25 Noyabr 2024 14:05
1593
ƏDƏBİYYAT

KİNO VƏ KƏLƏM ŞORABASI - Seyran Səxavətdən yeni HEKAYƏ

Böyük yazıçımız İsi Məlikzadənin əziz və unudulmaz xatirəsinə

Zahid təzə “Jiquli” maşını almışdı, özü də qıpqırmızı. Deyirlər guya dəli qırmızı sevər, ancaq o, vallah dəli deyildi, baxıb görürdün ki, onun böyük ətrafındakı ağıllı adamların içində babatı yenə o özü idi..

Maşın qızara-qızara Buynaqski küçəsi ilə aşağı - Kommunist küçəsinə düşdü, ordan da sola burulub içəri şəhərin ala qapısının qənşərindən yenə sola dönüb Zevin küçəsinə enən kimi, təxminən otuz-otuz beş yaşlarında bir qadın əl qaldırdı; o, əl qaldırmamışdı e, əlini yuxarı qaldırıb silkələyirdi, yəni ki: saxla, saxla, saxla... qadın çox gözəl idi, zalım balası elə bil ilan boğazından çıxmışdı: bel nazik, şivərək, ağappaq, həm də şipşirin. Zahid maşını saxlayan kimi qadın tələm-tələsik mindi, özü də arxa oturacağın sağ tərəfində əyləşən kimi dedi:
-    Sür, sür, tez ol,- arxaya çevrilib kiminsə qarasınca deyindi də, - çuşka. 
-    Hara sürüm?
-    Hara istəyirsən...- yenə arxaya çevrilib naməlum kimsənin qarasınca davam elədi, - çuşka. 
-    Xanım, sizi kim belə əsəbiləşdirib özünüzdən çıxardıb? Heç belə qızı da hirsləndirmək olar? O haranın çuşkasıydı elə? – Ona yarınmaq üçün dedi.
-    Nə bilim, vallah, haranın avarası idi, çuşka!
-    Xanım, yerli çuşka idi, yoxsa rayon çuşkası? 
-    Çuşka çuşkadı də, onun nə bakılısı, nə rayonnusu? Düz demirəm bəlkə, - arxadan Zahidə tərəf əyilib üzünə də baxdı.
-    Düz sözə nə deyəsən, axı o çuşka sizə nə deyirdi ki?
-    Heç nə... qabağımı kəsib deyirdi ki, sən nə qəşəng şeysən, ay xanım.
-    Bax onu düz deyib, - Zahid öz aləmində onun sözünü balnan kəsdi, deyəsən xanımın da xoşuna gəldi.
-    Sonra dedi ki, siz çox cazibədarsınız...sizin yolunuzda on beş sutka nə yatardım.
-    Yatmaq?
-    Hə də yatmaq, türmədə..
-    Türmədə niyə yatır ki, - Zahid maraqlandı.
-    Nə bilim, çuşkadı də.. sonra da deyir ki, ceyran, səninlə tanış olmaq olar? Beynim çönmədi... üzünə dedim ki, ay çuşka, tanış olursan, ol, olmursan açıl də başımdan.
-    Açıldı?
-    Nə açıldı?
-    Başından də, başından açıldı?
-    Qoy cəhənnəm olsun... bəri bax, harda işləyirsən? Adın nədi?
-    Kinostuduyada... adım da Zahiddi.
-    Artiskaların, zadın içində... hə... görüb-götürmüş oğlana oxşuyursan.
Axırıncı kəlmələrdən Zahidin bədəni gizildədi. Elə bil kənddən dünən yox, srağagün gəlmişdi. Zahid sağ əli ilə maşının alnındakı güzgünü tənzimləyib arxada əyləşib işvələnən xanıma tərəf tuşladı, gözləri ilə qoşalülə kimi ara-sıra “atəşə” tuta-tuta soruşdu:
-    O çuşka demişkən, ay yaraşıqlı, ay cazibədar...
-    Sən Allah o çuşkadan sutat gətirmə, - elə işvələndi ki, Zahidin fikri it unu kimi dağıldı və az qaldı qabaqda gedən maşının dalına girsin, ancaq yaxşı qurtardı, siftə eləmədi, maşını aldığı iki aydı  burnu da qanamamışdı, sağ-salamat sürürdü. 
