müharibənin qələbəsini aşağıdakı kimi oxucuya təqdim edir : Otuz il həsrətin bir tənlik kimi , Cavabı həll oldu düz qırx dörd günə . Şəhidlərin ölməzliyini , onların ruhlarının həmişə bizimlə olmasını şair aşağıdakı kimi poetikləşdirir : Çəkir məzarlara keşik durmadan , Al sancaq , üç rəngli bayraq yellənir . Vətəndən , torpaqdan , sudan , havadan , "Biz ki ölməmişik" - ruhlar dillənir . Şair qəhrəmanın uşaqlığından başlayaraq keçdiyi həyat yolunu işıqlandırmağa başlayır .

Yaşldları kimi Elgün də "dava - dava" oynayır , tanka , avtomata maraqlıdır . Kiçik yaşlı uşağın bu cür marağı onun gələcəkdə igid olacağının anonsudur . Əsmər ana laylasıyla , Elgününə vətən verdi . Qəhrəman uşaqkən ana laylası ilə böyüməlidir , tərbiyə olunmalıdır . Zaman - zaman , saat - saat , buğda - buğda böyüyən Elgün , artıq ətrafda baş verənlərlə maraqlanır , suallarına cavab axtarır . Şair belə bir maraqlı dialoqda Elgünün uşaq dünyasının marağını canlı və real əks etdirir . - Ata , söylə , millət nədir? - Qeyrətini çəkdiyin xalq . -Ata , söylə qeyrət nədir ? - Namus , şərəf , qılınc , papaq ! Və yaxud : - Ata , yağı düşmən kimdi ? -Yurdumuzu zəbt edənlər . - Ata bizə kim qənimdi ? - Çaqqalxislət ermənilər . Yuxarıdakı dialoqdan göründüyü kimi milli dəyərlər ruhunda böyüyən Elgün kimi oğulların canı , qanı hesabına düşmən tapdağı altında otuz il inləyən torpaqlarımız qayıtdı . Torpaqların qaytarılması bir xalqı töhmətdən xilas etdi . Elgün kimi oğulların hesabına bu gün başı uca , alnı açıq gəzirik . Poemada arada bir şair haşiyə çıxır . Haşiyə çıxmaq poema janrına xas olan yaradıcılıq formasıdır . Haşiyədə şair hadisə və qəhrəmanla bağlı öz fikirlərini qeyd edir . Hələ məktəblisən , gələcəyinə , Sən demə , anbaan yol gəlirsən sən . Gedib tarix olub gələcəyinə , Demə , saat - saat yüksəlirsən sən . Qəhrəmanın kiçik yaşlarından gələcəyini duyan şair Elgünün tarixləşib qayıdacağını diqqətə çəkir . Sarıyıb torpağın yaralarını , Düşməndən intiqam alası oldu . Qoyub evlərində arzularını , Elgün bu vətənin balası oldu . " Qoyub evlərində arzularını" misrası istər - istəməz oxucunu kövrəldir . Başqa şəhidlərimiz kimi Elgün də başqa arzularını evlərində qoydu və ürəyində bir arzu baş qaldırdı . Bu işğal olunmuş vətən torpağının mənfur düşmənin tapdağından xilas edilməsi arzusu idi . Bu arzunu doğrultmaq üçün şəhidlər vətən balası oldu . Vətənə həsr edib arzularını , Elgün oxunmamış Vətən himniydi . Oxunmamış həmin himn ancaq səngərdə düşmənlə döyüş zamanı oxunur . "Son zəng" tədbirində başqa yoldaşlarl kimi əylənsə də , bəzən özündən asılı olmayaraq sifətini qara buludlar örtür . Yenidən sinif otağına qayıdan Elgün lövhəyə "Ana" və "Vətən" sözlərini yazaraq gülümsünür . Hardansa dərs zamanı müəllimlərindən eşitdiyi "Xocalı faciəsi" haqqında məlumatları yenidən xatlrlayır və öz - özünə ; "Qisası qiyamətə qoymaq olmaz" - deyərək , sinifdən çıxır . Artıq