17 Oktyabr 2024 15:26
157
ƏDƏBİYYAT

Kökdən düşmək - Şahnaz Şahin yazır

Taqora görə “sənətdə öz gücünü hesablamaq böyük şərtdir”. Bu, bir növ Ağır atletika ilə məşğul olan idmançının öz potensialını hesablamadan çəki daşları ilə məşqinə bənzəyir. Əli qələmə öyrəşdirmək, yazını vərdişə çevirmək üçün hər gün azı bir neçə sətir yazmaq gərəkdir.Lap yatağının yanına kiçik dəftərçə bir də qələm qoymaq da olar. Yuxuya getməzdən, ya gecə oyandığında beynindən sürətlə keçən düşüncələrini cızmaqara elə. Ola bilsin ki, sən onu sabah heç oxuya bilmədin, amma şüuraltında qalıb fikrində canlanacaq...

    Son üç ayda mən yazı vərdişimdən uzaq düşməli oldum, hər gün yanımda ora-bura daşıdığım bilgisayarın qapağını belə qaldıra bilmədim. Bunun tutarlı səbəbləri vardı və o günlərdə mən öz potensialımı yalnız bu istiqamətdə xərcləməliydim. Arada qapımı döyən söz mələyinə ürək qızdırıb şeir filan da “qaraladım”, az-çox müataliə də elədim ki, kökdən düşməyim...

   Mən, öz daxili enerjisinə bələd olan və yazı prosesində nəzərə alan insanlardanam, özünə güvənliyəm, altına çiyin verdiyim işin sonunu uğurlaya bilirəm. Mənim ən birinci oxucum da, tənqidçim də elə özüməm, xoşuma gəlməyən yazı nümunələrimi uf demədən cırıb atmağı da bacarıram!..

    Həyatımın ilk itkisi atam olub, heç nə başa düşmürdüm, ölümün nə olduğunu da... Evimizə gələnləri qonaq bilib sevinirdim, yaranın dərin olduğunu anlayanda oturub hönkür-hönkür ağladım, deməli mənə iki dəfə zərbə dəydi, atamı iki dəfə itirdim. Sonralar ölümlərin tək cismani deyil, diri gözlü olduğunun da dəfələrlə şahidi oldum, sağ-salamat adamlar göz qabağında “ölüb” gedəndə həmişə xatırlanan ölülərin yerinə də sevindim. Onda başa düşdüm ki, insanlar ölümlə ölmürlər, əsla, insanlar ölürlər unudulanda...

    İrəliyə atılan hər addım geriyə dönüşün göstəricisidir, bütöv yaradılış bir kökə bağlıdır, “ot kökü üstə bitər” deyib atalar. Oğul evləndirəndə, qız ərə verəndə böyüklərimiz kökünü, soyunu, zatını öyrənərdilər. Kok həm də praqmatik mənada insanın əhval-ruhiyyəsinin göstəricisidir. Dədə Ələsgərin məşhur qoşmasını xatırlayın:

Dedi nişanlıyam, özgə malıyam,

sındı qol-qanadım yanıma düşdü-

Aşiqin ümidləri boşa çıxıb, puç olub və o andaca onun əl-qolu boşalır, sanki bir gündə yüz il yaşlanır, həvəsdən-kökdən  düşür...

      Yaradıcılıqda da yaranmış uzun müddətli fazilələr yazarın qələminin korşalmasına və demək ki, onun kökdən düşməsinə səbəb ola bilir. Yazıçı dostum var, ciddi ailə qayğıları üzündən aylarla yazı masasından uzaq düşməli oldu, elə hey deyirdi ki, qorxuram daha yaza bilməyəm... Sonra bilgisayar önünə keçəndə əli-ayağı titrəyirdi, yavaş-yavaş adaptasiya oldu, elə şaddı ki, bəlkə ilk kitabına bu qədər sevinməmişdi!..

     Bu aylar ərzində içimdən çox haraylar qalxıb, çox səsləri dinləmişəm, bilə-bilə ki, bu gedişin dönüşü olmayacaq, sözçükləri qələmə təslim etməmişəm. İndi əzab çəkirəm, İlahi Sözdən üzr istəyirəm və deyirəm ki:

Ilahi, sən izn ver,

Canımdan can çıxardım.

Yonum töküm, içindən

Yeni insan çıxardım...

“Bizim yaradıcılığımız dünyanın Allah tərəfindən yaradılması prosesində kiçik variasiyalardan ibarətdir”-deyirdi Taqor, əlbəttə inanıram ki, tanrım bu fürsəti yaradıcı insanlardan əsirgəyən deyil. Elə məndən də...