"Mən həmişə belə situasiyanı sevmədiyin biri ilə evlilik yaşamağa bənzədirəm..." - MÜSAHİBƏ

Bütün dünya ölkələrində olduğu kimi Azərbaycanüçün də davam edən dövlət quruculuğu və bunun tərkib hissəsi kimi hüquqi islahatlar çərçivəsində vəkillik institutunun inkişafı problemləri aktualdır. O cümlədən insan hüquq və azadlıqlarının məhkəmə müdafiəsi, bu zaman keyfiyyətli hüquqi yardımın göstərilməsində, hüququn aliliyinin təmin olunmasında vəkillik institunun müstəsna əhəmiyyəti var.Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü, tanınmış hüquqşünas, vəkil Vüsalə Məmmədova saytımızın növbəti müsahibi oldu. Müsahibəni sizin diqqətinizə çatdırırıq;
- Zəhmət olmasa özünüz barədə bir az məlumat verəsiniz!
- Salam. Mən Məmmədova Vüsalə Rəhman qızı Ağdam rayonunda anadan olmuşam. Daha sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr və magistratura pillələri üzrə təhsil almışam. Bundan sonra həm özəl həm də dövlət orqanlarında işləməklə karyerama başlamışam. Hazırda həm hüquqşünas həm də vəkil kimi fəaliyyətimi davam etdirirəm.
- Bu ixtisası seçərkən məqsədiniz vəkil olmaq idi yaxud başqa hədəfləriniz var idi?
- Bəli vəkil olmaq mənim üçün ilk olaraq uşaqlıq arzusu idi. Təbii ki, hər kəsin bir marağı olduğu ixtisas, peşə olur. Daha sonra bu uşaqlıq arzusu mənim üçün bir məqsədə çevrildi. Hazırda mən uşaqlıq arzumu gerçəkləşdirmişəm. Məqsədinə çatmış biri kimi çox xoşbəxtəm. Və kiminsə hüquqlarını müdafiə etmək, kiminsə ümid yeri olmaq çox qürurvericidir.
- Bir xanım olaraq bu məsuliyyətli sahədə çalışmaq sizi yormur ki? Peşənizə olan sevginiz çətin məqamlarda köməyinizə çatırmı?
- Ümumiyyətlə mən düşünürəm ki, bütün ixtisas və peşələr məsuliyyətlidir. Sadəcə bunu dərk etmək yetərlidir. Əlbəttə ki, hüquqşünas və vəkil kimi çalışmaq özü - özlüyündə məsuliyyətlidir. Həmişə diqqətli, ehtiyatlı olmaq lazımdır. Hər bir insan bir peşəni seçərkən ona mütləq sevgi bəsləməlidir. Yoxsa o işində heç bir uğur əldə edə bilməz və bu yorucu olar. Mən həmişə belə situasiyanı sevmədiyin biri ilə evlilik yaşamağa bənzədirəm. Ya sevmədiyin işlə məşğul oldun ya da sevmədiyin şəxslə ailə qurdun. Mənə görə təxminən eyni vəziyyətdir.
- Belə bir fikir var ki, hüquq sahəsi qadınlar üçün daha risklidir. Kriminal vəziyyətlətlə, təhdidlərlə tez – tez üzləşməli olurlar. Buna görə də qadınlar üçün məsləhətli sahənin olmadığı kimi düşüncələr var.. Bəs siz öz təcrübənizsə bu kimi hallara rast gəlmisinizmi?
- Mən də hüquq peşəsini seçəndə mənə də deyirdilər ki, qadın üçün çətin sahədi. Amma mən hesab edirəm ki, bütün sahələrdə risklər, bəzən təhdidlər də var. Deyə bilərəm ki, mənim həmkarlarımdan, xüsusilə vəkillərdən təhdidlərə məruz qalanlar olub. Lakin həmin təhdid edənlər və qanun pozuntusuna yol verənlər layiqli şəkildə, qanun çərçivəsində cəzalandırılıblar.