Zahid başını tərpədib razılaşandan sonra dedi:
-    Sən əsil kinoluqsan, off, səni nə çəkərdim, nə çəkərdim... - öz dedikləri özünə ləzzət elədi, bədəni bayaqki kimi gizildədi.
-    Çək də, çək... istiyirəm... - qadının bu sözləri də Zahidin dediyinin davamı kimi ona qəribə bir ləzzət verdi.
Qadın deyəsən hiss eləmişdi ki, Zahidin zəif yeri onun ovcundadı:
- Zahid, çək də məni nolar, elə istiyirəm ki, məni sən çəkəsən, off.
- Səni, - Zahid özündən asılı olmayaraq bu yerdə birbaşa “sənə” keçdi, - nə təhər kinoya çəkim ki, adıı da bilmirəm. 
- Adımı desəm çəkərsən? 
- Niyə çəkmirəm, şil dəyiləm, çolaq dəyiləm, kişi dəyilik? – And olsun Allaha Zahidi əsməcə tutmuşdu. 
- Adım Zulyadı, Zulya, Zulinka...- Elə işvələndi ki, Zahid gözlərini güzgüdən çəkib ondan qabaqda tırıldaya-tırıldaya gedən üçtəkərli milis motoskletinə zillədi.  Motoskletin arxasından fasilələrlə çıxan yumru-yumru tüstü nədənsə Zahidə gülməli göründü, onun dodaqları qaçdı.
- Zulya. 
- Ay can, - Zulya maşına mindiyi iyirmi-iyirmi beş dəqiqə müddətində əvvəlcə “siz”dən “sən”ə keçdi, indi də “sən”dən “ay can”a -  mənə elə gəlir ki, yaxınlaşma sürəti çox böyükdü, siz necə fikirləşirsiniz? Bəlkə bunu vaxt tələb eliyir, vaxt az olanda o, həddindən artıq çox şeyi tələb eliyir. Əslində isə sizin və mənim bu barədə necə fikirləşməyimiz heç nəyi dəyişmir, - əsas Zülya ilə Zahidin yanaşmalarıdır – bəlkə düz demirəm? Başqa fikriniz varsa, buyura biərsiniz.
Zahid artıq üçüncü dəfə idi ki, Hökumət evinin yanından Azneft meydanına tərəf dövrə vurub qayıdırdı – hər dəfə də elə bilirdi ki, birinci dəfədir - tamam uyumuşdu; başının tükü sanı Zulya görmüşdü, ancaq belə bir Zulyanı birinci dəfə görürdü. Zahid üç işi birdən görürdü; həm maşın sürürdü, həm Zulyanın gül camalına tuşladığı güzgünü gözdən qoymurdu, həm də fikirləşirdi ki, Zulya göründüyü kimi - söhbət zahiri görünüşdən getmir – deyil, o, sadəcə olaraq özünü belə aparır. Bax, bu saniyələrdə Zahid fikirləşirdi ki, Zuılyanı buna məcbur edən nədir – o niyə vulqar görünmək istəyir və bu, ona nə vəd edir.
-    Zulya.
-    Ay can.
-    Zulya, sən bir yerdə oxuyub eləmisən?
-    Nədi, oxşamıram... – işıq Zulyanın üzündəki kimsəsiz təbəssümə qarışıb Zahidin güzgüyə zillənmiş gözünü, gecə vaxtı qarşıdan gələn maşının uzaqvuran işığı kimi necə qamaşdırdısa o, bir an heç nə görmədi.
-    Niyə ki, ay Zulya, elə demə, oxuyanlar sənnən artıqdı ki?
-    Düz deyirsən, əzizim, oxuyanlar mənnən artıq deyillər, heç əskik də deyillər. Mən unversiteti qurtarmışam, özü də elə-belə yox e, krasnı diplom.
-    Doğrudan? – Zahid təəccübünü gizlətməyə cəhd eləsə də, bacarmadı, Zulka da bunu hiss elədi və onun hiss elədiyini duydu, bir az pis oldu. 
-    Zulka canı...
Zahid fikirləşdi ki, bax əsil Zulka budu, o biri Zulka onun başını bişirib yoldan çıxardıb, ya da yoldan çıxartmaq istəyir.
-    Zulka.
-    Ay can..
-    Hansı fakültəni bitirmisən?
-    Neynirsən e, səninçün nə fərqi var axı?
