adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Mart 2023 07:39
3183
LAYİHƏ

Məişət zorakılığının qarşısının alınması istiqamətində maarifləndirici tədbirlər

Təəssüf ki, məişət zorakılığı halları bu gün dünyada və Azərbaycanda bir reallıqdır. Azərbaycanda bu sahədə effektiv mübarizənin təşkili üçün hüquq-mühafizə orqanları ilə bərabər xüsusi dövlət qurumu - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də yaradılıb.

Əgər Azərbaycanda 2021-ci ildə qadınlarla bağlı 5593, o cümlədən zorakılıqla müşayiət olunan 2197 cinayət hadisəsi, 1536 zərərçəkmiş şəxs olubsa, 46 qadın ölübsə, 2022-ci ilin 9 ayında isə məişət zorakılığı ilə bağlı 1100-dən çox cinayət hadisəsi qeydə alınıb, əmin hadisələr üzrə 1088 nəfər (893 qadın, 195 kişi olmaqla) xəsarət alıb, 55 nəfər (12 kişi və 39 qadın) ölübsə, deməli, məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərə xüsusi diqqət yetirilməlidir.

 

Mübarizənin üsulları

 

Məişət zorakılığının qarşısının alınması sahəsində tədbirləri 3 növə ayırmaq olar. Bura hüquqi, sosial və qabaqlayıcı tədbirlər daxildir.

Hüquqi xarakterli tədbirlər məişət zorakılığı hallarının araşdırılması, məişət zorakılığına yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsini ehtiva edir. Məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi tədbirlər aşağıdakılardan ibarətdir:

- məişət zorakılığı ilə bağlı cinayət təqibinin həyata keçirilməsi;

- məişət zorakılığı törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi;

- zərər çəkmiş şəxslərin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin müdafiəsi, araşdırmanın aparıldığı müddət ərzində müraciət etmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi;

- zərər çəkmiş şəxslərin dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi;

- məişət zorakılığı ilə bağlı işlərə dair məhkəmə qərarlarının icrasının təmin edilməsi;

- məişət zorakılığı ilə bağlı verilmiş xəbərdarlığın icrasına nəzarətin həyata keçirilməsi;

- məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxslərin qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması;

- məişət zorakılığı ilə bağlı statistik məlumatların toplanması;

- qanunvericiliklə müəyyən edilmiş qaydada məişət zorakılığı ilə bağlı məlumatların konfidensiallığının təmin edilməsi;

- qeyri-dövlət yardım mərkəzlərinin fəaliyyəti ilə bağlı normativ tənzimləmənin və həmin mərkəzlərin akkreditasiyasının həyata keçirilməsi.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi daha effektiv mübarizə üçün gender əsaslı zorakılığın, məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsini, xüsusilə də məişət zorakılığına görə cərimə ilə bağlı sanksiyalara, tərəflərin barışması əsasında inzibati işlərə hər dəfə xitam verilməsi məsələsinə yenidən baxılmasını, cinayət qanunvericiliyinə məişət zorakılığı ilə bağlı normaların daxil edilməsini, məişət zorakılığı hallarının araşdırılması üzrə mexanizmin təkmilləşdirilməsini təklif edir. Eyni zamanda seksual qısnamaya, ayrı-seçkiliyi əks etdirən iş elanlarına görə sanksiyaların müəyyən edilməsi üçün qanunvericiliyə dəyişikliklərin edilməsi də Dövlət Komitəsinin təklifləri sırasında yer alır.

“Məişət zorakılığından zərər çəkmiş şəxslərin məhkəməyə çıxış imkanları: mövcud vəziyyət və onun təkmilləşdirilməsi istiqamətləri” mövzusunda araşdırma da aparılıb.

