FAİQ – üstün, əla, seçmə - İradə TUNCAY yazır

İRADƏ TUNCAY
5016 | 2022-12-30 16:50

İnsanın öz ovqatını səsi ilə ifadə etmək istəyi zamanla sənətin yaranmağına səbəb olub güman ki... Və inkişaf zamanla vokal sənətin yaranmasına gətirib. Nitq nəğməyə, musiqiyə qarışanda relyefi genişlənir. Sözlərin təsir vasitəsi güclənir. Belə fikir var ki, müasir nitqin yaranmasına melodiyalar rəvac verib. Çünki beyin nəğmə sözlərini daha rahatlıqla həzm edə bilir və bu da folklor janrlarının, xalq yaradıcılığının musiqi ilə bağlı, yanaşı gəlməyinin səbəbini izah edir. Yəni burda yalnız əyləncə elementi deyil vacib olan, həm də informasiyanın gələcəyə ötürülməsidir. Mahnı, nəğmə yaddaşa yardım edir.

Belə düşünək – fauna üzvlərinin səsi olmasa ətrafımız necə boşluqda qalar?! Quşların civiltisi, ötməsi olmasa orqanizm, onun ayrı-ayrı hissələri hansı ladlara köklənər? Oxumaq, yəni musiqi ifası insan ruhunda rahatlıq yaradan bir nəsnədir. Yalnız rahatlıq yox... Toxluq yaradan... Yəni bizim – insan adlanan canlıların ehtiyacımız var musiqiyə, sözə, MAHNIYA!!! Aclığımız var... İnsan yarandığı gündən nəğmə oxuyur – körpəni yatırdanda oxuyur, məbədlərdə ritualları ifa edəndə oxuyur, təsərrüfat işlərini icra edəndə oxuyur... Kefi yaxşı olanda, kədərli olanda... İnsan oxuyur... Və həm də dinləyir...

Kimə qulaq asırıq bəs ? Təbii ki, bu, zövq məsələsidir. Zövq isə fərqlidir – klassika da var, yenilik də var, xalq musiqisi də var.

Elmdə, sənətdə bəzən məlum qaydalardan, tapdanmış cığırlardan sapmalar olur. Bəyənilirsə, buna orijinallıq deyirlər. Yox, əgər qəbul olunmursa, əllaməlik adlandırırlar. Bu sapmalar olmasaydı, neçə-neçə cərəyanlar, yeniliklər yaranmazdı, kəşflər olmazdı. Uzun illər sovetlərin istehsal etdiyi məhsulları dünya standartlarına uyğun gəlmədiyinə görə dünya bazarında qəbul etmirdilər. Amma bu, sovet hökumətinə qüdrətli dövlət olmağa mane olmurdu. Demək istədiyim odur ki, gücün çoxaldıqca standart və ölçülərdən kənara çıxa bilərsən, kimsə də sənə "gözün üstə qaşın var" deməyəcək.Tutalım, eyni bir uyğunsuz hərəkəti cəmiyyətdə iki müxtəlif mövqe tutan adamlar edirlər – zənginin hərəkətinə münasibət bir başqa cür olacaq, kasıbınkına bir başqa cür. İkisi də içir – kasıba "alkaş" deyirlər, varlıya "yeyib-içən" oğlan. Xalq arasında bu standarta "yetim qızsan, qıvrıl yat" deyirlər. Və yaxud da görürsən ki, bütöv bir toplum yanlış yol tutub, atılıb-düşürsən ki, belə olmaz. Onda sənə deyirlər ki, "palaza bürün, elnən sürün". Qanun kitabları deyir ki, qanunlar əsasında yaşa, el deyir ki, "düz düzdə qalar". Maraqlıdır, deyilmi? Yenə ölçülərdən kənara çıxırıq. Hərlənib-fırlanıb o fikrə gəlirik ki,birtəhər başını saxlamaq üçün gördüklərindən-eşitdiklərindən bir ortaq məxrəc tapıb öz standartını yaratmalısan. Elə bir standart ki - nə əzilməyəsən, nə də kimisə əzməyəsən. Ən çətin olanı da budur.

Fərqli olanı dinləyirik, fərqli olanı sevirik. Kimdir fərqli? Həəə, məsələ bu fərqi tapmaqdır... Hamı eyni düşünə bilmir. Hamının düşüncəsinə yaxınlaşa bilirsənsə nə mutlu – deməli, standart yarada bilən birini sevmisən...

Bura qədər olan məsafəni necə gəlib bəs standart yaradan???

Sırf fizioloji tərəfdən baxsaq – yaxşı dediyimiz, geniş ağ ciyərləri olan, qırtlağı olan, səs tellərini gözəl idarə edə bilənlərdi. Gərəkli diapazonu göstərə bilmək üçün bacarığı olan... Sırf fizioloji desək – amma sənət sırf fizioloji yaranmır axı. Ruh dediyimiz anlam var. Yəni bizi ayaqda saxlayan, sağ olduğumuzu göstərən. Ruhu güclü olanlar, içimizə nüfuz edə bilənlər sevilir... İstedad və zəhmətsevərlik... Bax mənim sevdiyim Faiqin portreti yaranır bu iki sözlə.... Adını necə düzgün seçiblər – ÜSTÜN, ƏLA, SEÇMƏ... Bəlkə daha böyük hərflərlə ZƏHMƏT sözünü yazmaq gərəkir... Yəni daxili fəaliyyətini müəyyən etdiyin məqsədə yönəldə bilmək. Yəni Faiqin ifasını dinləyəndə qəbul etdiyimiz müxtəlif parametrlər – ton, ritm, səsin yüksəkliyi və ya həzinliyi... Rahatlıqla alınır... Həzm deyək... Qulaq duyumu deyək...

Repertuarını xatırlayaq ... İndiyə qədər ifa etdiyi əksər mahnılar niyə yadımızda qalıb? Dedim axı musiqi həm də yaddaşdı. Və bu yaddaş bizim zövqümüzü oxşayıb... Faiqin ifası daxili aləminin əks- sədasıdır. Daxili aləm isə deyir ki, zəngindir. Məlumatlıdır, məlumatı düzgün ifadə edə bilir... Yəni yalnız musiqi ilə deyil – həm də informativ. Müsbət enerji ötürə bilir dinləyənlərə... Sevgisini çatdıra bilir. Hətta bu sevginin mövzu çaları müxtəlif ola bilər. Vətən, torpaq, insan...

Faiqi səhnəyə çıxdığı ilk gündən tanıdım və sevdim. Güman edirəm mənim kimi insanların sayı çoxdur. Və o da bizləri məyus etmədi – hər zaman yeni ifaları ilə sevindirdi. Sevinc bəxş edən insan.

Görkəm... Əsmər bənizli, parlaq gözlü, yaraşıqlı... Yəni istedad insanı olduğundan neçə boy yüksək göstərə bilir. Və hər dəfə bu yüksəlişi görə bilmək də çox xoşdur... Yaradanın qanadları altında olsun hər zaman... Dekabr onun doğulduğu ay... Və yazı da dekabrda yazıldı... Yazını mən yazdım... Narazı olanlar varsa öz sevgilərini ifadə edə bilən sözləri də onlar yazsın...

  • Sentyabr:
  • 20

TƏQVİM / ARXİV