MEŞƏ VƏ YAŞILLIQLARIMIZI QORUYAQ VƏ ARTIRAQ

Qədim dövrlərdən bəri meşə yaşıllıqları insanın sadiq dostu hesab olunmuşdur. Meşədə bitən hər bitki gündəlik həyatda istifadə olunur. İnsanlar oradan göbələk və giləmeyvə toplayır, meşədə böyüyən bitkilər dərman məqsədləri üçün istifadə edilir. Meşələrin bəşəriyyət üçün əhəmiyyətini qiymətləndirmək çətindir, çünki o daha geniş və müxtəlifdir. Ölkələrdə baş verən sənaye İnqilabının nəticəsi olaraq son 100-150 il ərzində dünyanın hər yerində, xüsusən inkişaf etmiş sənaye ölkələrində meşə sahələri amansızcasına qırılmış və ötən əsrin ikinci yarısında bunun ciddi ekoloji fəsadları hiss olunmağa başlanmışdır. O vaxtdan bir sıra sənaye ölkələrində geniş meşəsalma işləri, şəhərlərdə geniş parklar salınması, küçə və binaların ətrafında ağac və ekzotik bitkilərin yetişdirilməsi həyata keçirilməkdədir. Bəs görəsən nə üçün, hansı xüsusiyyətlərinə görə insanlar meşə və yaşıllıqların artırılmasına bu qədər diqqət yetirir?
Meşə yaşıllıqları aşağıdakı funksiyaları yerinə yetirirlər: Ağaclar havanın temperaturunu aşağı salır, çünki bitkilər günəş enerjisini zəif keçiricilik qabiliyyətinə malikdir, başqa sözlə, bitkilər istiliyi toplamır, əks etdirir. Elə buna görə də onların kölgəsində hava sərindir.
Bitkilər havanın rütubətini artırır. Məyər bu çox vacibdirmi? Əlbəttə!
Nəmliyin olması atmosferin əksetmə qabiliyyətini artırır, nəticədə Günəş şüalarının enerjisi (ultrabənövşəyi şüalar) Yer səthinə daha az çatır. Bu, bitki yarpaqlarının ümumi buxarlanma sahəsinin digər əkinlərin tutduğu ərazidən təxminən 20 dəfə çox olması səbəbindən baş verir. Məsələn, il ərzində yalnız bir hektar meşə atmosferə 1-3,5 min ton rütubət verir ki, bu da sonradan harasa yağıntı kimi düşür.
Meşə yaşıllıqları külək rejiminə təsir göstərir- belə ki, ağacın gövdəsinin bərkliyindən, hündürlüyündən, yerləşməsinin sıxlığından asılı olaraq hava kütlələrinin hərəkətlilik dərəcəsini azaldır.
Meşə yaşıllıqlarının əlverişli şəhər mühitinin formalaşmasında rolu əvəzolunmazdır.
Meşə yaşıllıqları şəhərin rahat və əlverişli ekoloji mühitinin formalaşmasında mühüm rol oynayır. Şəhər landşaftında oksigen və fitontsidlərin sərbəst buraxılması, havanın ionlaşması, tozun çökməsi, səs-küyün udulması və bir növ mikroiqlimin əmələ gəlməsi ilə əlaqəli ən vacib funksiyaları yerinə yetirirlər. Bitkilər havada olan zəhərli qazların 50-60%-ni udur. Yaşıllıqlar olan sahələr şəhər sakinlərinin emosional vəziyyətinə faydalı təsir göstərir, harmoniya əldə olunmasına yardım edir, böyük estetik və rekreasiya dəyəri daşıyırlar.
Şəhərlərin yaşıl sahələrinin ən vacib funksiyalarından biri rekreasiya, struktur- planlaşdırma və dekorativ-bədii xüsusiyyətlərlə yanaşı ətraf mühitin zəhərli maddələrdən təmizlənməsindən ibarət olan sanitariya-gigiyenik roludur. Bitkilər ətraf mühitin oksigenlə zənginləşməsində və yaranan karbon dioksidin udulmasında əvəzolunmazdır.
