Mən belə də yaxşıyam... - Tural Cəfərlinin şeirləri
DAD
Ölümün də “öz dadı” var deyirlər,
Deyirlər ki, yaşamaqdan yorulanda-
Adamlar ölür beləcə...
Necə? Ya gecənin birində,
Ya sübhün ən gecində,
Hər necəsə, adamlar yaşamaqdan-
Yorulanda ölürmüş sən demə...
Bəs ölümün dadını-necə bilir sağ olanlar?!
Göz yaşının dadanlar, bəlkə elə bilirlər-
Ölüm də belə dadır...?!
Yoxsa hardan bilsin axı, ölümü dadmayanlar-
Necə dadı var ölümün...?!
Mən belə də yaxşıyam...
Küçə-küçə azalıram, döngə-döngə yoruluram,
Hər gün bir az da yox oluram, bir az da itirəm hamıdan...
Əvvəl məni axtaranlar, indi heç itirmirlər,
Mən də heç soruşmuram, guya heç nə bilmirəm...
Halbuki yerim bəlli, yurdum bəlli adamam,
Nə olsun axtarmırlar, mən belə də yaxşıyam,
Başımın üstündəki qara buludla dostam,
İndi çoxdan düzəlib-
Ayağımın altında qara torpaqla aram...
Mən belə də yaxşıyam, belə də darıxmıram,
Ağacların dilindən, küləklərin halından-
Daha çox anlayıram, daha çox xəbərdaram...
Gecəni gecə kimi, səhəri səhər kimi,
Yaşayıram çox şükür, hələ ağlım getməyib,
Hələ başım qaçmayıb, mən belə də yaxşıyam-
Daha heç nə demirəm, daha heç nə yazmıram-
Özümü eşidirəm, özümü oxuyuram...
Mən belə də yaxşıyam, inan mənə qadası,
Saçlarımın ağında, üzümün qırışında-
Bir az da gözlərimdə, böyümüşəm deyəsən,
Nə olsun yad olmuşam, nə olsun özgəyəm mən,
Özüm öz işığıma, izimə kölgəyəm mən...
Mən belə də yaxşıyam, təzyiqimi ölçürəm,
Nəbzim yelləncək bilir biləyimdə damarı,
Məni it də dişləmir, məni vurmur heç arı,
Bir gileyim də yoxdu, giley edərdim barı...
Soruşsan ki necəsən, bu suala qarşıyam,
Cavabımı bilirsən, mən belə də yaxşıyam...
Küçələr
İlahi, niyə bu şəhərin küçələri
Belə utancaq olur...?!
Kimi gözləyir belə, niyə danışmır axı,
Bu utancaq küçələri-
Payızda yağış yuyur, qışda küləklər yorur...
Kövrək baxışlarını sərir ayaq altına,
Unudulub elə bil, düşüb zalım əlinə,
Ancaq yadına düşür-
Kimsəsiz səfillərin, bir az da axmaqların...
Sual verirəm hərdən,
Niyə yanmır işığı-
Balaca mənzillərin, balaca daxmaların...?!
Hanı bu küçələrin xatirəsi, yaddaşı,
Hara atıblar görən, ayağa dəyən daşı?
Utancaq uşaq kimi, qısılıbdı bir yana,
Hələ ki, sözə baxır, hələ çıxmır sıradan,
Bu küçələr axırda bezəcəkdi hamıdan,
Bir gün yır-yığış edib, çıxacaqdı aradan...
Digər Xəbərlər
21 Sentyabr 2026 13:14
Əbülfət Mədətoğlu: ÜRƏYİM
21 Sentyabr 2026 12:27
İLQAR TÜRKOĞLU - CAVAD CAVADLININ 100 İLLİK YUBİLEYİNƏ
21 Sentyabr 2026 12:26
Nizami Cəfərov fenomeni
21 Sentyabr 2026 11:53
Aida İmanquliyeva – Şərqşünaslıq elmində yaşayan ömür
21 Sentyabr 2026 11:20
MÜASİR CƏMİYYƏTDƏ PRAQMATİK TƏHSİL PROBLEMİ VƏ FƏLSƏFƏSİ
21 Sentyabr 2026 10:37
Abid Tahirlinin elmi və bədii yaradıcılığının fundamental təqdimatı
20 Sentyabr 2026 10:09
Qulu Ağsəs: az sözə bir dünya sığdıran Şair
18 Sentyabr 2026 20:50


Bakı -°C

