Kamalə Abiyevanın qələbəsi - FOTOLAR
Və ya Kamalə Abiyevanın imza günü
“İrəvanda diz qoysam”, “41”-Astara şəhidləri, “21”-Bakı şəhidləri, “O adam”, “Torpaq”... Bu kitabların hər birinin adları kimi, orada əks olunmuş tale və məzmunları da tam fərqli idi. Onu sevdirən, tanışlığımıza səbəb “Bakı haqqında nağıl” olmuşdu. Fərqli üslubu ilə seçilən Eyyub Yaqubovun ifasında bəstəkar Aygün Səmədzadənin bəstələdiyi mahnını dinləyərkən keçirdiyim hisslər sözlərin müəllifini sevdirmişdi mənə.Adətən, ailəmizlə yayı bağda keçirərdik və Abşeron qumluqlarında, yarımsəhralıqlara xas o qədər də hündür olmayan ağaclar, şanısı ilə məşhur torpaqda “yatan” meynələr, Xəzərin səsi, gilavar və xəzrinin uğultusu, dünya tarixində bir çox ilklərə imza qoymuş neft və onun mədənləri, həmin məkanların özünəməxsus qoxusu və daha nələr, nələr...qəribə duyğular yaşadardı.Bakı və onun bağlarını bu cür təsvir etmək üçün o torpağı, o qumluqları, o neft qoxusunu sevmək lazım idi... Bu təsvir şairənin Vətən sevigisinin bariz nümunəsi idi. Şairənin Xəzərin səsini “laylay”a bənzədən, meynəliklərin qumluqlardakı xışıltısına “qum üstündə şanılartək xumarlanan dincliyimsən” söyləyən, xəzri ilə gilavarın şıltaqlıqlarının gətirdiyi neft qoxusunu “Saçlarıma sığal çəkən neft ətirli küləklər” kimi ifadə edən, İçərişəhərin Qoşa Qala Qapısını şəhərin gözlərinə bənzədən bu şeiri Bakı haqqında olan nəğmələrdən bu cür özünəməxsusluqları ilə seçilirdi.Onun yaradıcılığını o vaxtdan izləyirdim, imza günlərində, kitab təqdimatlarında iştirak edirdim. Növbəti imza gününə də sevə-sevə getdim.
06 dekabr 2024-cü il tarixində Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında Kamalə Abiyevanın Bakı şəhidlərinin xatirəsinə yazdığı “21” esselər toplusu və “O adam” şeirlər kitabının təqdimatı və imza günü keçirildi. Adıçəkilən sənət məbədində yarandığı gündən adları təkcə Azərbaycan ədəbiyyatı tarixində deyil, ictimai-siyasi həyatda da silinməz izlər qoymuş şəxslərin iştirakı olan tədbirlərdən həmin görüşün fərqi onda idi ki, 44 günlük müharibədə şəhid olmuş qəhrəmanların valideynləri də iştirak edirdilər. Şairənin poetik dünyasını özündə əks etdirən şeirləri ilə birgə onun Vətən azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə həsr edilmiş kitabları da oxuculara təqdim olunmuşdu.
AYB-nin sədr müavini, MŞ-nın sədri, yazıçı, şair, jurnalist Rəşad Məcidin aparıcılığı ilə keçən tədbir iştirakçıların ömrünə unudulmaz saatlar yazdı. Tədbirin əvvəlində Rəşad Məcid Kamalə xanıma AYB-nin təbrik məktubunu təqdim etdi. Füzuli rayon Mahmudlu-2 kənd məktəbinin direktor müavini Narınc Məmmədova yaradıcılığında vətənpərvərlik mövzusunun xüsusi yer tutduğunu vurğulayaraq “Dəmir yumruq Alfa-A” cəmiyyətinin Azərbaycana, dövlətinə layiqli xidmətinə görə fəxri diplomunu təqdim etdi. Çıxış edənlər MM deputatı,ictimai xadim, şair, jurnalist Elçin Mirzəbəyli, F.e.d. Esmira Fuad, f.e.d.prof. Vaqif Yusifli, AYB-nin katibi, şair, tərcüməçi, esseist Səlim Babullaoğlu, yazıçı, şair, tərcüməçi Aysel Əlizadə, Xalq artisti bəstəkar Aygün Səmədzadə, şair, yazıçı Şövkət Horovlu, filologiya üzrə fəlsəfə doktoru , yazıçı, tərcüməçi Kamran Nəzirli, pedaqogika üzrə fəlsəfə doktoru, jurnalist Zemfira Məhərrəmli, istedadlı bəstəkar, pianoçu Pikə Axundova, dos. Allahverdi Eminov , şair Ağacəfər Həsənli, “Qarabağ qaziləri” İB-nin sədr müavini Fəzail Əsədov Kamalə Abiyevanın yaradıcılığının müxtəlif yüksək bədii-ədəbi xüsusiyyətlərini, fərqliliyini vurğuladılar. Şair, “Xatirə kitabı”nın baş redaktoru Nəzakət Məmmədova ədəbiyyatda öz sözünü demiş, oxucuların sevimlisi, bütün fəxri adalrar layiq olan, “ruh ekizim” adlandırdığı Kamalə xanımına yaradıcılıq uğurları arzulayaraq çıxışlara yekun vurdu.
İmza günündə istedadlı söz sahibinin qələm dostları, jurnalistlər Əbülfət Mədətoğlu, Qulu Ağsəs, İbrahim Yusifoğlu, Maşallah Məftun, Əntiqə Qonaq, Mahcamal, Təranə Məmməd, Şəmsiyyə Kərimova, Nüşabə Mirzəbəyli, Vəsimə Qarayeva, Gülşən Rafiqqızı, eləcə də çox sayda oxucular iştirak edirdi.
Pedaqoq Kamalə xanımın şəhidlərin həyatlarını təsvir edən yazıları böyüməkdə olan nəsildə, tədris müəssisələrində himnə çevrilmiş “Məktəb illəri” mahnısı ilə böyüyən gənclərdə Vətən, şəhid, torpaq məfhumlarına sevgi oyadır. Xalqa qələbə hissini yaşatmaq üçün canlarını qurban verən şəhidlər barədə kitablar şairənin daxili aləminin yalnız poetik dünyasını deyil, Vətən sevdalı duyğularını özündə əks etdirir. Üstəlik,igid oğulların ailələrinin duyğularını kağıza köçürməyin heç də asan olmadığı nəzərə alınsa, Azərbaycanın hər bölgəsində şəhidlər xiyabanlarında uyuyan qəhrəmanların taleləri, döyüşlər haqqında yazmağın necə mənəvi qüvvə, dözüm tələb etdiyini anlamaq çətin deyil.
Diqqətimi çəkən məqamlardan biri də tədbirdə şəhid ailələrinin yaşadığı xoş duyğular, onların təşəkkür dolu baxışları, sözləri idi. Onlara mənəvi dayaq olmağı bacarmaq Kamalə Abiyeva istedadının qələbəsidir.Mən ona söz dünyasında beləcə qalib olmağı arzulayıram.
Filologiya üzrə fəlsəfə doktoru Təbəssüm Muxtarova