Orta ölçülü bir ağac gündə üç nəfərin nəfəs alması üçün lazım olan qədər oksigen buraxır. Bitkilər şəhər mühitinin mikroiqlimini yaxşılaşdırır, torpağı, binaların səthini, yol örtüyünü həddindən artıq istiləşmədən qoruyur və açıq havada qalmaq üçün rahat şərait yaradır. Yayda ağac əkinləri olmayan şəhər ərazilərində havanın temperaturu bitki örtüyü olan sahələrə nisbətən daha yüksəkdir. Böyük buxarlanma qabiliyyətinə malik olan yaşıllıqlar havanın rütubətinə və temperaturuna nəzərə çarpacaq təsir göstərir. Yaşıl sahələr rütubəti tənzimləyir.
Quraqlıq dövründə bitkilər buxarlanmanı artırır, yüksək rütubət yaradan su buxarları yarpaqlarda kondensasiya olunaraq sərinlik yaradır. Şəhərdəki mikroiqlimi təyin edən amil də havanın hərəkətidir.
Yaşıl sahələr, tam sakit şəraitdə də havanı hərəkətə gətirə və təravətləndirə bilən daimi hava axınlarının meydana gəlməsinə kömək edir. Ağac və kollardan istifadə edərək bütün şəhər ərazisinin və ya onun ayrı-ayrı hissələrinin havalandırılmasını yaxşılaşdırmaq, şəhəri əlverişsiz küləklərdən qorumaq, havanın sürətini tənzimləmək və hava axınlarının istiqamətini dəyişdirmək mümkündür.
Yaşıl sahələrin səs-küyə qarşı təsiri bitkilərin yarpaqlarının səsi əks etdirmə və udma funksiyaları ilə ifadə olunur. Ağacların gövdələri səs enerjisinin 20-70% - ni udur. Yaşayış və sənaye zonalarında bitki örtüyü səs-küyü 2-2,5 dəfə azaldır. Bununla da biz ağac və yaşıllıqların həyatımızda oynadığı rolun əhəmiyyətini qısaca şərh etdik.
Azərbaycan azmeşəli ölkələr sırasındadır. Qonşularımuz Rusiya Federasiyası ərazisinin 30%-dən çoxu (dünya meşələrinin 1/3), Gürcüstanın 39%-i, Vətənimiz Azərbaycanın isə 11,4%-i meşə ilə örtülmüşdür.
Paytaxtımız gözəl Bakının yaşıllaşdırılmasının maraqlı tarixi olmuşdur. XIX əsrin ortalarına qədər İçərişəhərdəki xan evinin (Şirvanşahlar sarayı bura aid deyil) və bəzi varlı adamların həyətyanı sahələrindəki nar kollarının və əncir ağaclarının tək-tük əkinlərləri istisna olmaqla Bakı əslində yaşıllıq olmayan bir şəhər idi. Azərbaycanın digər şəhərlərində olduğu kimi, Bakıda da ictimai bağlar yox idi.
Təbii ki, ilk əvvəl buna mürəkkəb iqlim şəraiti səbəb olmuşdu. Bakının XIX əsrin sonlarında - XX əsrin əvvəllərində dünyanın ən böyük neft-sənaye mərkəzlərindən birinə çevrilməsi nəticəsində sürətlə böyüməsi şəhərin planlaşdırma sisteminin və landşaft memarlığının inkişafına kömək etmişdir.
Bu gün Bakının çoxsaylı parklarının kölgəli xiyabanlarında gəzərkən az adam taparsan ki, onların yaradılmasının nə qədər çətin olduğunu təxmin etsin. Belə ki, Abşeron yarımadasının quru iqlimlə və təbii landşaftın mürəkkəbliyi ilə seçilməsi hamımıza bəllidir. Bu yerlər az miqdarda bitki örtüyü olan səhra və yarımsəhra landşaftı ilə xarakterizə olunur. Hazırda Bakımız öz ətrafları ilə əsl bağ-şəhərdir. Fəqət buna nail olmaq üçün çox işlər görülmüşdür.