bununla da uşaqlıq dünyasına əlvida deyir . Artıq böyüyüb Elgün , on doqquz yaşı var . Vətənin çağrışına yollanan qəhrəmanın sevincinə şair də qoşulur və qəhrəmanı belə vəsf edir : Vətənin əsgəri , xalqın dayağı , Necə də şən olub , nə ağban olub . Sifəti nurlanıb bayramsayağı , İşıqlı gözləri çıraqban olub . Ata , ana oğluna baxıb ürəklərində fəxarət hissi keçirirlər . Atalar nahaq yerə deməmişlər ki , düşmən çəpəridir oğul . Anası Əsmər xanımla , atası İlhamla , qardaşlarl Elvin , Dilqəm və bacısı Sveta ilə görüşüb yola düşən Elgün " Səfa " dağına , "Qız qalası" na göz yetirir . Sonuncu dəfə doğma yerləri seyr edərək yaddaşına köçürür . Baxdı Seyfəlinin hər tərəfinə , Xəyalı "Şəmkir" də çimib çıxırdı . O , şərəf calayıb öz şərəfinə , Bu doğma yerlərə dönüb baxırdı . Hər şey olduğundan gözəl görünür , Bilmirdi bu gediş son gediş idi . Fərəhdən ürəyi bir dağa dönür , Bu nə həvəs , bu nə pərvəriş idi ? Qəhrəmanın doğmalarla , böyüyüb boya - başa çatdığı yerlərlə görüşüb ayrılması kimi şair qələmindən süzülən ağrı notlarına çevrilib oxucu içini silkələyir . Çünki , bu səhnə , bu gediş Azərbaycan ailələrinin hər birinə tanışdır . İlhamın bu cür ağrı notları istər - istəməz çoxdan qaysaqlanmış yaraları yenidən tərpıdir . Bu o deməkdir ki , şair hadisələri reallığı ilə bərabər , canlı verə bilmişdir . Təlim zamanı davranışı , bacarığı ilə komandirin rəğbətini qazanan Elgün , manqa komandiri seçilir .

Vəzifə məsuliyyətini dərk edən Elgün , hər bir işdə əsgərlərə nümunə olmağa çalışır . Bəzən anası , atası , qardaş - bacısı və doğma yerlər üçün darıxır . Amma bu darıxma tez də ötüb keçir . Çünki , ən ali məqsəd vətənin azadlığıdır . Vətənin uğrunda döyüşə girmək , Müqəddəs vəzifə , müqəddəs işdi . Düşmənin başında çaxırdı şimşək , Çaqqal sürüsünə pələng girmişdi . Ağır döyüşlər gedir . İşğal olunmuş torpaqlar kəndbəkənd , şəhərbəşəhər azad olunur . Xəbər gəlir ki , döyüş yoldaşı Çingiz ağır yaralanıbdır . Yaralı əsgərə kömək etmək üçün güllə yağışı altında özünü dostuna çatdırır . Çingizdən qan gedirdi . Dostuna təsəlli verir və "Qorxma , bir az döz , möhkəm ol , hər şey yaxşı olacaq " - deyir . Tövşümür ürəyi , titrəmir dizi , Döyüşdə bərkiyib , mətinləşibdi . Elgün kürəyinə alır Çingizi , Baxma ki , yerimək çətinləşibdi . Çox çətinliklə dostunu lazımi yerə çatdırır və ölümdən xilas olan Çingizə baxıb şəfa diləyir . Yenidən döyüş xəttinə qayıdan Elgün Suqovuşanın azad olunmasında yaxından iştirak edir . Və " Sağ əli başına olsun Şuşanın " fikrini qəlbindən keçirir . Hər gün Azərbaycan ordusu zəfərə doğru irəliləyirdi . Zəfərdən - zəfərə yollar irəli , Elgün düşünürdü , - yol yoxdu geri . Haradan biləydi namərd əcəli , Ona tuşlanıbdı rus snayperi . Qəhrəmanın son anda düşündüklərini ürək ağrlsı ilə təsvir edən şair , oxucunu da həmin ağrıya şərik edir . Qəhrəman ölümü ilə Vətən anasını yandırıb yaxır . Suqovuşan saçını yolur .

