24 Iyun 2025 12:38
220
HADİSƏ

"İran İsrailldən gücsüzdür" deyən məşhur azərbaycanlı həbs edildi

İran Azərbaycanının tanınmış karikaturaçısı və Şərqi Azərbaycan vilayətinin Sənət Məktəbləri Direktorlar Birliyinin təsis şurasının sədri Rəhim Baqqal Əsgəri adlı bir soydaşımız haqqında qısa məlumat vermək istəyirik. O həm də ali təhsilli araşdırmaçı yazardı. Tarixin, ədəbiyyatın , köhnəlmiş dillərin araşdırıcısıdır.

Bütün sosial şəbəkələrdən istifadə edərək fars hakimliyi olan bir məkanda türklüyümüzün keşiyində olduğunu biruzə verir.


Azərbaycanın eramızdan əvvəl tarixi haqqında 6 cild kitab yazan Rəhim Baqqal Əsgəri (Ağ Bayraq) yeni kitabının nəşri barədə özünün instaqram hesabında 3 il əvvəl məlumat vermişdi.
Yazmışdı ki, bu kitab mənim 12 illik zəhmətimin nəticəsidir:" Kitab 1300 səhifə və iki hissədən ibarətdir.

Birinci hissədə türk və şumer dillərinin qrammatikasının eyniliyini təhlil etdim, ikinci hissədə isə 6580 şumer sözünü türk sözləri ilə müqayisə edərək onların eyni olduğunu və eyni məna daşıdığını sübut etdim".

Başqa bir tədqiqatçı ilə birlikdə Şumer yazılarının əksəriyyətini tərcümə edən və Rəhim Baqqal Əsgərinin kitabına ön söz yazan tanınmış tədqiqatçı İlmiyə Çığ, kitabın müqəddiməsində “6580 türk və şumer sözünün oxşarlığını sübut edən bu kitab, şumerlərin türklüyünün inkar edilməz olduğunu göstərir"-deyə, yazmışdı.
Əlbəttə, türklüyün qədimliyini isbat edən belə bir kitabın araya-ərsəyə gəlməsi türk düşməni olduğunu hər addımda təsdiqləyən fars rejiminin yaratdığı süni əngəllərdən də yazmışdı

Kitabın müəllifi onun çap olunmasının qarşısını almaq üçün müxtəlif problemlər yaradıldığını, bəhanələr gətirildiyini, ancaq sonunda kitabın nəşrinə nail olduğunu paylaşmına əlavə etmişdi.

Təhlükəsizlik məmurları bu gün səhər saatlarında təbrizli yazıçı, fotoqraf və türkoloq Rəhim Baqqal Əsgərini həbs edib.
Adalet.az xəbər verir ki, bu haqda İranın hengaw.net saytı məlumat yayıb.

Bəzi sosial şəbəkə istifadəçiləri hesab edir ki, Rəhim Baqqal Əsgərinin həbsi İran İslam Respublikasının İnqilab Keşikçiləri Korpusunun (SEPAH) İsraillə hərbi münaqişəyə girməsinə dair satirik tənqidi ilə bağlıdır:"Məqalənin yazıldığı vaxta kimi bu vətəndaşın harada saxlandığı və hansı ittihamlarla bağlı dəqiq məlumat yoxdu"

Məlumatda o da vurğulanır ki, təhlükəsizlik məmurlarının heç bir məhkəmə hökmü təqdim etmədən yazıçını qandallayaraq özləri ilə apardıqları bildirilib.

 Əntiqə Rəşid