Köhnə ilin son günləri və ya son mənzillər - Tərlanə Yaqubqızı yazır
Yenə də el dilində desək, papağımızı fırlatdıq, bir göz qırpımında il başa çatdı. Adama elə gəlir ki, bugün- sabah yola salacağımız köhnə ili sanki dünən yeni il kimi əzizləyib yeni arzular və ümidlərlə qarşılamışdıq. İndi də qarşıdan gələn yeni ili həmin qaydada qarşılamağa tələsirik. Amma " Tələsən təndirə düşər" məsəlinə bu məqamda barmaqarası baxmaq olmaz. Bir yandan da unudulmaz şairimiz Cabir Novruzun "Tələsin, insanlar" şeiri yada düşür.
Elə dekabrın 25- də Bakı- Qroznı reysi ilə uçan "Embraer 190" tipli təyyarənin həlak olan sərnişinləri də "təndirə düşəcəklərini" ağıllarına belə gətirmədən "şadlıq görməyə", "deyib-gülməyə" tələsirdilər. Amma nə yazıq ki, onlara yeni ili qarşılamaq nəsib olmadı.
Çatdıqları yer isə bilet aldıqları məkan yox, haqq dünyası oldu.
Yeni il ərəfəsində bu faciə hamımızı üzdü, ölkədə matəm elan olundu. Elə bil 2020- ci ildən bu yana başı dik, məğrur gəzən qalib xalqımıza göz- nəzər dəydi. Müşahidə edirəm, heç kəsin üzündə bayram əhval- ruhiyyəsi yoxdur, elə bil hamı bu faciənin şokundadır. İş yerlərində, təhsil ocaqlarında, sosial şəbəkələrdə bir mövzu var: Günahkarlar tapılmalı və cəzalandırılmalıdır. Amma bir tamaşada deyildiyi
kimi, "Hə, nə olsun?"
Gedən canlar geri qayıdacaqmı?
Bəlkə bizə qarşı bu təxribatı həyata keçirənlər düşünür ki, 20 Yanvar faciəsinə, Xocalı soyqırımına məruz qalan xalqımızda artıq hər hansı bir faciəyə qarşı immunitet yaranıb? Allah betərindən qorusun, axı biz dözümlü xalqıq!
Yaxud əksinə, qəzada həlak olan Hökümə Əliyevanın dediyi kimi, hər şey yaxşı olacaq?
Gözəl qızım, qoy ruhun məni bağışlasın, axı hər şey heç də yaxşı olmadı.
Gəncliyim milli - azadlıq hərəkatı illərində keçsə də heç vaxt siyasətə qarışmamışam. Siyasət sözü mənə nədənsə həmişə dahi Hüseyn Cavidin "tülkü siyasilər" ifadəsini xatırladıb. Amma Cavid əfəndi bunu da yazıb ki:
Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü.
Və mən bunu etiraf edirəm ki, bu cür dahilərin, dahi siyasətçilərin adını və əməyini danmaq olmaz.
Camaatın bayramını qara gətirən "tülkü siyasilər" isə Allahın lənətinə gəlsin!
Bəlkə də mətləbdən yayınıram, amma bu yaxınlarda qarşıma çıxan bir elan mənim onsuz da təlx olmuş ovqatımı bir az da qaraltdı, daha doğrusu, məni vahimələndirdi.
Siz Allah, elanda yazılana diqqət edin: " Son mənzilləri almağa tələsin!"
Hamımızın son dayanacaq yeri olan son mənzillər...
Yenə də bizi tələsdirirlər.
Əlbəttə ki, söhbət hansısa tikinti şirkətinin satılmağa təhvil verdiyi hazır mənzillərdən gedir. Amma və lakin, axı son mənzil deyəndə istər- istəməz yada axirət evi düşür. Yenə də sağ olsun reklamı ərsəyə gətirənlər, heç olmasa fironluq edən kəslərə dünyanın fani olduğunu xatırladırlar.
Texniki tərəqqinin pik zirvədə olduğu əsrimizdə çoxbilmiş Şaxta baba bu dəfə də hər cür qəzavü- qədəri gözə alıb Latlandiyadan marallar qoşulmuş xizəklə təşrif gətirəcək. Necə olsa, bizdən fərqli olaraq, özününkilərinin xislətinə bələddir axı!
Hə, uşaqların sevimli qocası, səndən xahişim budur ki, gələndə imkan olsa özünlə dünyamıza ədaləti və sülhü hədiyyə gətirəsən.