26 Sentyabr 2025 20:52
90
DÜNYA

KİV: Suriya ilə İsrail arasında təhlükəsizlik razılaşması son anda alınmayıb

Suriya ilə İsrail arasında təhlükəsizlik sazişi bağlamaq cəhdləri son anda uğursuzluğa düçar olub.

Adalet.az "Reuters"ə istinadən xəbər verir ki, buna səbəb İsrailin Suriyanın cənubundakı Əs-Suveyda əyalətində druzlar üçün humanitar dəhliz açmaq tələbi olub.

Mənbənin məlumatına görə, Parisdə keçirilmiş əvvəlki danışıqlar zamanı İsrail tərəfi yardımın çatdırılması üçün Əs-Suveydaya quru yolu yaradılmasında israr edib. Lakin rəsmi Dəməşq bunu suverenliyin pozulması kimi qiymətləndirib və təklifi rədd edib. Bu şərtin dəfələrlə irəli sürülməsi müqavilənin imzalanması planlarının iflasa uğramasına səbəb olub.

Nəşr qeyd edir ki, son aylarda tərəflər ABŞ-nin vasitəçiliyi ilə Bakıda, Parisdə və Londonda bir sıra görüşlər keçirib. Nyu Yorkda keçirilən BMT Baş Assambleyası ərəfəsində danışıqlar intensivləşib, Suriya və İsrail paktın əsas parametrləri üzrə razılığa gəlməyə yaxınlaşıb.

Razılaşmanın iyul ayında yerli druzlarla hökumət qüvvələri arasında toqquşmaların baş verdiyi Əs-Suveyda əyalətinin də daxil olduğu demilitarizasiya zonasının yaradılmasını nəzərdə tutmalı olduğu güman edilirdi.