- Sizcə Azərbaycanda insan hüquqları barədə və ümumiyyətlə hüquq sahəsində başlıca problemlər hansılardır? Bu problemlərin həll yollarını bir peşəkar mütəxəssis kimi nədə görürsünüz ?
- Biz hüquq sahəsində müxtəlif problemlərlə rastlaşırıq. Belə ki, vergi - hüquq istiqamətində qanunvercilikdə tez – tez baş verən dəyişikliklər, digər qanunlarda boşluqların olması və s. çətinliklərə səbəb olur. Bununla bərabər qanunundakı o boşluqlar zaman – zaman aradan qaldırılır, yeni qanunlar və onlara əlavə və dəyişikliklər edilir. Bununla da problemlər müəyyən mənada aradan qaldırılır. Hüquq sahəsindəki digər problem isə hüquqşünasların ixtisaslaşmaması ilə bağlıdır. Beləki həkimlər üçün olduğu kimi hüquqşünaslarda da ixtisaslaşma olmalıdır. Və bu ixtisaslaşma peşəkarlığın artırılması üçün çox önəmlidir.
- Vüsalə xanım mütəmadi olaraq istər sosial şəbəkələrdən istərsə də mediadan vətəndaşların məlumatlandırılması və hüquqlarını müdafiə etmələri üçün paylaşımlar və çıxışlar edirsiniz. Bəs əmək hüquqları pozulan vətəndaşlara tövsiyyəniz nə olardı?
- İlk növbədə əmək hüquqlarının pozulduğunu zənn edən vətəndaş araşdırma aparmalıdır. Vətəndaş bunu həm hüquqşünasın köməyi ilə və ya Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin 142 Çağrı mərkəzinə zəng vuraraq hüququnun pozulub – pozulmadığını müəyyən edə bilər. Əgər hüquq pozuntusu varsa vətəndaş həm məkhəməyə həm də Dövlət Əmək Müfəttişliyinə müraciət edə bilər. Hər iki müraciəti həm elektron həm də ənənəvi qaydada etmək mümkündür. Məhkəməyə müraciət zamanı mediasiya prosesi keçirildikdən sonra vətəndaş iddia qaldırmaq imkanı əldə edir. Bu sahədə əsas şikayətlər daha çox əmək müqaviləsinin bağlanmaması, işəgötürən tərəfindən əlavə iş saatlarının ödənilməməsi,məzuniyyət günləri işçinin işə cəlb olunması, müəyyən kateqoriyada olan şəxslər var ki, onların ağır işlərdə işləməsi qadağandır lakin onlar belə işlərə cəlb edilir və bu kimi hallardır.
- Bir hüquqşünas olaraq bu peşəni seçməkdə israrlı olan gənclərə tövsiyyələriniz varmı?
- Bu peşəni seçən gənclərə tövsiyyəm o olardı ki, tələbə vaxtlarını dəyərləndirsinlər. Tələbəlik illərdə xarici dilləri öyrənsinlər. Özlərini inkişaf etdirsinlər. Heç vaxt özlərini inkişaf etdirmək üçün pul xərcləməkdən çəkinməsinlər. Özlərinə daim yatırım etsinlər.
- Vüsalə xanım maraqlı müsahibə üçün təşəkkür edirəm. Sağ olun!
- Mən də təşəkkür edirəm siz də sağ olun!
Söhbətləşdi: Bünyamin Bünyadzadə
Digər Xəbərlər

Əzimə AĞALAR: "Xatirələrə geri dönməyi heç sevmirəm" - MÜSAHİBƏ

İran Prezidenti Azərbaycan televiziyasına müsahibə verdi - VİDEO

Prezident Pekində Çinin CGTN telekanalına müsahibə verib - TAM MƏTN

“Bütün vaksinlər ÜST-ün təhlükəsizlik və effektivlik standartlarına cavab verir” - MÜSAHİBƏ

İlham Əliyev Çinin CGTN telekanalına müsahibə verdi - VİDEO+FOTO

İlham Əliyev Çinin "Sinxua" agentliyinə MÜSAHİBƏ VERİB

Nərmin Verdiyeva: Talassemiyanın yaranma səbəbi nədir? - MÜSAHİBƏ