Sosial xarakterli tədbirlər zərər çəkmiş şəxslərin sosial müdafiəsi üzrə, o cümlədən müvəqqəti sığınacaqla təmin edilməsi, onlara dövlət hesabına hüquqi və tibbi yardımın göstərilməsi, habelə digər sosial yönümlü tədbirlərin həyata keçirilməsini ehtiva edir. Məişət zorakılığının qarşısının alınması sahəsində sosial tədbirlər aşağıdakılardan ibarətdir:

- zərər çəkmiş şəxslərin sosial müdafiəsinin təşkili, onlara müvafiq sənədlərin və ya qanunvericiliklə müəyyən edilmiş sosial müavinətlərin alınmasında kömək göstərilməsi;

- zərər çəkmiş şəxslərə təhsilin davam etdirilməsində kömək göstərilməsi;

- zərər çəkmiş şəxslərin işlə təmin edilməsində, yeni peşələrə yiyələnməsində kömək göstərilməsi;

- zərər çəkmiş şəxslərə dövlət vəsaiti hesabına tibbi yardımın göstərilməsi;

- zərər çəkmiş şəxslər üçün psixoloji reabilitasiya və psixoloji korreksiya kurslarının təşkili;

- zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin yaradılması;

- zərər çəkmiş uşaqların sosial qayğı ilə təmin edilməsi üçün tədbirlərin görülməsi;

- zərər çəkmiş şəxslərin sosial müdafiəsi istiqamətində digər tədbirlərin həyata keçirilməsi.

Məişət zorakılığından zərər çəkmiş şəxslərin və onların uşaqlarının zorakılıqdan sonra həyatlarını yenidən qurmalarına kömək etmək üçün psixoloji və tibbi yardım da daxil olmaqla, onlara göstərilən xidmətlərin böyük əhəmiyyəti vardır. Zorakılığa məruz qalmış və ya zorakılığa məruzqalma riski altında olan qadınların ehtiyaclarının xüsusi təlim keçmiş mütəxəssislərin köməyi ilə ən səmərəli şəkildə qarşılanması üçün həmin xidmətlər yaxşı təşkil olunmalı və maliyyələşdirilməlidir. Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin yaradılması aşağıdakı vəzifələrin icrasını nəzərdə tutur:

- məişət zorakılığından zərər çəkmiş şəxslərin beynəlxalq standartlara cavab verən, onların ehtiyaclarını tam qarşılaya bilən müvəqqəti sığınacaqla təmin edilməsi;

- yardım mərkəzlərinin ixtisaslı kadrlarla təmin olunması;

- yardım mərkəzlərində mütəmadi olaraq monitorinqlərin aparılması və onların fəaliyyətinin yaxşılaşdırılması.

Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi yolu ilə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin təşkili Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları qarışısında bir vəzifə olaraq müəyyənləşdirilib. Aidiyyəti qeyri-hökumət təşkilatları və yerli özünüidarəetmə orqanları da bu prosesdə aktiv iştirak etməlidir.

 

Milli Fəaliyyət Proqramında məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yaradılmış yardım mərkəzlərinin monitorinqinin aparılması, aşkar olunan çatışmazlıqların aradan qaldırılması üçün lazımi tədbirlər görülməsi də bir vəzifə kimi qarşıya qoyulub.

Qeyd etmək lazımdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən məişət zorakılığından zərərçəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiya üzrə Komissiya yaradılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də həmin Komissiyada təmsil olunur. Komissiya tərəfindən məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım xidmətlərinin qiymətləndirmə meyarları da hazırlanıb. Məsələn, 2021-ci ilin iyun ayında 10 qeyri-dövlət yardım mərkəzində monitorinqlər aparılıb və aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması istiqamətində tövsiyələr verilib. Qiymətləndirmənin nəticəsi olaraq iki yardım mərkəzinin akkreditasiyası ləğv edilib.

Bununla bərabər, belə yadım mərkəzlərinin fəaliyyətinin genişlənməsi və sayının artmasına nail olunması da aktual məsələ kimi qarşıda durur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Məişət zorakılığından zərər çəkmiş şəxslərin məhkəməyə çıxış imkanları: mövcud vəziyyət və onun təkmilləşdirilməsi istiqamətləri” mövzusunda araşdırma da aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin “Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsi”nin “Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzi şöbəsi” zərərçəkənlərə sosial xidmət göstərir.

Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün 24 saat, 7 gün açıq olan ödənişsiz 860 Qaynar xətt xidmətinin təşkili də effektiv vasitə kimi özünü təsdiqləməkdədir.

