Kitabxananı göstər, deyim necə xalqsan - Pərvanə Bayramqızı yazır

(Kitabxanaçı sözü)
Onlar bir-birindən fərqlənir;
- kitabxana haqqında heç bir anlayışı olmayanlar,
- anlayışı olub orda olmayanlar,
- məktəb ləvazimatı satılan dükanla kitabxananı ayırmağı bacarmayanlar.
Bu cür adamlarla ideal cəmiyyət qurmaq məqsədimizə yaxın illərdə nail olacağımız barəsində "risk" edib pozitiv düşünmək olmur. Kitabxananın yaxınlığında yaşayanlardan həmin kitabxananın yerini soruşdum, dörd-beş saat ərzində qarşıma çıxanların heç biri tanımadı. Tək bir nəfər: "odur ey, görünür, məktəb uşaqları test topluları alıb çıxırlar" deyib dükanı göstərdi.
Kitabxanalar bir olmur, atam balası.
Universalı var, xüsusisi var...
amma hər kitabxananın oxu zalında əyləşib kitab oxuyası,
nizam-intizamlı oxucuya ehtiyacı var.
Bir dənə də təzad yazım:
Oxucu kitabxanaçı – kitabxanaçı oxucu.
Kitab oxuyan kitabxanaçı görəndə təəccüblənməyin. Belələrinə də rast gəlmək mümkündür.
Bizimkilər hər şeydən, hamıdan “şübhələnirlər”. Hətta kitabxanaçıdan da...
Kütləvi kitabxanada çalışdığım illər idi. Saat altıda işdən çıxanda kitabxananın qarşısını bir qadın kəsib kitab götürmək istədiyini dedi. Həmkarım bildirdi ki, iş saatı bitib evə gedirik. Qadın çarəsiz halda dedi:
– Mən də işdən bu vaxtlar çıxıram, ona görə tez gələ bilmirəm, uşağa kitab lazımdır.
Əslində, İnformasiya-resurs şöbəsinin əməkdaşı idim, amma kitab verilişində iştirak edirdim. Laqeyd qala bilmədim, geri qayıtdım. Yarım saat kitab axtarıb seçib yığdım. Oxucu formulyarına kitabları qeyd elədim, xanım sevinə-sevinə getdi.
Həmin gündən sonra bu hal davam etməyə başladı. Kitabları bir-bir iş saatından sonra qaytarırdı. Hər dəfə qalıb gözləyirdim. Bunu insanlıq borcu kimi edirdim, vəzifə borcuna qalsa, iş saatı bitdiyindən “borcum” yox idi. Xanım hər dəfə kitabxanaya zəng vurur məni soruşub sonra gəlirdi. Bir gün yenə kitabları seçib yığdığım vaxt qadın ovcuma pul qoyub dedi:
– Bununla da çay içərsiniz.
Ovcumdakına baxdım çayı gözlərimin qarşısına gətirdim, nə qədər fikirləşdimsə, pulla çayı necə içməli olduğumu anlamadım. Bilmədim dişləyib içməli, yoxsa çaya salıb qarışdırmalı idim. Ona görə qaytarıb özünə verdim:
– Buna gərək yoxdur – dedim – biz maaş alırıq.
– Kitabxanaçıların maaşı olur, – dedi – zəhmət çəkirsiniz. Bizə də arada bu cür pul verən olur. Gərək bir-birimizi başa düşək.
Pulu götürmədim, o gündən bir daha iş saatından sonra heç kəsə kitab vermədim. Acıqlanmışdım. Öhdənə düşməyən işi görəndə elə bilirlər, maddi maraq güdürsən. Həm də bir-iki ələbaxım adam tanıyanda hamının o cür olduğunu zənn edirlər.
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu:
V fəsil 32-ci maddə. Kitabxana işçiləri öz peşə və sosial hüquqlarını təmin etmək məqsədilə qanunvericilikdə müəyyən olunmuş qaydada ictimai birliklər yarada bilərlər.
Maddə məni ruhlandırır, illərdir qəlbimdə bəslədiyim xüsusi kitabxana yaratmaq arzusunu alovlandırır. “Kitabxanalar birliyi” cəmiyyəti, “Həmrəy kitabxanaçılar” və s. adda təşkilat yaradıb kitabxanaların, kitabxanaçıların problemlərini, oxucu qıtlığını işıqlandırar, həlli yollarını mütəxəssislərin köməyi ilə tapmağa çalışaram. Uşaqları körpəlikdən kitaba yönləndirmə üsulları axtararam. Dəstək olsa, xeyli faydalı iş görərəm.
Müstəqil fikirli adamlar, əqidəsi mövqeyi bəlli olan, dürüstlüyü, özünəməxsusluğu ilə fərqlənənlər müəssisələrdəki ədalətsizliyə dözə, gördüklərinə göz yuma bilmirlər. Cəmiyyəti qısa müddətdə dəyişmək, idarələrdəki haqsızlığı yoluna qoymaq mümkün olmadığından çıxış yolunu sərbəst fəaliyyətdə görürlər.
Bəs onlara kim, necə şərait yaratsın?
Məsələn, mən xüsusi kitabxana yaratmaq istəyirəm. Kitabxana işinin bütün qaydalarını tətbiq etməklə yanaşı orda təmiz, ədalətli mühit yaratmaq arzusundayam. İşləməyimə mane olan olmasın. Bununçün kömək, maddi dəstək lazımdır. Kömək edən əvəzində heç nə ummamalı, yaltaqlıq, xəbərçilik və digər pis cəhətlərə təhrik etməməlidir. Maliyyə işlərini öhdəsinə götürsə yaxşı olar, pulu sevmədiyimdən haqq-hesab işləri mənə yorucu görünür.