Şair hadisəni sadəcə seyr etmir və hadisəyə müdaxilə edərək bu şərəfli ölümü aşağıdakı kimi poetikləşdirir : Canını , qanını verdiyi hər gün , Vətənə çevrilib vətənlə gəldi . Bayraqla gələcəm - demişdi , Elgün , Bayrağa bükülüb kəfənlə gəldi . Kəfən əvəzinə üçrəngli bayrağa bükülüb gələn oğullar izdihamla qarşılandı . Şəhidlər ölümləri ilə ölümsüzlük qazandılar . Şəhidlik ... Bu adda şirinliyə bax , Ana laylasıtək ruha xoş gəlir . Bu bir möcüzədir , işə bax , Allah , İnsan ölümüylə necə yüksəlir ? Başqa bir bənddə şəhif ölümünü belə dəyərləndirir : Torpağın qoynuna köçmədi ki o , Ana qucağında bala uyuyur . Bütün canlılar torpaqdan yaranıb , doğulub , sonda da torpağın qoynuna köçür . Ana balasını qoynuna alır . Ona görə də torpağa " Ana" , "Vətən" deyilir . Ana , vətən hər ikisi bir - birinin anlamı içində diffuziya olaraq namus , qeyrət simvolu kimi dəyərləndirilir . Bu yolda canından keçən oğullara "Şəhid ruhlarından Vətən başlayır" - deyərkən nə qədər haqlıdır . Məkanı cənnətdi , yeri behişdi , Məzarı ürəkdə qazılanların . 2020 - ci il oktyabr ayının 6 - da Ağdərənin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Elgünün də məzarı ürəklərdə qazılanlardandır . Şair "Epiloq əvəzi" ndə poemasını aşağıdakı bəndlə belə tamamlayır : Səni qucaqlayıb bu torpaq ana , Adın yayılıbdı bütün cahana . Çevrilər kitaba , dönər dastana , Taleyin , qismətin , həyatın Elgün . Doğrudan da " Çevrildin kitaba , döndün dastana", Elgün , şair İlham İnamın istedadlı qələmində . Müəllifin qarşımdakı ikinci kitabı "Anamın xeyir - duası" adlanır . Kitabda iyirmi şeir var . Şeirlər türk , rus və ingilis dillərinə tərcümə edilib . Tərcümələr hamısı bir kitabda verilibdir . Dünyasını dəyişən anasının ayrılığına dözə bilməyən şair tez - tez anasını xatırlamalı olur . Xüsusən də bir iş dalınca yola çıxanda , başqa bir iş görəndə anasının xeyir - duası yadına düşür . Çünki , nə iş görsə anası deyərdi : "Allah xeyir versin . Sağ get , salamat qayıt . Yolun açıq olsun . Yaman gözdən , şərdən , böhtandan uzaq olasan . Allahın nəzəri həmişə üstündə olsun" və s . kimi ana sözləri , ana xeyir - duası çoxlarına tanışdır . Anası həyatdan köçəndən sonra həmin ağrı notlarını şair qələmə alaraq , yenidən yaşayır : Özü getməsə də mənlə bir yana , Xeyir - duasını mənlə göndərər . Sənin duaların hər zaman , ana , Xətadan , bəladan məni döndərər . Ana qayğısı , ana kaylasl , ana məhəbbəti və s . çox deyilib , çox yazılıb . Bunların hamısını bir duyğu ətrafında birləşdirən şair fərqli və yeni bir ana obrazı yaratmlşdır . Bu ana da başqa analar kimi övladı üstündə nanə yarpağı kimi əsir , hətta həyatda olması öz xeyir - duaları ilə övladıyla birgə yaşayır . Qədirbilən övlad çəkilən zəhməti layiqincə dəyərləndirir : O xeyir - duaya borcluyam lap çox , İşlərim həmişə yağ kimi gedib . Hər bir uğur üçün məndə hünər yox , Nə varsa , o xeyir - dualar edib . Burda qədirbilənlik özünü göstərir . "Anamın xeyir - duası" ilə açılan kitabda növbəti şeir "Atamın qabarlı əlləri durub " adlanır . Şair bu şeiri rəhmətlik jurnalist Füzuli Ruzigarın atası ilə bağlı xatirələrinə həsr edib . Ot kök üstə bitər , kimliyim bəlli , Bünövrə danışıb ,təməl dedirdib . Sığala da dönüb atamın əli , Mənə saf tikəni o əl yedirdib . Qürur duymamışam kimisə vurub , Gözümün önündə hər zaman , hər vaxt , Atamın qabarlı əlləri durub . Zəhmətkeş ailədə böyüyən , halal çörək yeyən övladların düşüncəsi ancaq belə ola bilər . Atanın qabarlı əlləri övladın tərbiyəsində əyani vəsait kimi ən gözəl tərbiyə vasitəsidir . "Günəştək parlayar əməllərimdə" - deyən , şairin lirik qəhrəmanı atasının qabarlı əllərinə heykəl qoymaq arzusundadır .