 

Qabaqlayıcı tədbirlərin önəmi

 

Məişət zorakılığına qarşı mübarizə tədbirləri sırasında qabaqlayıcı tədbirlər isə xüsusən önəmlidir. Qabaqlayıcı tədbirlər əhali arasında məişət zorakılığının mənfi hüquqi, tibbi və sosial nəticələrinin izah edilməsi, məişət zorakılığının qarşısının alınmasına yönəlmiş digər maarifləndirmə tədbirlərinin təşkilini ehtiva edir.

Məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlər məişət zorakılığının qarşısının alınmasına, ailələrdə normal münasibətlərin yaradılmasına, məişət zorakılığı hallarının və ondan yaranan mənfi hüquqi, tibbi və sosial nəticələrin aradan qaldırılmasına yönəlir. Məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlər aşağıdakılardan ibarətdir:

- məişət zorakılığı əleyhinə maarifləndirmə işinin aparılması;

- məişət zorakılığı hallarının və onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin izah edilməsi;

- məişət zorakılığının qarşısının alınması üsullarının izah edilməsi;

- əhali arasında yüksək mədəniyyətə və qarşılıqlı hörmətə əsaslanan ailə münasibətlərinin təbliğ edilməsi;

- məişət zorakılığına səbəb olan halların araşdırılması, təhlil edilməsi, onların qarşısının alınmasına yönəlmiş tövsiyələrin, proqramların hazırlanması, maarifləndirmə tədbirlərinin təşkili;

- məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması;

- məişət zorakılığına görə qanunvericiliklə müəyyən olunmuş məsuliyyətin izah edilməsi;

- məişət zorakılığı törətmiş şəxslərə belə halların təkrarlanmaması barədə xəbərdarlıq edilməsi;

- məişət zorakılığı ilə bağlı sorğuların keçirilməsi.

Qeyd edək ki, Dövlət Komitəsi tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi, Litva və Avstriyadan olan müvafiq təşkilatların tərəfdaşlığı ilə “Azərbaycanda məişət zorakılığına məruz qalan şəxslərin təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində Beynəlxalq “Dulut” standartı əsasında məişət zorakılığı törədən şəxslər üçün reabilitasiya proqramı hazırlanıb. AQUPDK, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Probasiya Xidmətinin əməkdaşları üçün “Təlimçilərin təlimi” təşkil olunub. “Məişət zorakılığı törətmiş şəxslərlə iş üçün müdaxilə proqramı” zorakılıq barədə təsəvvürləri genişləndirir və fərdlərə onların məişət mühitindəki zorakı davranışının formalarını, miqyasını və nəticələrini tənqidi şəkildə anlamağa kömək edir.

Qadınlara və uşaqlara qarşı törədilmiş ailə-məişət xarakterli zorakılıq əməllərinin qarşısının vaxtında alınması və operativ tədbirlərin görülməsində Daxili işlər Nazirliyinin “102” Xidməti-zəng mərkəzinin, elektron poçt ünvanının, Dövlət Komitəsinin 860 nömrəli və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 116, 123 nömrəli qaynar xətlərinin mühüm rolu var. Məsələn, təkcə 2021-ci ildə ailə münaqişəsi zəminində daxil olmuş məlumatlar üzrə görülən operativ savab tədbirləri ilə 10587 (on min beş yüz səksən yeddi) hüquqa zidd əməlin qarşısı alınıb. 2020-ci illə müqayisədə 2021-ci ildə məişət zorakılığından zərər çəkmiş şəxslərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə verilmiş mühafizə orderlərinin sayı da artıb Belə ki, yerli icra hakimiyyəti orqanları tərəfindən 69 qısamüddətli (2020-ci ildə bu rəqəm 38 olub), məhkəmələr tərəfindən 4 uzunmüddətli (2020-ci ildə bu rəqəm 2 olub) mühafizə orderləri verilib. Orderlərin icrasına nəzarət Ədliyyə Nazirliyinin İcra və Probasiya şöbələri tərəfindən həyata keçirilib.

