Victory - V - İradə Tuncay yazır

İRADƏ TUNCAY
182 | 2025-09-25 13:34

Dolamaları keçib qalxırıq Şuşaya… Dayandırırlar bizi, yəni qanun belədi. İşğal bitəndən sonra… Nə??? İşğal… Hə, axı işğal olunmuşdu Şuşa… Mən axı əvvəlki günləri də xatırlayıram… Xatırladığım çox nəsnələr var… Uşaq idim ilk dəfə bura gələndə… 

*** 

Cənub bölgəsinə gedirik…Yolda hərbi maşınlar çoxluqdadır… Arxadan əsgərləri görürük. Görən, noolub? Nə baş verir? Hara gedir bu qədər əsgər? Allah qorusun, yenəmi savaş?.. Əvvəl-axır başlayacaqdı… Biz yenə Şuşaya gedəcəkdik… 

*** 

İndi Şuşadayam… Amma əvvəl Ağdama getdim, evimizi gördüm. Daha doğrusu, evimdən qalan viranələri… Bir vaxtlar sevincək gəzdiyim Abdal-Gülablını gördüm… İnsan olmadığından üşütmə var içimizdə… Havanı da soyudur viranələr… Hər sentyabrda hərbi əməliyyatlar… Od-alov və soyuq… Qəribə paradoksdu…Təzaddı… 

*** 
…Ankarada olduğum ilk gün xəbərləri izlədiyimdə antiterror əməliyyatı haqqında məlumatları eşidirəm… İlahi…Yəni doğrudan??? Bitəcəkmi??? 

***

 

Şuşaya qalxdıqca çaşqınlığım artır… Çoxdan gördüyüm və yenidən tanışlıq verəcəyim gözəl yer… Doğma yer və yad yer… Doğma insan Kərim Kərimli ilə görüşüb köhnə xatirələri yaddaşımda canlandırırıq… Qaldığımız binanı tapa bilmirəm. Hardasa buralarda idi… 

*** 

Azadlığa çıxdığımız ilk günlərdə ilk xatırladığım Kəlbəcər oldu. Cənnət Kəlbəcər… Sonrakı günlərdə ora da gedə bildim… Xəyalımda yaratdığım o uzaq yolları yenə yaşatmağa çalışdım… Amma bilmirdim ki, bilmirdim ki…Xəyalım darmadağın olacaq… 

*** 

… Ankarada diqqətlə Bakıdan gələn xəbərləri izləyirəm… Ağdərəni soruşuram. Xeyir xəbərlər alıram… Çox şükür… Raquf Orucovun xanımı ilə yazışıram… Ruhun şad olsun, igidim… 

*** 

Laçına gedirik dönüşümüzdə… Hələ yaşanacaq yer olmasına çox qalıb… Olacaq, olacaq… Bizim ən böyük rəqibimiz vaxtdı… Bir sehrli çubuğumuz olaydı da… 

O dəmdə ki pərdələr kalkar, pərdələr enər , 
Əzrailə “xoş gəldin” demək də hünər
… 

*** 

Fikirlərimin labirintlərində dolaşıb qalmışam… Heç cür toparlana bilmirəm… Az vaxt içərisində bu qədər xarabalıq görmək də az deyil… Ruhumuz da parçalanıb... Gedək Cıdır düzünə, bəlkə igidlərin hünəri bizi qaytarar dünəndən bu günə… Müharibə irəliyə doğru bir addımdır. Təkcə torpaqlara doğru yox, həm də inkişafa doğru. Ordu döyüşərək təcrübə qazanır, boşluqlar bilinir, hərbi həkimlər formalaşır, hərbi mühəndislər formalaşır... Napoleon arzulayırsansa, döyüşməlisən!!! Ağlamaq olmaz!!! Bu illər içində ümidini itirməyən insanlara eşq olsun... 

Sülh istəyirsənsə, müharibəyə hazır ol!!! Yeni söz deyil… 
Qarabağ təkcə torpaq deyil ki... İdeyadır həm də... 
Biz güclüyük... Biz güclüyük!.. BİZ GÜCLÜYÜK!!!

