adalet.az header logo
  • Bakı -°C
14 Noyabr 2026 00:51
91
GÜNDƏM
A- A+

Leyla Əliyeva COP31-də görüşlər keçirib - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində bir sıra beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri və ətraf mühitin mühafizəsi üzrə ekspertlərlə görüşlər keçirib.

Adalet.az xəbər verir ki, ilk olaraq, Leyla Əliyeva Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) Baş direktorunun müavini Stüart Maqinnis ilə müzakirələr aparıb.

Görüş zamanı IDEA İctimai Birliyi ilə IUCN arasında mövcud əməkdaşlıq və gələcək birgə layihələr müzakirə olunub. Görüşdə ölkəmizdə biomüxtəlifliyin qorunması sahəsində yeni birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Bu xüsusda, Azərbaycanın "Qırmızı Kitab"ı, yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılması, Xəzər dənizində nərə balıqlarının mühafizəsi, eləcə də nadir yırtıcı heyvan növlərinin reintroduksiyası kimi istiqamətlər üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Daha sonra, Leyla Əliyeva Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) iqlim və enerji məsələləri üzrə qlobal rəhbəri Manuel Pulqar-Vidal ilə görüş keçirib.

Görüşdə IDEA ilə WWF arasında əməkdaşlıq çərçivəsində Qafqaz bəbirinin mühafizəsi, ceyranların və Avropa bizonlarının Azərbaycanda tarixi yaşayış ərazilərinə qaytarılması istiqamətində həyata keçirilən birgə layihələrə toxunulub. Eyni zamanda, biomüxtəlifliyin qorunması, nadir heyvan növlərinin populyasiyalarının və ekosistemlərin bərpası sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Bununla yanaşı, Leyla Əliyeva COP31 çərçivəsində IDEA İctimai Birliyinin təşəbbüsü ilə təşkil olunan tədbirlərdə iştirak edən bir sıra digər beynəlxalq ekspertlər, alimlər və təbiəti mühafizə təşkilatlarının nümayəndələri ilə də görüşərək fikir mübadiləsi aparıb.

Görüşlər zamanı Xəzər dənizinin ekoloji problemləri, iqlim dəyişmələrinin biomüxtəlifliyə təsiri, təbii ekosistemlərin qorunması, elmi tədqiqatların genişləndirilməsi və beynəlxalq təcrübənin paylaşılması məsələlərinə toxunulub.