-    Fərqi olmasa soruşmaram da....- Zahid iki ayağını bir başmağa dirəyib əl çəkmirdi.
-    Əgər fərqi varsa, deyərəm, - susdu.
-      Hə, hansı fakültəni qurtarmısan? – Zahid bu sözdən sonra lap çətənəqursaq oldu, bunu Zulka da hiss elədi.
Zulka dedi: 
-    Deyirsən hansı fakültəni qurtarmısan? Eşit, mən Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin afiristlik fakültəsini qırmızı diplomnan qurtarmışam, inandın?
-    Yox, - Zahid ciddiləşdi.
-    Niyə inanmırsan? 
-    Axı belə fakültə yoxdu, ay Zulka.
-    Var.
-    Yoxdu.
-    Dedim ki, var, - Zahid bir az əvvəl iki ayağını hara dirəmişdisə, Zulka da türkün məsəli ayaqlarını ora dürtmüşdü.
-    Yaxşı, Zulka, o fakültənin dekanı vardı?
-    Dekan vardı, ancaq o biri dekanlar kimi işə gəlib-getmirdi.
-    Çox maraqlıdı, o fakültənin neçə nəfər tələbəsi olardı? – Zahid soruşdu.
-    Universitetin tələbələrinin hamısı iki yerdə oxuyurdular, həm öz fakültələrində, həm də bizim fakültədə.
-    Çox qəliz danışırsan e, Zülka, heç nə başa düşmürəm.     
-    Əzizim, darıxma, gedək mənzil başına çataq, mən səni necə lazımdır başa salacam. Bu məsələni hələlik qatdadıq qoyduq maşının baqajına, oldu?
-    Oldu, - Zahid olmadı desəydi də, heç nə dəyişəsi deyildi, odur ki, yerini şirin elədi.
Zulka fikirləşirdi ki, darıxma, Zahid, səni elə başa salacam ki, heç ruhun da inciməyəcək. Qoy bir görək, hara gedib çıxırıq, nolub axı, hələ indi can deyib can eşidirik... tələsmə, yaxşımı? Hələ ürəyində Zahiddən bir “baş üstə” cavabı da aldı, baxmayaraq ki, Zulkanın nələr fikirləşdiyindən Zahidin xəbəri yox idi – ola da bilməzdi - onda Zulka Zulka olmazdı ki...
-    Zahid, yerin var? – Zulkanın qəfil sualından Zahid nə təhər sirkələndisə - elə bil maşın “lyüka” düşdü.
Zahid özünü qanmazlığa qoydu:
-    Nə yer?
-    Yer də yer... bəs məni kinoya çəkmiyəssən? – Yenə işvələndi.
-    Çəkəcəm.
-    Bəs onu deyirəm də mən də. Harda çəkəssən? Elə maşında?
-    Yox, maşında olmaz, ayıbdı.
-    Bəs harda? - işvənin, təbəssümün hopduğu, doymuş məhlula oxşayan bu iki kəlmənin biri Zahidi yıxdı, o birisi də sürüdü. 
İşvənin, təbəssümün hopduğu, doymuş məhlula oxşayan bu iki kəlmə Zahidi hələ sürüyüb qurtarmamış Zulkanın dili gül açdı:
-    Başa düşdüm, səni elə bir yerə aparacam ki, ağlın başından çıxsın... romantika... işıqları söndürürük... şamlar yanır... sərbəstlik...
-    Ora haradır? – Maraq Zahidin kürəyini yerə vurmuşdu. 
-    Bayaq mən maşına minəndə sənə nə dedim?
-    Dedin ki, sür!
-    Bəs mən nə dedim? – İşvə Zulkanın üz-gözündən elə tökülürdü ki, az qala şırıltısı eşidilirdi, - mən də dedim ki, hara istəyirsən ora sür, - Zahidin əvəzinə özü cavab verdi, - sən də sürmədin, indi mən sürəcəm, səni hara istəsəm, ora aparacam, qaçırdacam... qabaqlar oğlan qızı qaçırdardı, indi tərsinə olub, indi oğlanlar qoşulub qaçırlar.
Zulka bu qısa nitqiylə Zahidi dünyanın ən işvəkar ağacının başına qondurmuşdu; deyəsən ordan hər yer görünürdü, hətta Zülkanın onu hara aparacağı yer də. 
-    Zulka, məni hara qaçırırsan?
