29 Avqust 2024 13:38
540
MƏMLƏKƏT

Lapşinin əbədi travması: "Azərbaycanlılar "Teleqram"da erməniləri öldürməyə çağırış edirdilər"

Ermənisevər bloger Aleksandr Lapşin ötən gün erməni mediasına Teleqramın təsisçisi Pavel Durovun həbsi ilə bağlı müsahibə verib. Sosial şəbəkələrdə uzun müddət ermənipərəst mövqeyi və Azərbaycanın digər dövlətlərlə münasibətlərini ləkələmək kimi uğursuz addımları ilə tanınan bloger söhbətə heç dəxli olmadan Azərbaycanın adını çəkib.


Ermənistanın "sadiq dostu" , Azərbaycanın “qatı düşməni” Aleksandr Lapşinin Durovla bağlı suala verdiyi cavab isə belədir: “ Fikrimcə, Telegram-ın yaradıcısı ilə Fransa hakimiyyəti arasında (mən hesab edirəm ki, Fransa da digər ölkələrin maraqlarını təmsil edir) konfliktin mahiyyəti ondan ibarətdir ki, Telegram çoxdan nəzarətsiz platformaya çevrilib və burada tamamilə hər şeyə icazə verilir. Heç kimə sirr deyil ki, Telegram narkotik vasitələrin qanunsuz dövriyyəsi, radikal fikirlərin yayılması, zorakılıq və iğtişaşlara çağırışlar üçün istifadə olunur. Təkcə xatırlamaq kifayətdir ki, azərbaycanlı təxribatçılar “Telegram”da fəal işləyir, erməni nifrətini yayırdılar, erməniləri zorakılığa və qətlə yetirməyə çağırırdılar, o cümlədən erməni hərbi əsirlərə və mülki şəxslərə qarşı işgəncə və zorakılığı əks etdirən dəhşətli foto və videolar yayırdılar. Fikrimcə, söz azadlığının sərhədinin harada olduğunu və terrorun haradan başladığını anlamaq çox vacibdir. Çox güman ki, Durov bu limitə əməl etməyib və nəticədə özünü bəlaya salıb”.

Xatırlayırsınızsa, A. Lapşin bütün zamanlarda erməniləri müdafiə edən erməni kimi açıqlamaları ilə onsuzda tarıma çəkilmiş əsəblərimizi yerindən oynadırdı. 2016-ci il dekabrın 15-də Azərbaycana Belarusdan xüsusi təyyarə ilə ekstradisiya edilən Rusiya və İsrail vətəndaşı blogger Aleksandr Lapşin dövlət əleyhinə yönələn açıq çağırışlar və Azərbaycan sərhədini qanunsuz olaraq keçmə maddələri ilə təqsirləndirilirdi
A.Lapşin məhkəmədə son söz deyərkən Azərbaycan xalqına mənəvi əzab verdiyi üçün peşman olduğunu bildirdi: "Mənim Azərbaycan xalqı qarşısında günahım yalnız mənəvi sahədədir, heç bir halda hüquqi müstəvidə deyil. Mən başa düşürəm ki, Qarabağ Azərbaycan üçün nə qədər vacibdir. Men heç bir halda erməni hakimiyyəti ilə cinayət əlaqəsinə girməmişəm "Mən peşmanam ki, Qarabağa səfər edərək, işğal nəticəsində əziyyət çəkən sakinlərə mənəvi əzab vermişəm. Mənim işğal haqqında təsəvvürüm olmayıb. ".
Lapşinin Azərbaycana ekstradisiya olunmasını mətbuatdan öyrəndiyini bildirən anası oğlunun bu dəfə “düşüncəsiz hərəkət” etdiyini, lakin ümumiyyətlə, “heç vaxt həbslə nəticələnəcək hərəkətə yol verməyən insan” olduğunu dedikdən sonra Azərbaycan hökumətinə yalvardı: “Yalvarıram, onu bağışlayın və əfv edin”
Düzdür, Lapşin 11 sentyabr 2017 –ci ildə Azərbaycan Prezidenti İlham Əliyev əfv sərəncamı ilə əfv olunsa da,  Azərbaycana qarşı nifrəti artdı. Çünki anasının düşməni hesab etdiyi Azərbaycana yalvarması onda əbədi travma kimi qaldı.

 Əntiqə Rəşid