adalet.az header logo
  • Bakı 11°C
27 Sentyabr 2022 15:26
824
LAYİHƏ

“İrəli” İB Anım Günü çərçivəsində tədbirlərə start verib - FOTOLAR

“İrəli” İctimai Birliyi tərəfindən 27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq bir sıra tədbirlərin icrasına başlanılıb.

Birliyin mətbuat xidmətindən Adalet.az-a məlumat verilib ki, təşkilatın nümayəndə və üzvlərinin iştirakı ilə II Fəxri və şəhidlər xiyabanında Vətən müharibəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirlər çərçivəsində Azərbaycan Gənclər Fondunun dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Müzəffər Əsgərimiz” layihəsinin 15 müxtəlif şəhər və rayonda təqdimatı keçirilib. Layihənin əsas məqsədi 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsidir. Layihə çərçivəsində hazırlanmış 27 videoçarxın qarşıdakı günlərdə minlərlə gəncin iştirakı ilə respublikamızın bütün bölgələrində təqdimatının keçiriləcəyi nəzərdə tutulur.

Həmçinin “İrəli” İctimai Birliyinin ofisində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filminin nümayişi keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi, habelə şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən “İrəli” İctimai Birliyinin baş katibi İlqar Axundov qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birlik və həmrəyliyinin ən yüksək təntənəsi idi. Müzəffər Ali Baş Komandanın yüksək sərkərdəlik məharəti, qətiyyəti və prinsipiallığı qısa müddətdə işğal altında olan torpaqlarımızın azad edilməsi ilə nəticələndi. İkinci Qarabağ müharibəsində qazanılan qələbəyə görə dövlətimizin başçısına öz minnətdarlığını bildirən İlqar Axundov diqqətə çatdırdı ki, nümayişin keçirilməsi Zəfər tariximiz haqqında gənclərin maarifləndirilməsi məqsədi daşıyır.

Həyata keçirilən tədbirlərlə yanaşı Birlik tərəfindən “Müzəffər Əsgərimizi tanıt” adlı sosial media kampaniyasının keçirilməsi planlaşdırılır. Kampaniyanın əsas məqsədi torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş igid vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad etmək və onların döyüş yolu haqqında əhalinin məlumatlanmasını təmin etməkdir.