-    Evimə, - işvənin şırıltısı əməlli-başlı eşidilirdi, bu səs lap yaxından gəlirdi,- ancaq sizinkilər milisə şikayət eləsə, deyərsən özüm gəlmişəm, yoxsa məni tutub basarlar dama...
Əhəng daşı, əhəng quyusunda necə pıqqapıq qaynayırsa, Zahid də elə qaynadı, Zulka da qoşuldu ona – təxminən iki kilometr qaynadılar.
Zahid barmağının ucuyla gözünün bulağını sildikdən sonra uzun məsafə qaçıb tənginəfəs olmuş adam kimi ləhləyə-ləhləyə dedi:
-    Ay Zulka, sən lap aləmsən ki, deyərsən ki, özüm gəlmişəm e... ay səni, son vaxtlar bir belə güldüyüm yadıma düşmür. 
-    Son vaxtlar Zulka kimisinə rast gəldiyin də yadına düşməz... ona görə də gülməmisən... indi bundan sonra gülərsən... hələ o qədər güləcəksən ki...eee...
-    Zahid...
-    Ay can...
-    Zahid, içib maşın sürürsən?
-    Hə.. nədi ki?
-    Bəs qorxmursan?
-    Kimnən?
-    QAİ-dən.
-    Yox, QAİ bizə hörmət eliyir. SSRİ yazıçılar ittifaqının üzvüyəm. Qnişkanın üstündə də Leninin başı, QAİ-yə göstərən kimi çect verirlər, heç pravam da yoxdu, - Zahid bir an geri dönüb onun üzünə də baxdı, -  nədi ki, içmək istiyirsən?
-    İstiyirəm sən də içəsən, sən yaşda kişilər içəndə qızıxıllar, xoşuma gəlir.
-    Alax də, işki alax, sən nə içirsən?
-    Kubinkada “Napalyon” kanyakı satıllar, onnan ala bilərik?
-    Sən desən, alaram.
-    Al... – şırıltı səsi gəldi, - işvəşırıltı...
-    Baş üstə, - Zahid elə bil qara qul idi və qara qul maşının ağzını Kubinkaya tərəf çevirdi.
Yaxşı ki, Zahid bu gün kinostudiyanın “Mozalan”ına yazdığı ssenarinin pulunu almışdı, yoxsa, necə deyərlər, qızın yanında biyabır olacaqdı – Allah saxlayanda saxlayır də.
Zahid yeyib-içən sənətkar hesab edilsə də, “Napoleon” konyakını birinci dəfə görürdü. Zulka isə o konyakdan dəfələrlə içdiyini deyirdi; deməli, Zulka bu barədə tanınmış Zahid Qaraquzeylidən xeyli qabağa getmişdi. Sizə zarafat gəlməsin, bu mənada Paris-Kubinka ticarət əlaqələri öz inkişafının ən yüksək mərhələsində idi. Kubinkaya lap gecənin qırt yarısı gəlsən, ölkənin heç harasında tapa bilmədiyin şeyləri burdan ala bilərsən. Yəni Kubinka paytaxtımızın ticarət paytaxtı idi, azad ticarət zonasına çevrilmişdi. Əslində bu, özlərinin dediyinə görə sosializm əxlaqına zidd idi və hamı – müvafiq idarələr, prokuratura, milis, dövlət təhlükəsizlik komitəsi, rayon partiya komitəsi buna göz yumurdu; çünki lazım olanda elə onlar da Kubinkadan bəhrələnirdilər, elə hər üzünə - belə olanda isə Kubinka SSRİ boyda yarımdünya bir dövlətin ticarətinə meydan oxuyurdu.
-    “Siz”dən “sən”ə, “sən”dən “ay can”a keçən Zulka indi də maşının arxa oturacağından qabağa – Zahidin böyrünə keçmişdi, sağ əlində “Napoleon”, sol əlinin ovcunda da Zahidin dizinin aynası. Elə bil Zahidin dizini sanatoriyalarda olduğu kimi elektrik cərəyanına qoşmuşdular – deyəsən onun adı elektrofarezdir. Hətta Zahid iki daşın arasında fizika elmindən bildiyi yeganə tərifi də xatırladı: naqilin en kəsiyindən bir saniyədə keçən elektrik cərəyanının miqdarına cərəyan şiddəti deyilir – bunu niyə xatırladığını bilmədi, bilmədiyinin də fərqinə varmadı; ancaq bilməsə də, fərqinə varmasa da belə idi. 