Məişət zorakılığından zərərçəkənlər üçün qeyri-dövlət yardım mərkəzlərinin sığınacaqlarında yerləşdirilmiş şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı Dövlət Komitəsi qurumlararası əlaqələndirməni həyata keçirmiş və onların müdafiəsinin təşkili məqsədilə aidiyyəti qurumlar qarşısında məsələ qaldırıb.

O cümlədən Dövlət Komitəsi BMT-nin Əhali Fondu ilə əməkdaşlıq çərçivəsində 25 noyabr- 10 dekabr tarixlərində “25 noyabr-Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr edilmiş kampaniyası çərçivəsində çoxsaylı tədbirlər həyata keçirilir.

“Məişət zorakılığının yayılma səviyyəsinin və onu törədən səbəblərin monitorinqi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ünvanlanmış müraciətlər əsasında araşdırmaya dair” Hesabat hazırlanıb. Araşdırmanın əsas məqsədi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2021-ci ilin ilk üç ayı ərzində ünvanlanmış müraciətlər əsasında məişət zorakılığının müxtəlif formalarının baş vermə səbəbləri nin, məişət zorakılığının əsas fəsadlarının müəyyən edilməsi, məişət zorakılığı ilə mübarizədə mövcud hüquqi və institusional mexanizmlərin qiymətləndirilməsi, məişət zorakılığının qarşısının alınmasına yönəlik mexanizmlərin təkmilləşdirilməsi istiqamətində təkliflərin verilməsi olub. Araşdırmanın nəticələri onu göstərir ki, məişət zorakılığına məruz qalanların böyük əksəriyyəti orta təhsilli şəxslərdir. Sorğuya cəlb olunmuş respondentlərin 78%-nin işsiz, 22%-nin məşğul olması onu göstərir ki, məişət zorakılığına daha çox işsiz şəxslər (xüsusilə işsiz qadınlar) məruz qalırlar. Bu, qadınların məşğulluğunun təmin edilməsi istiqamətində daha geniş proqramların həyata keçirilməsinə ehtiyac olduğunu göstərir.

Qurbanlara qarşı zorakılıq həm intim partnyorları, həm də intim partnyorları olmayan şəxslər tərəfindən törədilir. Zorakılıq törədənlərin 33%-i qurbanların əri, 16%-i keçmiş əri, 6%-i qanuni nikahda olmadan birgə yaşadığı şəxsdir. Araşdırmanın nəticələrinə görə mövcud stereotiplər (71%), kənar şəxslərin müda– xiləsi (62%), alkoqol və narkotik asılılığı (61%), xarakterdə zorakılığa meyllilik (56%), maddi problemlər (54%), qısqanclıq (45%) və uşaqlıqda yaşanan zorakılıq təcrübəsi (42%) məişət zorakılığında daha çox rol oynayan səbəblərdir. “Məişət zorakılığına məruz qaldıqdan sonra kömək üçün müraciət etmisinizmi?” sualına cavab verən respondentlərin 31%-i ümumiyyətlə müraciət etmədiklərini bildiriblər. Müraciət etməyənlərin 12%-i məlumatsız olmaları, 26%-i müraciət edəcəkləri təqdirdə daha ağır zorakılığa məruz qalacaqlarından qorxmaları, 32%-i el qınağından çəkindikləri, 30%-i ailənin dağıla biləcəyindən narahatlıq keçirdikləri səbəbindən müraciət etmədiklərini bildiriblər. Kömək üçün müraciət edənlərin 68%-i polis, prokurorluq və məhkəmə orqanlarına, 12%-i dostlara və qohumlara, 5%-i yardım mərkəzləri və sığınacaqlara, 3%-i ictimai təşkilatlara, 12%-i digər kömək vasitələrinə (ƏƏSMN-ə, psixoloqlara, ictimai təşkilatlara, televiziya proqramlarına) müraciət ediblər. Dövlət orqanlarına kömək üçün müraciət etmiş respondentlərin 25%-i görülən tədbirlərdən tam razı qaldığını, 42%-i qismən razı qaldığını, 33%-i isə razı qalmadığını bildirib.

Avropa Şurasının dəstəyi ilə “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi də həyata keçirilib.

 

Fuad Hüseynzadə

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Məət zorakılığına qarşı ictimai maarifləndirməyə dəstək” layihəsi çərçivəsində hazırlanıb.