Kəngərlidə hərbi sursatlar aşkarlanıb
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
Adalet.az xəbər verir ki, məlumatla əlaqədar dərhal nazirliyin aid təşkilatının əməkdaşları hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 28 ədəd 7,62 millimetrlik təlim mərmisi, 6 ədəd 7,62 millimetrlik mərmi, 1 ədəd 5,45 millimetrlik təlim mərmisi və 1 ədəd 30 millimetrlik BMP mərmisi olduğu müəyyən edilib.
Sursatlar zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.