Yayın istisində öz kölgəsi ilə bizi Abşeronun qızmar günəşinin atəşindən qoruyan ağaclar, bir neçə nəslin böyük əməyi sayəsində boya-başa gətirilmişdir. Quru iqlimə baxmayaraq, Bakıda çoxlu sayda park və bağlar salınmışdır. Paytaxtımızın yaşıllaşdırılması prosesinin tarixcəsinə nəzər salsaq görərik ki, bu bilavasitə XIX əsrdə baş vermiş iki mühüm hadisə - Mərkəzin 1859-cu ildəki dağıdıcı zəlzələdən sonra Şamaxıdan Bakıya köçürülməsi və ilk şəhər su kəmərinin çəkilməsi ilə əlaqədar olmuşdur. Quberniya mərkəzinin Şamaxıdan Bakıya köçürülməsindən sonra şəhər Özünüidarəetməsi quberniya başçısı üçün məhdud insanlar tərəfindən istifadə olunacaq ilk bağın salınması məsələsini qaldırdı. Bakıda yaşıl memarlığın yaranması görkəmli, nüfuzlu şəxslərlə bağlı oldu. Nüfuzlu cənablar üçün Qubernator bağı, Bayıl qəsəbəsində isə Admirallar bağı salındı. Bakı dəmiryol vağzalının tikilməsindən əvvəl - 1882-ci ildə ona yaxınlıqda bir bağ salındı ki, bu bağ indi Səməd Vurğunun adını daşıyır. Bir qədər sonra, XIX əsrin 80-ci illərinin sonlarında şəhərin mərkəzində Molokan bağı və Parapet bağı quruldu. Molokan bağının adı bir neçə dəfə dəyişdirildi. Bağ XIX əsrin 70-ci illərinin əvvəllərində molokanlar icmasının yerində yaranmış və Mariinski bağı adlandırılmışdı, sonralar Molokan bağı, Aşum Əliyev bağı, “9 Yanvar bağı” adlanırdırılmışdı və indi Xaqani bağı adlanır.
Hazırda möhtəşəm Bakı bulvarı dünyanın ən seçmə bulvarlarından biridir.
Bakının yaşıl örtüyündən danışarkən AMEA-nın Mərkəzi Nəbatat Bağını xatırlamamaq olmaz. 1934-cü ildə Bakının dağlıq hissəsində xüsusi ayrılmış ərazidə Botanika İnstitutunun və Nəbatat bağının təməli qoyulmuşdur. Bağın sahələrində Azərbaycan florasından bitki kolleksiyalarının, eləcə də ekzotik, texniki, dərman bitkiləri növlərinin yaradılması ilə yanaşı, elmi-tədqiqat işləri aparılır.
Bakının daha bir yaşıl vahəsi indi Şəhidlər Xiyabanı adlanan Dağüstü parkdır. Bu park hazırda Sovet İttifaqının dağılmasından sonra 20 Yanvar qurbanlarının və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların dəfn olunduğu Memorial əhəmiyyətli parka çevrilmişdir. Hazırda Bakıda çoxlu parklar və yaşıllıqlar vardır və onların genişləndirilməsi bu gün də uğurla davam etdirilir.
2001-ci ildə Ekologita və Təbii Sərvətlər Nazirliyi yaradılandan dərhal sonra meşələrin bərpası prioritet sayılmış “Azərbaycan meşələrinin bərpa edilməsi və artırılmasına dair Milli Proqram” hazırlanmış və icrasına başlanılmışdır.
Onu da qeyd edək ki, nədənsə biz adətən çox vaxt gündəlik həyatımızda rast gəldiyimiz neqativ hallar barədə yeri düşdü-düşmədi danışmağı və yazmağı daha çox xoşlayır, lakin, gördüyümüz fərəhli hadisələrdən danışmağı elə də sevmirik.
Uzun illər boyu Şamaxıdan Bakıya yola düşən insanlar, xüsusən Mərəzə qəsəbəsindən sonra şose yolunun yaxınlığında nə sağda, nə də solda bir dənə də olsun ağac-kol bitkisi görməzdilər. Yol olduqca cansıxıcı olardı. Ceyrankeçməzdən sonra ara-sıra yerlərdə təbii daşdan kobud hörülmüş tikililər-qoyun fermaları, ətrafda ucsuz-bucaqsız çöllər, tək-tək ucalan təpələr görünərdi. Adam məəttəl qalırdı ki, görəsən nə səbəbə bu boyda ərazidə bir dənə də olsa ağac, heç olmasa bir dənə kol bitkisi, yaşayış məntəqələri yoxdur? Nə üçün bu qədər torpaqlardə heç nə əkilmir?
