İşıqlı adam
Hərə bir cür qurbanı olur ölümün. Kimi ağlaya-ağlaya, kimi isə gülə-gülə, işıq saça-saça. Sən də işıqlıydın, qardaş ! Özün boyda, özündən böyük bir işıq. Həmişə işıq, nur saçırdı üzün, gözün. Yaxınlara, doğmalara, yadlara işıq səpələnirdi nurlu gözlərindən. Adam sənin yanında olanda ölüm adlı qara qüvvənin, kabusun mövcudluğunu unudardı.
Yaşamaq eşqi böyük idi ürəyində. Daima deyər, gülər, nikbinlik aşılayardı başqalarına. Heç kimə pis gün arzulamazdın. Heç kəsi darda qoymazdın. Hamı sağlığında darıxardı səndən ötrü. Səni görmək istəyərdilər. Şirin dilin, qılığın çoxlarını valeh edərdi. Yanından, sən olan yerdən ölüm yan keçər, başqa səmtə gedərdi. Amma bu mənfur qüvvə sənə də yaxın düşə bildi. Gözlənilmədən, heç kimin ağlına gəlmədiyi bir zaman kəsdi başının üstünü. İndi kim söndürəcək yaxınlarının təpəsindən çıxan tüstünü.
Vallah qəribədir, qəribədən də qəribədir bu gidi dünya. Çəlimli-gedimli desək də, mən bu dünyanın işlərindən, gedişatından baş aça bilmirəm. Çox fikirlərə qərq oluram. Amma bu düşüncələrin içindən məntiqli bir fikir, məna tapa bilmirəm. Yəni bir gün bizi istəyənləri dərdə, kədərə yıxıb, bir göz qırpımında dünyanı tələsə-tələsə tərk edəcəyiksə, daha dünyaya niyə gəlirik?! Axı biz gedəndə qəm, qüssə, kədər dolu bir daşa çevrilib asılırıq doğmalarımızın ürəyindən. Ölümün isə acgöz gözü doymur. Onun heç xəbəri olmur adamın ömründən, yaşından. Elə bir ucdan biçir bizi... Min illərdir ölüm düşüb insan oğlunun dalınca. Gözü doymur, hamının ömrün qırıb, nəfəsin alınca.
Nə bilim, bizim bu dünyada sona qədər qavrayıb, başa düşmədiyimiz hələ çox şeylər var. Nə qədər düşüncəli, dərrakəli olsa da insan oğlu hələ bir çox məqamı olduğu kimi qavrayıb, məntiqli, məna çıxarmaq qabiliyyətində deyil. Bəlkə də, biz hər şeyi olduğu kimi anlayıb, qavrasaq həyat sıxıcı, darıxdırıcı, mənasız olardı. Ömür, gün gözümüzdən düşərdi. Xoş günün adı çəkiləndə vücudumuz ürpəşərdi. Ola bilər, odur ki, insan gərək Tanrının bəxş etdiyi ömrü tamahsız yaşaya. Gözü tox ola, nəfsini boğa bilə, adam çox yerdə. Şükür edəsən Yaradana onun bizi yetişdirdiyi hər günə, saata... Ölüm nədir deyib çox fikirləşmə. Çox zaman ölüm elə bizim içimizdə, aramızda olur. Ölüm doğmalarının sənə yad, ögey münasibət bəsləməsidir. Ölüm dalınca edilən, qırılan qeybətdir. Ölüm sənin sağlığını istəməyən bədheybətdir. Ölüm qardaşının sənə qarşı soyuq münasibəti, qohumlarının biganə, tikanlı baxışlarıdır. Ölüm ən yaxınlarının sənə vurduğu zərbənin alnındakı qırışlarıdır.Ölüm sənsən, odur, bizik. Çox zaman ətrafımızdakılara qarşı qəddar , insafsız, etinadsız, laqeyid, biganə, diqqətsiz olan bizlərik. Adamlar danışığına bir az xoş anlar qatsa, baxışlarının tikanını çıxartsa, bir qədər də qayğıkeş, diqqətli olsa, adamlar uzun ömür sürər, xoş gün görər.
... İnana bilmədim bu qara xəbərə. Ölümünü bizlərdən ayrıldığını dedilər. İnana bilmədim ki, ölüm sənə, Nəsibə necə qıydı. Səni özünə nəsib etdi. İnana bilmədim...
Yandım, qovruldum, alışdım bu xəbərin odundan, alovundan. Tüstüm təpəmdən çıxdı. İlahi, bu nə işdi, ölüm Nəsibi necə yıxdı?!
Son zamanlar təsadüfən tez-tez görüşərdik. Elə telefonsuz, zəngsiz qarşı-qarşıya gəlirdik. Ən son görüşümüzdə gözlərinin altının boz rəngi və talxıması heç xoşuma gəlmədi. Mən qocalmazdım Nəsib, amma qocalıram artıq. Təbiətin bu mənfi qanunu ilə bacara bilmirəm. Qocalıram. Deyəsən sən də artıq qocalırsan, dedim. Yox qocalmıram, dərdim çoxdur deyə cavab verdin. İndi anladım ki, ölüm artıq sənin yanında imiş. Gözlərinin altında özünə yuva qurubmuş, ürəyinin başında olduğu kimi. Və bir də anladım ki, təbiət bizə verdiklərini son damlasına qədər geri almayınca rahat olmur.
Dərdlərini bir dost, qardaş kimi həmişə mənə deyərdi. Sözünü kəsməz, sona qədər dinləyərdim. Sənə mənəvi dayaq olub, dərdlərini dağıda bilməsəm də, diqqətlə dinləyirdim səni. İstəyirdim ki, bir az da olsa fikrin dağılsın, qəlbin avasızın, dərdin azalsın. Və belə anlarda hər şeyə qadir insanın nə qədər gücsüz, imkansız olması məni dərindən yandırırdı.
İnanmadım ölmünə, ta sizə, kənddəki ata evinə çatana qədər. Çatdım evin dəhlizində dərdin yerə yıxıb, üstünə çıxdığı, rahat otura bilməyib tavana və qarşıdakı divara baxa-baxa, için-için ağlayan Pənahı gördüm. Bənizi qaçan, heykələ dönən Səyavuşun dilinin quruması dedi öldüyünü. Elşənin qızarmış, qanlı gözləri ölüm xəbərini təsdiqlədi.Bacılarının saçlarını yolub, üzlərini şırım-şırım şumlaması, həyat yoldaşının ürəkləri deşən naləsi artıq bizləri tərk etdiyini söylədi. Atanın adını qoyduğun, oğlun, balaca Eldarın vicudunu qucaqlayıb yana-yana ağlaması, ürəkləri dağlaması dünyadan köç etdiyini xəbər verdi.
... Biri dünyasını dəyişəndə mən təsəlli verə bilmirəm. Ağlama, son qəmin olsun deyə bilmirəm. Məncə belə demək, doğması üçün ağlayana belə təsəlli vermək, ən azı insafsızlıqdır. Bu məncə öləni artıq unut, yaddan çıxart deməkdir...
Təsəlli verə bilmədiyim yaxınlarına, qardaşım Nəsib ! Təsəlli vermədim ki, unudulmayacaqsan. Sən həmişə beynimizin dərin qatında, ürəyimizin başında olacaqsan. Sən həmişə bizimləsən. Rahat uyu, yat məzarında. Bu dünyada çox əzablar çəkdin, çox arzuların gözündə qaldı. İndi isə soyuq məzar, isti yuvan oldu.
Təsəlli verə bilmədin heç kimə , axı inana bilmirəm getdiyinə...
Adil Misirli.