adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Mart 2023 10:54
508
ƏDƏBİYYAT

“Kitaba qoyduğum “Qisas 44” adı müharibədə Vüsalın məxfi parolu olub...”- Şəhid mayorun qardaşı 

“Şəhid qardaşım, mayor Vüsal Vəliyev haqqında yazdığım “Qisas 44” adlı kitab 400 tirajla çap olundu. Kitabın təqdimatı da keçirildi və bütün sahələrdən olan yoldaşlar tədbirdə iştirak etdilər. Kitabda Vüsalın haqqında olan şəxsi, xidmət dövründəki məlumatları, ailəmizin xatirələri, haqqında yazılan məqalələr, şeirlər və mahnılar yer alıb”

Bunu Adalet.az-a açıqlamasında Vətən müharibəsi şəhidi, mayor Vüsal Vəliyevin qardaşı, AMEA Folklor İnstitutunun əməkdaşı Elyar İslamoğlu deyib. E.İslamoğlu şəhid qardaşıyla bağlı növbəti kitabın da çapa hazırlandığını bildirib:

“Kitab muzeylərə, kitabxanalara, şəhid ailələrinə təqdim olundu. Əslində Vüsal haqqında kitab yazmaq istəyi məndə çoxdan var idi. Onun haqqında xatirələri, döyüş yoldaşlarının dediklərini toplamışdım. Amma kitabın adını nə qoyacağımı bilmirdim. AzTV-də radioda qonaq olanda söhbət zamanı dedim ki, Vüsalın müharibədəki məxfi parolu “Qisas 44” olub. Orda elə qərara gəldik ki, elə kitaba bu adı qoyum. Vüsal şəhid olandan sonra haqqında mətbuatda kifayət qədər yazılar gedirdi, ona yazılan şeir və mahnıları da mənə yollayırdılar və toplayırdım. Bu materialları toplamaq ümumilikdə bir il yarım çəkdi. 

Düşünürəm ki, bu kitabın Vüsalın tanınmasında çox böyük rolu olacaq. Xüsusən də gənclərimiz bu kitaba böyük maraq göstərirlər. Artıq Vüsal haqqında növbəti belə bir kitab hazırlanacaq və o da oxuculara, şəhidsevərlərə təqdim olunacaq”-deyə şəhid qardaşı bildirib. 

 Qeyd edək ki, şəhid Vüsal Vəliyev Heydər Əliyev adına Hərbi Liseyi bitirəndən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbini də uğurla başa vurub. Beyləqan, Ağdam, Tərtər, Qazax, Tovuz, Göygöl rayonlarında Murovdağ silsiləsində xidmət keçib, mayor rütbəsinədək yüksəlib. Sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən başlanan əks-hücum əməliyyatında Murovdağda, Murov yüksəkliyinin azad edilməsi əməliyyatında iştirak edib. Noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. 14 dekabrda Şərur şəhərinin Şəhidlər xiyabanında dəfn olunub. O, hərbi xidmət dövründə "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Əfqanıstanda sülhməramlı missiyaya görə" medalı , Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən isə "Vətən uğrunda", “İgidliyə görə” medalı və “Azərbaycan Bayrağı” ordeniylə təltif edilib. 

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Vasif Əlihüseyn