adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Mart 2024 16:05
2015
MƏDƏNİYYƏT

KÜÇƏ MUSİQİÇİLƏRİ KİMƏ MANE OLUR?

«Baku TV»nin «Xəbərlər» proqramında küçə musiqiçiləri ilə bağlı bir süjeti izlədim.  Turizm Agentliyinin  məsul işçisi bildirdi ki, onlar qanuna əsasən axşam saat  20-yə qədər fəaliyyət göstərə bilərlər.  Bu qanunu  pozanların  lisenziyası əlindən alınır. Nizami küçəsinin sakinləri də gileyləndilər ki, küçə musiqiçiləri saat   8-dən sonra  onları   narahat edir, hətta yatmağa qoymur. 

Avropanın, eləcə də Amerikanın bütün  böyük  şəhərlərində küçə musiqiçiləri  fəaliyyət  göstərir. Orda qanun necədir, bilmirəm, yəni  saat neçəyə  qədər  çalıb-oxuya bilərlər. 

Əvvəla, küçə musiqiçilərinin  çoxu səsgücləndiricidən  istifadə etmir. Səsgücləndiricidən  istifadə edənlər  aşağı səsə nizamlayırlar. Bu səs evində yatan bir adamı narahat edə bilməz. 

Küçə musiqiçiləri arasında həqiqətən peşəkarlıq səviyyəsində  ifaçılar da var. Məsələn, «Azneft» dairəsində  yeraltı  tuneldə bir tar çalan var, hərdən ordan  keçəndə mütləq ayaq saxlayıb dinləyirəm  və xoşuma gəlir. Görürəm ki, başqaları da ayaq saxlayıb  dinləyir. İmkanı daxilində də hərə gücü çatan qədər  futlyara  pul atır. Bir də bunlarla adətən  Nizami  küçəsində  rastlaşıram. Heç  kəsə mane olmadan  həzin-həzin ya qarmonda, ya da akustik gitarada ifa edirlər. Camaat da onlara  hörmət edir.  Yəqin  lisenziyası olanlar da  qazandıqları  puldan  dövlətə  vergi ödəyirlər. 

Qaldı sakinləri  narahat etməyə, onda hər axşam restorandakı musiqiçilər, toyxanalardakı musiqiçilər o ətrafda yaşayanları  narahat etmir saat  12-dək?

Özü də səsgücləndiricilərə o qədər  səs  verirlər ki, səninlə bir  stolda  oturan  adamın nə dediyini  eşidə bilmirsən. 

Necə ola bilər ki, qanun toyxanalara, restoranlara  şamil edilmir, küçədə beş-on manata çalışan  musiqiçilərə  tətbiq olunur?

Dostum, görürsən ki, küçə musiqisi səni narahat edir, pəncərəni ört yat da! 

Aqil ABBAS