adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 May 2023 16:44
1621
MƏMLƏKƏT

Mahrızlıda 50 ildir axan "başsız" bulaq: Bu bulağı necə faydalı etmək olar? -TƏKLİF

Bakı şəhərindən 333 km məsafədə yerləşən Mahrızlı kəndi Ağdam rayonun 27 il işğalçı Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttindəki kəndlərindən biri olub. Sonuncu dəfə 2020-ci il noyabrın 8-də o kənddə oldum və ermənilərin atdığı mərmilərin dağıtdığı inzibati binalardan, yaşayış evlərindən, kəndin o vaxtkı durumundan geniş reportaj hazırlamışdım Yolum 2 il 7 aydan sonra yenə Mahrızlı kəndinə düşdü.

Tanımayanlar üçün bildirim ki, Mahrızlı Zəngişalı kənd inzibati ərazi dairəsində ruzi – bərəkəti bol olan kənddir. Deyilənə görə, Mahrızlı sözu İran dillərində olan və Gün mənasını verən Mah, Moh və Ay mənasını Ruz sözlərindən, həmçinin türk dillərində olan lı,li, lu, lü şəkilçilərinin birləşməsindən yaranıb. Hərfi tərcümədə GünAylı və ya Günəşli Aylı mənasını verir. Digər bir versiyaya görə isə İranda olan Mafruz kəndindən gələn insanların ilk dəfə burda məskunlaşmasına görə belə adlanıb. Ancaq bir qədər araşdırsaq İranda bu adda kənd olmadığını görərik. Həmçinin kəndin ən qədim sakinləri Məmişli soyu sayılır və onların Gürcustanın Məmişli kəndindən gəldiyi ehtimal olunur. Kənd haqqında ilk tarixi məlumatlar 1830-cu ilə aiddir.

Tarixi mənbələrə görə, 1886-cı ildə hazrılanmış və 1893-cu ildə Tiflisdə çap edilmiş "Zaqafqaziya bölgəsinin Əhalisinin sayı haqqında, ailələrin siyahıya alınması" kitabında kənd haqqında məlumat var.
Mahrızlı camaatı qorxmaz, cəsur eyni zamanda zəhmətkeş camaatdı. 27 il dişinə qədər silahlanmış erməni terrorçuları ilə 500 – 1000 metr məsafədə ailəlikcə yaşamaq əlbəttəki əsl qəhrəmanlıqdır. Təmas xəttində baş verən bütün qarşıdurmalarda Mahrızlı kəndi dağıntılara məruz qalıb. Təkcə 2016- il aprel ayında baş verən qarşıdurmalarda düşmənin artilleriya atəşləri nəticəsində kəndin ərazisinə təxminən 100-ə yaxın mərmi düşüb. Kənddə 29 evə ziyan dəyib, 3 ev tamamilə dağılıb. Ayın 1-5-də isə 57 evə ziyan dəyib.

Mahrızlıdan danışıb Rahib Məmmədovun adını çəkməmək günahdır. Yəqin ki, tanıyırsınız: Rahib Məmmədov 20 yaşında ikən, 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq və qəhrəmanlıq göstərərək, təbii fəlakət zamanı 28 gürcünü seldən xilas edib və qəhrəmanlıqla həlak olub. Kənddə qəhrəmanımız Rahib Məmmədovun adı 300 yerlik tam orta məktəbə verilib. Vətən müharibəsi zamanı bombardman edilib dağıdılmışdı, təmir edilib. "Rahib Məmmədov adına Döyuş Şöhrəti" müzeyi də igid həmyerlimizə ehtiramın bir nümunəsidir.

 

I Qarabağ müharibəsində də, Vətən müharibəsində  də Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda şəhid olan oğulların xatirəsi həmişə qəlbimizdə yaşayacaq. Bu kəndin oğulları da Vətən yolunda canından keçib.Bəli, milli kimliyimiz,  mentalitetimiz,  ləyaqətimiz məhz xalqın belə  qiymətli oğullarının çiyinlərində yüksəlir.

 


Bayaq qeyd etdiyim kimi, camaat çox zəhmətkeşdir. Qarqarçaydan 11 km məsafədə yerləşməsi ərazidə su bolluğu deməkdir. Kənddə su bolluğu məhsulun bol olması deməkdir. Odur ki, taxıl , pambıq, tərəvəz, bostan bitkiləri sahələrinin, meyvə bağlarının ucu-bucağı görünmür.
Kəndlə tanışlığınız bura qədər. Bu gün Mahrızlı kəndində başqa bir mövzudan bəhs edəcəyik. Beləki, kənd sakini Qədir Qədirov bizimlə söhbət əsnasında bildirdi ki, Kəndin alt hissəsində, taxıl sahələrindən aşağıda bir bulaq var, gecə -gündüz özbaşına axır. Su o qədər yumşaq və yüngül sudur ki, kəndə qonaq gələnlər onun suyundan içməsə , hətta iri bir su qabı ilə oradan su aparamasa olmaz. kənd əhli iddia edir ki, canında ağrı –acı olan, bulağın suyundan 10 gün ardıcıl içərsə sağalır.
 

Qədirov bildirdi ki, bəzən işıqlar sönəndə , kənddə heç bir artezian işləməyəndə camaat suyu gəlib burdan aparır.
Müsahibimdən bu bulağın tarixi haqqında da soruşdum. Dedi ki, hələ 1965 –70 -ci illərdə neft axtaranlar bu ərazilərdə də qazma işləri aparıb, dərinlikdə neft olacağını düşünüb. Həmin qazıntı yerindən bu bulaq qaynayıb, çıxıb. Bulaq həmin neftçilərdən yadigardır.
Həmsöhbətim arzusunu da dilə gətirdi. Ded ki, kaş bu suyun tərkibi öyrəniləydi, doğrudan da faydalı, müalicəvi sudursa, burada bir sanatoriya üslubunda, kiçik  bir tibb məntəqəsi də tikəydilər. Bu gözəllikdə nemət də havayı axıb getməyədi. Amma bulağın istifadəsinin   ən mümkün  variantını isə onu kəndin içərisinə  qədər gətirdib, orada şəhid adına tikilmiş bir bulağa calamaq olduğunu da Qədirov bir arzusu kimi qeyd etdi.

 P.S. UNUTMAYAQ: BIR DAMLA SU BIR HƏYATI XILAS EDIR…

Əntiqə Rəşid