Gəlib - gedən , xüsusən gənc nəsil həmin qabarlı əllərin heykəlinə baxıb halallıq öyrənməli , nümunə götürməlidirlər . Halallıq ,saflıq , zəhmətlə yaşamaq şairin qəhrəmanının arzusudur . Cəmiyyətdə hər şey halallıq üstündə bərqərar olsa , yaşamağa nə var .Çox təəssüf ki , bu , qabarlı əllərlə yaşayanların utopiyasıdır . Müharibənin törətdiyi faciələri görüb yaşayan şair " Müharibə olanda" şeirində müharibənin fəlakətlərini ürək ağrısı ilə nəzmə çəkir: Arzular güllələnir , Ümidlər çiliklənir . Sevinc , şadlıq yerinə , Ölüm ,aclıq dillənir , Müharibə olanda . İctimai məzmunlu "Qorxuram" şeirində insanlığın qəhətə çəkildiyi , dillərdə şükür oxunnadığı , nahaqdan çox qanların axldıldığı , vicdanların yoxa çıxdığı , bir - birini anlamayan insanların yaşadığı bu dünyanın qırımından qorxur şair . Ədalətin haqsızlıq ucbatından dudərgin düşdüyü bir mühitdə yaşamaq doğrudan da qorxuludur . İlham İnamın " Vətən - qürbət" adlı diqqətçəkən bir şeiri də var . Şeiri oxuyanda , xüsusən qürbətin dadını bilənlərin içindən bir slzıltı keçir . Fikrimizcə , bu şeirin bu qədər duyğusal olmasının səbəbi müəllfin nə vaxtsa vətəndən uzaqda yaşaması olubdur . Yoxsa şeir bu qədər hiss və duyğularla zəngin olmazdı , bəlkə də . Dörd bənddən ibarət olan şeirdə bəndlər daxilən , məna və fikir baxımından bir - biri ilə o qədər sıx bağlıdır ki , bəndləri bir - birindən ayırmaqda çətinlik yaranır . Vətənsiz harada yaşamaq olar ? Vətənsiz qürbətin nə dadı , tamı . Vətəni qürbətdə tapa bilməyib , Vətənə dönərmiş qürbət adamı . Vətənsiz yaşamaq mümkün deyil . Vətənsiz qürbətin dadı , tamı xoş gəlmir . Gec - tez vətəni qürbətdə tapa bilməyən qürbət adamlar , vətınə dönməli olurlar . Nahaq yerə demirlər ki , gəzməyə qürbət ölkə , ölməyə vətən yaxşı . Vətən qəriblərə xəyal kimidi , Qəriblər xəyala bükülüb qalar . Qürbətə uçanlar durna kimidi , Lələyi vətəndə tökülüb qalar .

Nə gözəl bənzətmə . Doğrudan da qəriblər həmişə xəyala bükülü olurlar . Vətənlərini , doğmalarını , uşaqlığını xəyallarında axtarırlar , görürlər .Özləri durnalar kimi uçub qürbətə getsələr də lələkləri vətəndə tökülüb qalır . Vətəndə qalan lələklər doğmaları , dost - tanışları , sevdikləri və sairədir . Qürbətin cənnəti ürək amsa da , Qəribin ömürlük yuxusu gəlməz . Qəriblər qürbətdə çiçək açsa da , Onlardan vətənin qoxusu gəlməz . Yüzlərlə nümunələr çəkmək olar bu bəndə . Qazanc dalınca gedənləri görürük . Bəxti gətirib varlananlar necə deyərlər "çiçək açan" lar da olur . Amma onların ömürlük yuxuları olmur . İçlərində həmişə bir həsrət gəzdirirlər . Bu həsrət vətən həsrətidir . Eyni zamanda onlardan heç vaxt vətən qoxusu da gəlmir . Şairin bu qənaətinə biz də şərikik . Çünki , həmin adamlar tədricən , özləri də bilmədən , hiss etmədən əriyərək başqa millətə çevrilirlər . Ürəklər yol gedər vətən adına , Soyuqdur vətənsiz yanan od -ocaq . Ölmür , yad torpaqda yerin altına , Qəribin həsrəti gömülür ancaq . Doğrudur , yad torpaqda qərib ölmür , həsrəti dəfn olunur . Həmin dəfn olunan qəribin vətəndəki doğmalarına ancaq göynərtisi qalır . Budur qürbətdə yaşayıb ölənlərin şair qələmində köklənən ağrı notları . Kitabda bir -birindən maraqlı şeirlər çoxdur . Onların hamısı haqqında söz demək imkan xaricindədir . Biz ancaq İlham İnam qələminin bəzi ağrı notlarını nəzərdən keçirib fikrimizi bölüşdük oxucularla .

Şairə yeni yaradıcılıq uğurları arzulayan şair - publisist İmam CƏMİLLİ 10 . 02.2025 - ci il