- Zahid, Şaxnoviçin qastonomunu tanıyırsan? 
- Niyə tanımıram...heç yerdə araq tapılmıyanda orda həmişə olur. Şairlərin Bakıda ən çox sevdiyi qastronom Şaxnoviçdi, fərasətli cuhuddu, nə desən var orda. 
- Ay sağ ol, - Zulka dedi, - sür ora, bazarrıq eliyəcəm, xaladelnik boşdu, - Zahidin üzünə baxıb gözünü yumdu.  
Zahid onun bu hərəkətinə gülümsədi, ancaq Zulka bu təbəssümü görmədi:
-    Mən dura-dura sən niyə bazarrıq eliyirsən ki? – Zulka gözünü indi açıb Zahidə elə göz vurdu ki, elə bil ildırım çaxdı, ancaq göy guruldamadı, heç yağış da yağmadı...
Şaxnoviçin qastronomunda qırx-qırx beş dəqiqə eninə-boyuna fırlanıb iki səbəti ağzına qədər doldurmuşdular – tıxılı-təpili... Zulka lap hıqqına-hıqqına gedirdi. Zahid bunu görən kimi güc-bəla ilə ağır səbəti onun əlindən aldı. Zulka səbət tərəfə elə əyilmişdi ki, çox gülməli-ağlamalı görünürdü, arxadan baxanda özünə də oxşamırdı. Səbəti onun əlindən alandan sonra, indi də Zahid özünə oxşamırdı – ancaq Zulka əvvəki idi, xanım-xatın, cazibadər, şipşirin.
Maşının arxasına çatıb səbətləri yerə qoydular. Zahid maşının yük yerini açan kimi Zulka bir anın içində ağır səbətlərin ikisini də götürüb yük yerinə qoyanda Zahid təəccübləndi:
-    Ay maşallah, bayaq bir tərəfin əyilmişdi ki... qızda gücə bax e sən.
-    Bəs nə bilmişdin idmançını, - sağ əlinin dörd barmağını sinəsinə vura-vura öyündü, - qaçış üzrə marafonçuyam, medallarım da var, evdə göstərərəm...
Zulka Zahidin maşını rəngdə yalan deyirdi; bəs Zahid evdə soruşsaydı ki, medallarını göstər, onda Zulka nə deyəcəkdi.
Hövsələniz olsun də... Hələ bir qoyun Zahid gedib Zulkanın evinə ççııxxssıın...
Gedib evə çıxandan sonra özləri bilər, siz niyə narahat olub hər yerə burnunuzu soxursunuz axı?
-    Bax, burda saxla, hə, hə, burda, - Zulka çox istiqanlı, səmimi və arxayın görünürdü. 
Zahid Puşkin küçəsindəki tağbənd girişi olan evin yanındakı kitab mağazasının qabağında maşını saxladı - Puşkin dünya ədəbiyyatının mərkəzində olduğu kimi, Puşkin küçəsi də Bakının mərkəzində idi.
Maşından düşdülər. Zulka üçüncü mərtəbədə qoşa eyvanın arasındakı pəncərəni çox ehtiyatla, ətrafına baxa-baxa, əli ilə yox, başının işarəsi ilə Zahidə göstərib dedi:
-    Bax, o üçüncü mərtəbədə qoşa eyvanın arasındakı pəncərəni görürsən?
-    Hə, gördüm.
-    Bax, ora mənim evimdi, işıq yanan kimi qalxarsan yuxarı – şeyləri özüm götürəcəm. – Zulka gülə-gülə dedi.
-    Axı sənə ağır olar.
-    Sənə də olmaz...
-    Niyə? – Zahid etiraz elədi.
-    Ona görə ki, qonşular şübhələnməsin də.
Zahid o dəqiqə razılaşdı. 
Maşının yük yerini açanda Zulka irəli keçdi, üç litrlik şüşə balondakı kələm şorabasını götürüb maşının qabaq oturacağının üstünə qoydu:
-    Bunu yuxarı sən gətirərsən, yüküm də yüngülləşəcək. Həm də qonşulardan görüb-eliyən olsa şübhələnməz. 
-    Düz deyirsən, - Zulkanın belə ehtiyatlı olmağı Zahidin də xoşuna gəldi. 
