Mən hara  qədər haqlıyam?.. - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
1592 | 2024-06-20 10:40

Hərdən düşüncələrə dalanda, özüm də hiss etmədən , çox-çox uzaqlara çıxıb gedirəm. Doğrudur, fikir də, xəyal da bizim özümüzdən çox yüyrəkdi. Ona görə də bəzən o fikirin, o xəyalın arxasınca düşmək heç bir müsbət nəticə vermir. Çünki çata bilmirik. Görünür «Ötən günə gün çatmaz» deyənlər məhz bu məqamı nəzərdə tutublar.

Elə  mən də  bütün olmuşların və olacaqların  özüm üçün hesabını çəkəndə, siyahısını tutanda həmişə bir sualı içimdə təkrarlayıram. Öz-özümə deyirəm ki, mən bu  həyatda  hara qədər haqlıyam?..

Yəqin ki, sizlərdən də kimsə bu sualı özünə verir və yaxud da  verəcək. Ona görə ki, bu həyat sualıdı. İstər məişətdə olsun, istər ailədə, istər işdə, istər özəl dünyada. Demək, harda varsansa  və deməli  orada nə iləsə məşğulsan, nəsə edirsən, nəsə görürsən, nəyinsə iştirakçısısan. Bax, bütün bu nəisələr isə sonda insanı   həmin o qarşılaşdığı suala doğru çəkib aparır .  Və  gedə-gedə də  özün-özündən soruşursan ki, bütün bunlarda haqlıyam ,  yoxsa yox... 

Doğrudur, bu sualın özündə bir ziddiyyət var. O ziddiyyət də hər kəsin öz yanaşmasından, öz baxış bucağından keçir. Çünki sənə doğru görünən başqa birisinə yanlış təsir bağışlayır. Bax, bu da ziddiyyəti ortaya çıxarır. Elə sevgidə də, həsrətdə də, kədərdə də, vusal da da bu baxış öz sözünü deyir. Kimsə çəkdiyi həsrəti faciə sayanda başqa biri onu vüsaldan da üstün tutur və yaxud da əksinə. Deməli, həyat onu necə dərk etməyimizdən qaynaqlandığı kimi, hisslərimiz də onu necə yaşayıb necə qəbul etməyimizdən ibarət olmaqla təsir dairəsi yaradır. 

Bu mənada mənim duyğulara, hislərə, xüsusilə də sevgiyə olan münasibətim kədərimə olan münasibətimin ortağıdı. Yəni iksi də mənə doğmadı, iksini də mən yaşayıram. Deməli, bütün hallarda  yekun nəticə  çıxarsaq  mən qazanmışam!.Elə  bu  "qazancın " təsiri  altında da yazmışam ki:

 

Mənim kədərim də özüm kimidi,

Hərdən unudulub qalır bir küncdə…

Günüm də günlərin sarı simidi –

Fərqlənir o ancaq qalanda dincə!..

 

Nə qapı döyülür, nə telfon dinir,

Hətta qulağım da cingildəmir heç…

Ümid pilə-pillə aşağı enir –

Baxıb köks ötürmə, yanımdan düz keç.

 

Düyünü çoxalır sözsüz ahların,

Artır titrəyişi barmaqların da…

Yerin qoruyuram mən günahların –

Üzün köçürərək varaqlarımda.

 

Oxşarım kədərin, halları çox vaxt,

Çevrəmi qaçırır, bezdirir məndən!..

Sən, belə hallarda özünü toxtat,

Bil ki, son nəfəs tək tutmuşam səndən!..

 

Bəli, özünün toxtaqlığını, bütünlükdə isə həyatını necə deyərlər ,ovcunda tutub saxlamaq asan olmasa da, dərk edilməsi zəruri olan bir nüans var. O da vaxt anlayışıdı. Vaxt əldən çıxanda , ondan istifadə etməyəndə geri qaytarmaq olmur. Hər kəs kimi mən də başa düşürəm ki, dünəni geri qaytarmaq mənim gücümdə deyil. Hətta  tutub saxlamaq  istəyi də  onun kimi !.. Və bu günə qədər tanıdığım, oxuduğum, izlədiyimi hansısa bir söz adamında vaxta güc gəldiyinin şahidi ola bilməmişəm. Əksinə, vaxtında sözünü deyib işini görənləri, öz istəklərini gerçəkləşdirənləri tanımışam. Bu gün də belələri kifayət qədər var. Bu da ondan xəbər verir ki, bizim yəni, mənim və sənin eyni suala eyni cavab verə bilməməyimiz həm də vaxta olan münasibətimizdən qaynaqlanır. İkimiz də ötən vaxt üçün təəssüf edirik. Amma ikimizdən birimiz qarşıdan gələn günə, vaxta inamla, inancla, necə deyərlər, bütün gücümüzlə hakim olmaq istəmirik. Onu da soyuqqanlıqla, necə deyərlər, sıradan biri kimi gözləyib və belə də qarşılayırıq. Hələ də itirdiklərimizdən dərs almırıq, itirəcəklərimizin fərqinə varmırıq. Bu da bir zamanlar bir şeirdə yazdığım kimi, içimizə axan göz yaşından başqa heç nə gətirmir. Bu şeirin birinci  bəndində yazmışdım ki:

 

Mənim kimim var ki, səndən savayı,

Başımı dizinə qoyub , ağlayım.

Olub keçənləri salıb yadıma,

Ahları çəkməkdən doyub ağlayıb.

 

Bəli, ağlamaq yüngüllük gətirə bilər, necə ki, dolmuş bulud özünü sirkələyib yağışa çevriləndə sakitləşir, rahatlanır… Bax, biz də bir Allah bəndəsi olaraq içimiz yüklənəndə, təklik, tənhalıq, qayğılar, cavabsız hislər ürəyimizi partlatmaq istəyəndə gücümüz ağlamağa çatır və bununla da sığındığımız küncdə sanki kədəri əynimizdən çıxarıb atırıq -  köhnə paltar kimi. Amma qəbul etmək istəmirik ki, kədər sovrulub atılmır... Kədər də südlə gələn sümüklə çıxdığı kimi yalnız sevinc güc gələndə arxaya çevrilir. O da ki, hər adama nəsib olmur. Deməli, bizim kədərimiz özümüzlə yol-yoldaşıdır, kölgəmizdir, hər yerdə izləyir bizi. Biz də onu içimizdə hər yerə aparırıq…

Mən dünyanı sevgiyə qaldığına və qalacağına inanıram və ona da inanıram ki, dünyada ancaq sevgi qalacaq. Kimlərinsə timsalında, kimlərinsə ömründə Məcnun sevgisi qaldığı kimi, Leylinin sevgisi qaldığı kimi. Amma mənim sevgimin vüsalından çox kədəri həmişə xatırlanacaq. Və yaxud da özünü xatırladacaq. Bunu siz də özünüz üçün sual kimi düşünün və görün mən nə və hara qədər haqlıyam?.

TƏQVİM / ARXİV