08 Iyun 2025 23:06
454
DÜNYA

İspaniyada on minlərlə insan hökumətə etiraz edib

Madridin mərkəzində minlərlə insan İspaniyanın Baş naziri Pedro Sançes hökumətinə və hakim Sosialist Fəhlə Partiyasına qarşı etiraz aksiyası keçirib.

Adalet.az-ın "The Guardian"a istinadən verdiyi xəbərə görə, aksiyanı müxalifətdə olan Xalq Partiyası təşkil edib. Bölgədəki mərkəzi hökumətin nümayəndə heyətinin məlumatına görə, mitinqdə 45-50 min nəfər iştirak edib. Təşkilatçılar isə aksiyada 100 min etirazçının olduğunu elan ediblər.

Kütləvi narazılığa səbəb hökumətə, Baş nazirin ətrafına və ailə üzvlərinə aid edilən korrupsiya qalmaqalları olub. Xalq Partiyasının lideri Alberto Nunes Feyxoo etirazçılar qarşısında çıxış edib. O, vətəndaşları “demokratiya ilə hesablaşaraq seçki keçirməyə” çağırıb. Partiya sədri vurğulayıb ki, indi yeni seçkilər keçirilməlidir.

Eyni zamanda hakim İspaniya Sosialist Fəhlə Partiyasının nümayəndələri aksiyanı “uğursuz” kimi qiymətləndiriblər. Ölkənin Təhsil Nazirliyinin rəhbəri Pilar Aleqria qeyd edib ki, “Estopa” musiqili qrupu Feyxoodan daha çox tamaşaçı cəlb edir.

Bu artıq Feyxoonun siyasi qüvvəsi tərəfindən təşkil edilən altıncı aksiyadır. Mayın 10-da Madriddə Baş nazirin istefası tələbilə 25 minə yaxın insanın iştirak etdiyi etiraz aksiyası keçirilib.