“İş yerindən arayış” adlı yeni elektron xidmət
Dekabrın 2-də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən "İş yerinə dair arayış” adlı növbəti
elektron xidmətin vətəndaşların istifadəsinə verilməsi ilə əlaqədar təqdimat mərasimi
keçirilib. Nazirlikdən Adalet.az-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial
müdafiəsi nazirinin müavini İdris İsayev əhaliyə xidmət sisteminin müasir
texnologiyalar əsasında təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Prezidenti cənab
İlham Əliyev tərəfindən müəyyən edilmiş vəzifələrin icrası istiqamətində işlərin
uğurla davam etdirildiyini vurğulayıb: "Nazirliyin fəaliyyət sahələrində
informasiya texnologiyalarının tətbiqi prosesi genişlənir. Bu proses eyni
zamanda vətəndaşlara göstərilən xidmətlərin elektronlaşdırılması, nazirlik tərəfindən
göstərilən elektron xidmətlərin sayının artması ilə müşaiyət olunur”.
Nazir müavini cari
ilin 1 iyulundan etibarən respublikamızda əmək müqaviləsi bildirişləri üzrə
elektron informasiya sisteminin uğurla tətbiq olunduğunu qeyd edib. Ölkənin əmək münasibətləri sahəsində
mühüm islahat tədbiri olan elektron informasiya sisteminin tətbiqi mövcud əmək
müqavilələri, onların tərəfləri olan işçi və işəgötürənlərlə bağlı dolğun məlumat
bazasının yaradılmasına şərait yaradıb. Bu da muzdla çalışan şəxslərə lazımi hallarda iş yerləri barədə
elektron arayışların verilməsinə imkan yaradıb.
İ.İsayev artıq yeni xidmətin "Elektron Hökumət” portalında (www.e-gov.az) yerləşdirildiyini,
eyni zamanda nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsində eyni adlı bölməyə daxil olmaqla
"Elektron Hökumət” portalındakı həmin xidmətə keçidin mümkün olduğunu bildirib. ƏƏSMN-nin
İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov "İş yerinə dair
arayış” adlı növbəti elektron xidmətin texniki imkanları barədə məlumat verib.
O, bildirib ki, elektron arayışda növündən asılı olaraq işəgötürən barədə məlumatlar,
onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı
tarix, onun müddətli və ya müddətsiz olması, həmçinin arayışın etibarlılıq müddəti
və s. məlumatlar da dolğun şəkildə öz əksini
tapır. Eyni zamanda "İş yerinə dair arayış” adlı növbəti elektron xidmət arayış
təqdim olunan quruma bu arayışı formalaşdırmış əmək müqaviləsi bildirişi üzrə dəyişikliklər
barədə məlumatı əldə etmək imkanı verir. Lakin bu məlumatın ötürülməsi vətəndaşın
razılığı şərti ilə və arayışın etibarlılıq müddətində mümkündür.


Bakı -°C

