Əbülfət Mədətoğlu: TƏLƏSDİ BU PAYIZ
Buludların budaqları sallanıb,
Yarpaqların yanaqları xallanıb...
Zirvələr də ada-budda çallanıb -
Tələsdi bu payız, yaman tələsdi...
Yığıb qurtarmamış qarışqa dənin
Ayağı açıldı dumanın, çənin...
Üzündə ümidlər gülməmiş sənin -
Tələsdi, bu payız, yaman tələsdi....
Yola çevrilməmiş salınan cığır
Tökülən ləçəklər könüllər sıxır...
Hər küncdən, bucaqdan bir payız çıxır -
Tələsdi, bu payız, yaman tələsdi....
Saralan vərəqə çevrilir dünən...
Yalnız xatirədi geriyə dönən!
Bir də ürəyimdi hələlik dinən-
Tələsdi, bu payız, yaman tələsdi....


Bakı -°C

