30 Sentyabr 2025 16:52
68
ƏDƏBİYYAT

Kürdəmirdə "Eynulla səsinin möcüzəsi” kitabının təqdimatı keçirildi - FOTOLAR

30 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialının təşkilatçılığı ilə Kürdəmir rayon Vahid Sarıyev adına Şüşün kənd tam orta məktəbinin akt zalında yazıçı-jurnalist Tofiq Abdullayevin “Eynulla səsinin möcüzəsi” adlı kitabının təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə Aran Regional filialının müdiri Yaqut Bahadurqızı açaraq görkəmli xanəndə, xalq mahnıları və klassik muğamlarımızın mahir ifaçısı Eynulla Cəbrayılovun Azərbaycan musiqi mədəniyyəti tarixində tutduğu əhəmiyyətli mövqe barədə ətraflı məlumat verdi, onun sənət irsinin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğuladı. Yaqut Bahadurqızı bu səbəbdən yazıçı-jurnalist Tofiq Abdullayevin böyük zəhmət bahasına muğam bilicilərindən, respublikanın tanınmış ziyalılarından, ustad sənətkarın sənətinin vurğunlarından topladığı xatirələrdən bəhs edən “Eynulla səsinin möcüzəsi” kitabının əhəmiyyətini də qeyd etdi.

Kitabın müəllifi, yazıçı-jurnalist Tofiq Abdullayev çıxış edərək Eynulla Cəbrayılovun həyat və yaradıcılıq yolunun araşdırılması, görkəmli sənətkar haqqında məşhur muğam ifaçıları ilə söhbətlərinin maraqlı anlarından söhbət açdı.

Tədbir zamanı Eynulla Cəbrayılov sənətinin vurğunları, onun ifalarının canlı şahidləri yazıçı-publisist Əlisəfa Azayev, Abduləziz Hüseynov, Vaqif Alıyev, Simuzər Bağıyeva, Abdulla Abdullayev, İbrahim İbrahimov, Söyüdmalı Alıyev və sənət yoldaşları çıxış edərək sənətkarın şəxsiyyəti və el məclislərində, konsertlərdə ifaları zamanı göstərdiyi məharətindən xatirələrini bölüşdülər, sənətkarın xatirəsinin yaşadılmasına görə kitabın müəllifinə və təşkilatçılara təşəkkürlərini bildirdilər.

Tədbirdə sənətkarın yetirmələri Hüseynqulu Hüseynov, Rəşad Hüseynov xanəndənin repertuarından seçmə musiqi nömrələri ifa etdilər, onun səs yazılarından fraqmentlər səsləndirildi, sənət yolunu əks etdirən videoçarx nümayiş etdirildi.

Tədbirin sonunda böyük sənətkarın övladı Mahir Cəbrayılov çıxış edərək Eynulla Cəbrayılovun ailə üzvləri və yaxınları adından yazıçı-jurnalist Tofiq Abdullayevə böyük zəhmət bahasına ərsəyə gələn kitaba görə minnətdarlığını bildirdi. Məclis iştirakçılarına “Eynulla səsinin möcüzəsi” kitabı hədiyyə edildi.

Mərasim sənətə, muğam və xalq musiqisinə dəyər verən ictimaiyyət nümayəndələri tərəfindən yüksək maraqla qarşılanmışdır.