adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Yanvar 2022 12:04
389
ƏDƏBİYYAT

KLASSIK ƏDƏBİYYAT ARAŞDIRMAÇILARIMIZIN NƏZƏRİNƏ!

Qasım Qasımzadənin 1959-cu ilə aid İraq səfərindən qeydlərində maraqlı məqamlar var. Birini burada paylaşıram.

İraqda məşhur ərəb ədəbiyyatşünası Hüseyn Əli Məhfuzla görüşündən yazır, onun Füzuli və oğlu Fəzli haqqında tədqiqatları ilə tanışlıq üçün fürsət bulduğunu bildirir. Əlbəttə, bu tanışlığın sadəcə məlumat xarakterli olduğu aydındır, çünki Qasım müəllim ərəbcəni bilmirdi.

Diqqətimi çəkən xüsus Q.Qasımzadənin bu sözləridir: “O (Hüseyn Əli Məhfuz – N.Q.), sevinclə bildirdi ki, Fəzlinin ana dilində yazdığı “Divanı”nı tapmışam. Mən xahiş etdim ki, bu barədə yazıb versin, biz onun qeydlərini Azərbaycan oxucusuna çatdırarıq. Söz verdi. Səhər yanımıza gəldi. (Bu qiymətli məlumatı onun şəkli ilə birlikdə sonralar “Ədəbiyyat və incəsənət” qəzetində dərc etdirdik. Çox təəssüf ki, ərəb tədqiqatçısının böyük məhəbbətlə yanaşdığı bu hadisəyə bizim mütəxəssislər hələ ki, etina göstərib Bağdaddakı həmin əlyazmaları ilə maraqlanmamışlar). Məhfuz, Füzuli haqqında son ildə yazdığı iki kitabını bizə bağışladı” (Q.Qasımzadə. "Getdim, gördüm, düşündüm". Gənclik nəşriyyatı, Bakı, 1970, səh.98-99).

Hüseyn Əli Məhfuz bir neçə il öncə vəfat etmişdır. Özündən sonra ərəblər üçün zəngin filoloji irs qoyub gedən, ərəblərin iftixarla xatırladığı alimdir.

Bildiyimə görə, bizdə Fəzlinin yaxın keçmişdə qəzəllərindən bir-iki nümunə tapılmışdı. Məncə, Q.Qasımzadənin uzaq illərdə məşhur ərəb tədqiqatçısının dilindən Fəzlinin "Divan"ı haqqında verdiyi məlumat öz dəyərini saxlamaqdadır.

Nəriman Qasımoğlu