28 Iyun 2024 12:33
478
GÜNDƏM

İran səfiri:"Biz sərhəd dəyişikliyinə qarşıyıq, çünki Ermənistan vicdanlı qonşudur"

Xəbər verdiyimiz kimi, İranda növbədənkənar prezident seçkilərində səsvermə başlayıb.

Məlumatlarda qeyd edilir, İranda 90 min səsvermə məntəqəsi fəaliyyət göstərir. Azı 344 məntəqə ölkədən kənardakı vətəndaşlar üçün açıq olacaq.
Adalet.az xəbər verir ki, Ermənistanda iki seçki məntəqəsi var və İranın Ermənistandakı səfiri Mehdi Sobhani mövzu ilə əlaqədar olaraq bu gün, iyunun 28-də jurnalistlərlə söhbət edib. O söhbət əsnasında jurnalistləri maraqlandıran bir çox suallara cavab verərək hazırda Ermənistan sərhəddində həyata keçirilən demarkasiya və delimitasiya prosesinə də fikir bildirib.

O, deyib ki, biz ərazi bütövlüyünə hörmət edirik və beynəlxalq səviyyədə tanınmış sərhədlərdə istənilən dəyişikliyə və geosiyasi dəyişikliklərə qarşıyıq:”İran və Ermənistanda hakimiyyət dəyişikliyindən asılı olmayaraq, o siyasət heç vaxt dəyişməyəcək. Ermənistan bizim üçün yaxşı və vicdanlı qonşudur. İki ölkənin təhlükəsizliyi və maraqları bir-biri ilə sıx bağlıdır. Düşünürəm ki, Ermənistan İrandakı seçki prosesini böyük diqqətlə izləyir”, - deyə o bildirib.

 Qeyd edək ki, Mehdi Sübhani Ermənistanın Fələstin dövlətini tanımasını və Fələstin xalqına yardım göstərməsini alqışlayıb:“Ermənistanın atdığı bu cəsarətli addım beynəlxalq ictimaiyyətin Fələstin xalqının hüquqlarına əhəmiyyət verdiyini və bu hüquqların pozulmasına qarşı olduğunu nümayiş etdirir”.

P.S. Ermənistan Fələstin dövlətini 21 iyunda tanıdığını elan edib və 7 gün əvvəl olan bir hadisəni İran rəsmisi indi dilinə gətirirsə və indi Ermənistanın bu addımını alqışlayırsa, deməli, Ermənistan – İran arasında hardasa bir boşluq var. Onun “beynəlxalq səviyyədə tanınmış sərhədlərdə istənilən dəyişikliyə və geosiyasi dəyişikliklərə qarşıyıq”deməsi isə adi diplomatik frazadır.Çünki İran səfiri də bilir ki, dəyişən sərhədlər əslində 1990-cı ildən sonra işğal edilən Azərbaycan torpaqlarıdır və beynəlxalq aləm bu həqiqətin qarşısında dilini sıxıb susmaq məcburoyyətindədir... elə iran da..


Əntiqə Rəşid