adalet.az header logo
  • Bakı -°C
03 Noyabr 2026 13:38
67
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlu Poeziyasına Ədəbi-Bədii Baxış

FİKİRLİ...

 

Vərəqləyə vərəqləyə yolları,

Gedirəm mən üzü Dana, fikirli...

Sıxıb məni təkliyimin qolları,

Bənd eləyir, hər bir ana, fikirli...

 

Söz tapmıram sığışmaya sətirə,

Kömək etmir xəyal, nə də xatirə.

Bir göz cəza, bir göz isə itirə,

Ya da var tək məni ana, fikirli.

 

Qanadları yorulubdu ruhumun,

Dizlərinə su gəlibdi yuxumun...

Varmı görən daşa dəyən oxumun,

Günahkarı məni sana, fikirli?!.

 

Məmnun belə olmasam da, bu haldan,

Ömrüm boyu yayınmadım sualdan.

İmtahanda həsrətdən, ya vüsaldan,

Danışıram yana-yana, fikirli...

 

Şeirin bədii təhlili:

 

Əbülfət Mədətoğlunun bu şeiri insan ruhunun ən həssas və kədərli qatlarına toxunan, dərin emosional yükə malik bir fəlsəfi-librik nümunədir. Şeirin əsas mövzusu insanın təkliklə mübarizəsi, daxili təlatümləri və həyatın sınaqları qarşısındakı çarəsizliyidir.

Müəllif ömür yolunu "fikirli" bir səyahət kimi qələmə alır. Əsas ideya isə insanın nə qədər çətinliklərlə üzləşsə də, öz taleyini və yaşantılarını daxili bir dözümlə qəbul etməsidir. Şeirdə poetik dillə ifadə olunmuş güclü metaforalar bədii təsir gücünü artırır. "Təkliyimin qolları", "ruhumun yorulmuş qanadları" və "yuxunun dizinə su gəlməsi" kimi ifadələr şairin psixoloji vəziyyətini, mənəvi tükənişini və ümidsizliyini canlandıran uğurlu bədii təsvir vasitələridir.

Lirik qəhrəman xəyal və xatirələrin belə kömək edə bilmədiyi bir boşluqdadır. O, həm həsrətin, həm də vüsalın imtahanından keçir və bu prosesdə "yana-yana" danışmaqla öz daxili ağrısını oxucuya ötürür.

Şeirin dili axıcı, xalq dilinə yaxın və səmimidir. Müəllif "yana-yana", "vərəqləyə-vərəqləyə" kimi təkrarlarla daxili dinamikanı və zamanın ləng, ağrılı axışını vurğulayır. Qafiyə quruluşu və rədif kimi istifadə olunan "fikirli" sözü şeir boyu hakim olan kədərli və düşüncəli ovqatı tamamlayır.

Ruhunuz yorulmasın, usanmasın, qələminiz heç zaman susmasın, dəyərli ziyalımız Əbülfət Mədətoğlu!  

Sevil  AZADQIZI