 *** 

Füzuliyə gedirik…Və xatırlayıram… Füzulinin alınma söhbəti gəzir xalq arasında. Xalq dirçəlir... Qarabağ torpağı o qədər bərəkətlidir ki... Əlindən təsadüfən bir tum düşə, böyüyüb ağac olur... Və sən belə torpağı viran qoymusan... Əkməmisən, biçməmisən... Torpağın da öz qarğışı olur… 

Qada-bala yüklüsən, 
Torpağım, qadan alım… 

*** 

Ağdərə… İkinci səfərimizdə ora da baş çəkirik. Qonağımız olan Rəna qardaşının orda şəhid olduğunu deyir…. Hansı ailəni dindirsən yaralıdı… Hardan olsa da… İstər Bakıdan, istər Gəncədən, istər Lənkərandan… Bir hilal uğruna, ya Rəbb…  

***

Şuşaya baş çəkdik – Xanın kəndi… qaldı axı…Dirçəlir oralar da… Xaraba qoyduqları hər yeri yenidən qaldırırıq… Qalxınmağa isə o vaxt başladıq -  beş il əvvəl… 

Şuşaya qalxırıq… Rasim Müzəffərli dəvət edib bizi İsa bulağına… Təsəvvür edirsiz, bizi Şuşaya, İsa bulağına dəvət edirlər…

Nə fərqi bizim xatırladığımız ya yeni Şuşaya… 

Mən bunları özlüyümdə düşünürəm, amma sabah hər şey dəyişəcək. Çünki bunu ölkənin yiyəsi düşünüb artıq. Amma hələ bilmirik. Sabah yeni sabah açılacaq!!! Ölkənin yiyəsi bizi çoox təəccübləndirəcək...  Dəmir Yumruğu ilə. Döyüşkən oğullarımızın zərbəsi ilə… 

Kürreyi-ərzin bütün proqramlarında baş xəbər olmuşuq deyəsən... Patlatar çıkarız. Liderimiz də öz əsgərləriylə birgə döyüşür – dünya mətbuat agentliklərində. Hamının cavabı verilir. Arxayınlıq artır. Atının nalından od çıxır Ağ atlı oğlanın... Siyasi iradə belə anlayışdı – 10 günə 10 milyon səni qeyd-şərtsiz dəstəkləyir. Və dünya səndən danışır!!! 

Strasburqun mərkəzində bir monument var (daim iki xalqın rəqibliyi bu şəhərə öz möhürünü vurub. Hətta Atilla da burda döyüşüb. Bizim deyəkmi?). İkinci Dünya Müharibəsində həlak olanların abidəsi. Strasburq, Elzas bölgəsi həmin müharibənin tam mərkəzində olub, qaynar nöqtəsi sayılıb. Həm almanlar, həm fransızlar tərəfindən savaşmağa məcbur olublar. Və 1936-cı ildə şəhər idarəçiləri əhaliyə müraciət edərək yardım istəyiblər memorialın hazırlanmasına. İanə yığılıb müharibədə əzizlərini itirən insanlardan. 50 frankdan tutmuş 50000 franka qədər pul verən olub. Sonradan bu siyahını dərc edirlər. “Canından keçənlərimiz” yazılıb monumentin üstündə... Ana can verən iki oğlunu bağrına basıb. Biri fransız, biri almandı övladları. Hər ikisi uniformasızdı, fərqlənməsinlər deyə. Əl-ələ verib ölürlər –  biri Fransaya, biri Almaniya tərəfə baxır. Uğrunda öldükləri torpaqlara. Ana isə öz dərdini belə bölüşür insanlarla. Məsələ burasındadır ki, burda iki millət də rahat yaşayıb. Yönətim kimdə olsa da... Deməyiblər çıx get və düş çöllərə...

Tarix yazılıb, qeyd olunmuş keçmişdən daha artıq bir şeydi. O, yazılmış, yazılacaq və ən önəmlisi, xatırlanan keçmişdən oluşur... Beş il əvvəl başlayan tarixi isə Şuşa yolunda belə xatırladım…

Ən Böyük Əsgər - bizim Əsgər!!!

 

 

 

TƏQVİM / ARXİV