-    Gözlüyəcəm, - Zulka elə şirin təbəssümləşdi ki, bayaqdan bəri gülümsədikləri sonuncunun yanında heç nə idi, - orda, - başı ilə yuxarı işarə elədi, - kino çəkmək üçün hər cür şərait var...- bic-bic baxışları ilə Zahidin üzünü yudu, - heç Qollivudda da elə şərait yoxdur.
-    Sən Qollivud da bilirsən? 
-    Mən hər şeyi bilirəm, bircə şeydən başqa.
-    Nəyi bilmirsən? – Zahid maraqlandı.
-    Hövsələn olsun də, çətənəqursaq olma, evə gəl çıx... onu sənə yuxarıda deyəcəm... – Zulka əridi, sonra da səbətləri götürdü, tağbənddən həyətə girib sağa buruldu.
Zahid keçib sükan arxasında əyləşdi, ovcunu yanındakı oturacaqda söykənəcəyə dirənib qalmış üç litrlik şüşə balondakı kələm şorabasının sarı, dəmir qapağına şappıldatdı. Qaranlıq düşsə də, küçədə aydınlıq süd kimi idi. 
Zahid fikirləşdi ki, Allahın altında qonşulardan biri yuxarı çıxanda Zulkanı görüb kömək edəydi, onu tez yuxarı çıxardaydı, yoxsa özü o boyda yük ilə nə vaxt gedib ora çıxacaq. Saatına baxdı, “on beş dəqiqəyə gedib çıxsa, böyük şeydir”.
Təxminən on dəqiqə keçəndən sonra yenə saatına baxdı, dediyi vaxtdan səkkiz dəqiqə keçmişdi. Zahidin hesablamalarına görə yeddi dəqiqədən sonra Zulkanın pəncərəsinin işığı yanacaq, o da, üç litrlik şüşə balondakı kələm şorabasını götürüb uzağı beş dəqiqəyə özünü Zulkanın Qollivudxanasına ölü salacaqdı.
Gözünü ekrana oxşayan pəncərədən çəkib küçəyə tuşladı; gələnlərin üzünə, gedənlərin arxasınca baxa-baxa qalmışdı. Bura adamların gur yeri idi, bu minvalla otuz-qırx adamı yola salmışdı, təxminən bir o qədər də qarşılamışdı. Yenə saata baxdı – on yeddi dəqiqə keçmişdi: “Bəs deyirdi qaçış üzrə marafonçuyam, nə bilim ordenlərim, mükafatlarım var?” “Noldu”nu fikrinə gətirən kimi ekrana oxşayan pəncərə işıqlandı; qanadlandı uçmağa, o pəncərənin qapısını açmağa – Allahdan qanad istədi... Qanad nə gəzirdi, Allah qanadların hamısını təyinatı üzrə quşlara paylayıb qurtarmışdı, adamlara bir cüt də qalmamışdı, ümid ancaq ayaqlara idi, ayaqlarınla get də, ay adam. Bəs sən bilmirsən ki, Allah Adama, bir də dəvəyə qanad verməyib – bilirsən axı...
Zahid tələsik maşından düşdü, üç litrlik şüşə balondakı kələm şorabasını da qoltuğuna vurub tağbəndi keçəndən sonra sağa buruldu və pillələrlə yuxarı qalxıb Zulka dediyi kimi sağdakı qapının qarşısında dayandı, təngnəfəs olsa da sevinirdi ki, qonşulardan onu görən olmadı. Qapının dəstəyini aşağı basıb itələsə də, qapı açılmadı: “Axı, demişdi ki, qapını açıq qoyacam, yəqin yadından çıxıb, heç adam da adamı iyirmi dəqiqənin içində unuda bilər, həə?”
Üç litrlik şüşə balondakı kələm şorabasını sağ əlindən sol qoltuğuna keçirib yeri düşəndə adamları hədələdiyi barmağı ilə qapının zəngini basmaq istədi, bəlkə sol qapıdı?... Axı demişdi ki, qapı açıq olacaq... qulaqlarına Zulyanın səsi gəldi: sağ qapı... Ona elə gəldi ki, sağ qapının zəng düyməsini basan kimi Zulka tələsik yaxınlaşa-yaxınlaşa deyəcək ki, gəldim, gəldim. Zahid düyməni basan kimi qapının arxasında bübül cəh-cəh vurdu; qapının zəngi belə idi və zənglə paralel gəldim, gəldim, gəldim əvəzinə bu səsi eşitdi:
-    Ham...ham...ham...