Yaradacağım kitabxanaya məzmunu ilə tanış olmadığım kitab götürməyəcəm. Şəxsi tanışlığa görə heç kəsin kitabını qabağa çıxarmayacam.
Kitabxana sahəsinə ögey münasibət var. Ədəbiyyat adamlarının arasında da belələri az deyil. Ötən il belə bir paylaşım etmişdim:
Kitabxana, kitabxanaçılıq və mütaliə mövzusunda tərəfimdən şeir müsabiqəsi elan olunur. Qatılmaq istəyənlər üçün yaş, vaxt məhdudiyyəti qoyulmur.
Əvvəllər çap olunmuş olsa da qəbul edilir.
Bu sahə könül istəyən sahədir.
Şeirləri profilimə göndərə bilərsiniz. Toplayıb oxuyacam, müəlliflərə təşəkkür edəcəm. Yalnız mənəvi gözəlliklərə üstünlük verənlər qoşulsunlar. Qonorar vəd verilmir.
Peşələrin əksəriyyətinə şeir yazılıb. Müəllim, həkim, təyyarəçi, dənizçi, dərzilik və s. sənətinə aid xeyli ədəbi nümunələr tapmaq olar. Polisə, şairliyin özünə də həmçinin. Sağıcıya belə sovet dönəmində şeir yazılıb. Hansı uşaqdan soruşsan ki, böyüyəndə kim olmaq istəyirsən, ən populyar peşələrin adlarını çəkirlər. Kitab olan yerdən – kitabxanadan qaçırlar. İndiyəcən təkcə Əşrəf Veysəllinin bu mövzuda şeirinə rast gəlmişəm. (Bəlkə də var mən oxumamışam) Kitabxanaçı qıza yazılan şeirdə peşənin dəyərinə toxunulmasa da gözəl şeirdir.
Üç qadın, bir kişi şair əməl elədi. Onlar da şeiri şəxsən mənə yazdılar. Görünür, "oxucu yoxdur" deyə deyinməkdən ilham alırlar. Qələm adamlarının sükutundan üzümdə su qalmadığından, ağlım başıma gəlmədiyindən, canım sizə desin, hesabımı götürmədiyimdən indi də televiziya rəhbərlərinə vaxtilə yayımlanan "Kitab köşkü", "Həftəaşırı" verilişlərini xatırlatmaq istəyirəm. Bu cür proqramlar açıb hər dəfə bir müəlliflə oxucuları, tamaşaçıları görüşdürmək olar. Həm ədəbiyyat dirçələr, ədəbi zövq formalaşar, həm də müəlliflər tanınar.
Yoxsa kitablar çap olunub, istifadəsiz qalacaq, kitabsızların da sayı artacaq.
Uşaqları, gəncləri kitaba, kitabxanaya yönləndirmək üçün işlər görmək lazımdır. Valideynlərlə, kitabxanaçılar birgə çalışmalıdırlar. Güldən, bülbüldən yazanlar bir yana, cəmiyyətin problemini dərd edən vicdanlı qələm adamları nə əcəb bu mövzuya laqeyd qalıblar, bilmirəm.
Xalq kitabxanaçısı adı təsis edilsəydi, kitabxanaçılara ev verilsəydi bunları almaq üçün qiyamət qoparanların yarışını izləyərdik. Hələlik səsini çıxaran yoxdur.
Yazıçı, şair, dənizçi, polis, həkim və digər peşələrin xüsusi günü var? – Var.
Yazıçılar Birliyi var? – Var.
Mətbuat Günü var? – Var.
Jurnalistlərə ev verirlər? – Verirlər.
Bə bu ölkənin Kitabxanaçı günü hanı?
Bə kitabxanaçılara niyə ev vermirlər?
Nazirliklərə gəlib qırğın-qiyamət salan vətəndaşlar var ha, bax kitabxanaya da o cür oxucular gəlir. Götürdüyü kitabı itirir, istəyəndə deyir, guya oxuyan var? Müəssisəyə ziyan vurduğuna əhəmiyyət vermir, üstəlik şikayət edib kitabxananı bağladacağı ilə hədələyir. Vallah kütləvi kitabxanalarda çalışanlar da xalqı yola verməklə məşğuldurlar.
Bağışlayın, həddimi aşdım, bizdə kitabxanaçıya kitabxana vermirlər, mənsə ev verilməsini xəyal edirəm.
Ədalət naminə deyim, jurnalistlər kitabxanaların problemindən yazsalar, elə kitabxanaçılar özləri etiraz edərlər: – qoyun başımızı girələyək. – deyərlər.
Bir-birimizi "başa düşüb" "gül kimi" dolanırıq.
Digər Xəbərlər

“Heydər Əliyev Cavidə görə yerli vəzifə sahiblərini danlamışdı ki...” - Turan xanım

Yusif Səmədoğlu adına nəsr müsabiqəsinin qalibləri açıqlandı - FOTOLAR

Samir Mehdiyev: Şəhid olarıq-məğlub olmarıq

Yusif Səmədoğlu adına nəsr yarışmasının qalibləri açıqlandı

“Babaya dedim ki, biz sonuncu dəfə ayrılanda üç nəfər idik...” - Turan xanım...

“Əgər Heydər Əliyev olmasaydı, Cavidin Azərbaycana gətirilməsi...” - Turan xanım...

“Cavid buna görə əsəri geri götürmüşdü...” - Turan xanım...