“Bunun iti də varmış ki...” Zulyanın itinin olması heç ürəyincə olmadı: “ İkimiz olsaq, yaxşı olardı, bu hardan çıxdı belə: “ tretiy lişniy” – rusca fikirləşməyə də imkan tapdı. 
Qapının arxasndan addım səsləri yaxınlaşırdı. Bülbül mahnısını bir ağız deyib susmuşdu, bas-bariton səsi olan it də susurdu – bəlkə də gözlərini qapıya zilləmişdi ki, görsün gələn kimdir. 
Qapı təxminən on-on beş saniyə şaqqıldayandan sonra açıldı, deyəsən seyf qapı idi. Əlli beş-altmış yaşlarında atlas xalat geymiş gülərüz bir qadın qapıda görünən kim Zahiddən soruşdu:
-    Kimi axtarırsınız? – Yəni bu o demək idi ki, səni tanımıram... ya da ki, qapını səhv salmısan.
Zahid bir an çaşdı və bu çaşqınlığı gülərüz qadın da hiss elədi. Bu vəziyyətdə Zahid nə isə deməli idi, elə dedi də:
-    Bağışlayın, sən Allah, deyəsən səhv gəlmişəm.
-    Elədir, - qadın dilləndi, - səhv gəlmisən, həm də səhv gəlməmisən...
Zahid bir anlıq özünü itirən kimi oldu:
-    Düzü, sizin dediyinizi başa düşmədim, - Zahid təmkinlə dedi.
-     Mən indi başa salaram... Bax, o qoltuğundakı kələm şorabasıdı, heyləmi?
-    Bəli, kələm şorabasıdı, - Zahid yavaş-yavaş özünü itirirdi.
-    Sən də Zulyanı axtarırsan, eləmi? – qadın inamla dedi.
-    Bəli, Zulyanı axtarıram...
-    Ay oğul, ümumiyyətlə bu binada elə adam yaşamır...
Zahid tələsik qadının sözünü kəsib soruşdu:
-    Bəs burda elə adam yaşamırsa, hardan bildiniz ki, onun adı Zulyadı?
Qadının yanında çömbələn bas-bariton səsli it də elə bil ki, bu söhbətə diqqət kəsilmişdi.
Qadın yarım addım da qabağa gəldi:
-  Ay oğul, sənin o qoltuğundakı kələm şorabasından başa düşdüm ki, Zulyanın toruna düşmüsən, onu axtarırsan... Sən altı ayda dördüncü adamsan bizim qapını döyən... O Zulyadı-nədi, kimdisə, afiristin biridi, çox güman ki, həm də gözəgəlimlidi. Bilmirəm gələndə fikir verdin ya yox, bir arka həyətə girir, biri də həyətdən çıxır o biri küçəyə... Sənə bizim pəncərəni göstərib ki, qabaqcan mən gedim, qonşulardan ayıbdı, bir az keçsin, sən də gələrsən...
- Düz deyirsiniz... düzdü... mənə dedi ki, işığı yandıranda qalxarsan yuxarı.
- Get, ay oğul, get, - qadın Zahidin üzünə diqqətlə baxdı, - ay oğul, mən səni hardasa görmüşəm deyəsən.
Zahid:
-    Yox, ola bilməz, - deyib qoltuğunda da kələm şorabası tələsik aşağı düşdü. Bir mərtəbə enmişdi ki, yuxarıdan həmin qadının səsi gəldi:
-    Siz yazıçısınız, tanıdım... televizorda görmüşəm.
“Bu nə iş idi mənim başıma gəldi? Biyabır oldum. Afiristka.”
Zahid həyətə düşəndə gördü ki, buranın bir tağbənd darvazası da paralel küçəyə çıxır – öz gözləri ilə gördü, aldandığına yalnız indi inandı...
Qoltuğunda bir balon kələm şorabası daxil olduğu tağbənddən çıxıb maşının yanına gəldi, qapını açıb kələm şorabasını oturacağa qoyub sükan arxasına keçməmişdən əvvəl Zulyanın bayaq göstərdiyi ekrana oxşayan pəncərəyə baxdı, pəncərədən işıq sel kimi axırdı, ancaq noolsun...
...Bir-iki saat bundan qabağın söhbəti idi, Zahid sözbəsöz, sətirbəsətir xatırladı:
“ Zulka dedi: 
-    Deyirsən hansı fakültəni qurtarmışam? Eşit, mən Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin afiristlik fakültəsini qırmızı diplomla qurtarmışam, inandın?
-    Yox, - Zahid dirəşdi.
-    Niyə inanmırsan? Vaxt gələr inanarsan...”
Bəli, o vaxt gəldi, Zahid inandı, inandı ki, elə bir fakültə var, Zulya da oranı qırmızı diplomla qurtarıb. Zahid Zulyanı qətiyyən qınamadı – özünü qınadı: “Kişinin qızı açıq-aydın, mərdi-mərdanə deyirdi də, deyirdi ki, mən afiristkayam. Bəlkə də Allah qarşısında bəri başdan sonra edəcəyi günahını yuyurdu, təxminən belə:
-    Böyük Allahım, özün şahidsən ki, mən nə lazımsa Zahidə dedim, ancaq o inanmadı, inanmadı ki, mən afiristəm. O inanmayandan sonra mən neyliyə bilərdim, Allahım...”
O boyda bazarlıq elədiyi Zahidin qulağına girmirdi, onu yandıran “ Napoleon” konyakı idi; ada bax e, Napoleon Bonapart. Fikirləşdi ki, konyakın adı belə olsa, daha mükəmməl və cəlbedici ola bilər. “Gərək sabahda-zadda gedim Kubinkaya, o “Napoleon”un birini alım dadına baxım, görüm nətəri şeydi, ancaq zəhrimar yaman bahadı...” Zahid Kubinkadan Zulya üçün konyak alanda qiyməti gözünə görünmürdü, özünə gələndə isə qıymazlıq eləyirdi: “Zəhrimar yaman bahadı.”
Zahid yaşadığı evin yanında kələm şorabasını da götürüb maşından düşdü, elə yorulmuşdu ki, maşını qaraja salmağa da ərindi, “qoy qalsın çöldə hava vursun”.
Zahid iyirmi ildən bir az artıq idi ki, ailə sahibi olmuşdu, ömründə bircə dəfə də bazarlıq eləməmişdi, bu işlərə arvad baxırdı – bu illər ərzində bazarlıq nədi e, heç əlinə bir çöp də alıb gətirməmişdi. İndi o, qoltuğunda bir balon kələm şorabası yaşadığı beşmərtəbəli binanın dördüncü qatındakı mənzilə aparan pillələrlə ağır-ağır qalxırdı. Onun görkəminə və surətinə baxan olsaydı, qətiyyətlə deyərdi ki, bu adam dünyanın o başından yol gəlir – özü də payi-piyadə. 
Qapını kiçik qızı açdı:
-    Atam gəldi, atam gəldi...
Zahidin həyat yoldaşı onun qoltuğundakı balonu görəndə, bəlkə də ömründə ilk dəfə xoşbəxt oldu. Ürəyində fikirləşdi ki, ay Allah bu gün hardan doğub, ölmədim bu günü də gördüm... Ancaq ərinə ürəyindən keçənləri yox, tamam başqa şeyləri dedi:
-    Ay Zahid, bu nədi belə... nə əziyyət çəkirdin... hardan aldın? – Bəlkə də qadın ərini gələcək alış-verişlərə ruhlandırmaq üçün belə deyirdi.
-    Şəhərdə keçirdim... gördüm növbədi... camaat az qalır bir-birinin başını yarsın... mən də aldım...
-    Yaxşı eləmisən, - balonu Zahidin qoltuğundan aldı, şüşə qabın üstünə yapışdırılmış kələm “portret”inə baxa-baxa, - elə mən də bundan axtarırdım, buralarda tapılmır ha, sağ ol..., - dedi.
-    Lazım olanda yenə alaram, yerini bilirəm... 
... Zulya üç yerini əncir yarpağı ilə örtüb Zahidin qarşısında dayanmışdı, - məni kinoya çək deyirdi, yalvarıb, yaxarırdı.
Zahid Qaraqüzeyli fikirləşirdi ki, bu gün bəxtim gətirib, başıma gələnlər elə hazır ssenaridir, yazacam, baş rola da Zulyanı çəkəcəm... əgər onu tapa bilsəm...

Şabran, noyabr, 2024