Bu suallara qismən cavabı geoloq olandan sonra, daha doğrusu Azərbaycanın hidrogeoloji vəziyyəti ilə yaxın tanışlıqdan və tanınmış hidrogeoloqlarla təmasda olandan sonra tapa bildik. Haqqında söhbət saldığımız Şərqi Qobustan və Qərbi Abşeron əraziləri Ceyrançöl-Acınohur təcrid olunmuş yeraltı su hövzəsi kimi Azərbaycanın ən quraqlıq sahələrindən biridir. Bu yerlər yeraltı su ehtiyatları ilə kasaddır. Az miqdarda rast gəlinən yeraltı sular isə şordur, icməyə və bitkiləri suvarmaya yararlı deyildir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı-Şamaxı yolunun Cəngi qəsəbəsi ərazisində meşə əkini sahələri yaradan zaman bəziləri bu işə mənasız, baş tutmayacaq bir iş kimi baxırdılar. İlk əvvəl ortalığa bir çox şətinliklər çıxdı. Arid zonada əkilmiş süni meşə əkinlərinin suvarılması ən böyük problemə çevrildi. Əkin sahəsinə nisbətən yaxın su mənbəyi qəsəbənin yaxınlığından keçən Cəngiçay idi. Ərazidə yeralyı su mənbəyi olmadığına görə suvarma məqsədi ilə su həmin çaydan maşınlarla gətirilirdi. Tədricən dünyada mövcud olan müasir suvarma sistemi və vasitələrindən istifadə olunmağa başlanıldı və müsbət nəticələrə nail olundu. Hazırda Bakı-Şamaxı magistral yolu ətrafında inkişafda olan yüzlərlə hektar meşə əkinlərinə 30 km məsafədən borularla su gətirilir. Vaxtilə qədim İpək yolunun bir hissəsi olan bu yolla hətəkət edən insan 15-20 il əvvəl keçdiyi, darıxdırıcı təəssürat bağışlayan ərazidə gözoxşayan əsrarəngiz bir mənzərənin, tamamilə yeni bir ekosistemin yarandığının şahidi olur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi eyni zamanda Bakı-Quba, Bakı-Qazax, Bakı-Salyan, Ələt-Astara makistral yollarının ətrafında, gözəl paytaxtımız Bakı şəhərinin bir çox yerlərində böyük meşə sahələri yetişdirilməkdədir. Zığ-Heydar Əliyev hava limanına gedən yolunun ətrafları, Müşfiqabad qəsəbəsi, Bakının Bayıl yamacı, Binəqədi rayonunun Xocahəsən gölü ətrafı və qeyd edə bilmədiyimiz bir çox sahələr meşə yaşıllıqlarına bürünmüşdür.
Ölkəmizin işğaldan azad olunmuş Ağdam, Zəngilan, Cəbrayıl və b. sahələrində iri həcmli yaşıllaşdırma işləri görülməkdədir. Azərbaycan Respublikası Ekolgiya və Təbii Sərvətlər Nazirliyinin ölkəmizin ərazilərinin yaşıllaşdırılması ilə bağlı gördüyü möhtəşəm işlər həqiqətən təqdirəlayiqdir.
Hesab edirik ki, ümummilli, hətta ümumbəşəri əhəmiyyət daşıyan bu böyük işə hamılıqla dəstək olmalıyıq.
Biz insan olaraq, sevimli Vətənimizin vətəndaşı olaraq ölkəmizdə böyük zəhmət bahasına əldə olunan belə möhtəşəm nailiyyətləri mətbuatda işıqlandırmalı, həm də bu barədə danışmalıyıq ki, bunu hamı bilsin. Vaxtilə səhra və yarımsəhra landşaftına malik olan və istidən cadar-cadar olmuş qupquru Abşeron çöllərində yaradılmış gözoxşayan yeni mənzərələri və respublikanın avtomobil yollarının kənarlarında salınmış ürəkaçan meşə yaşıllıqlarını yaradan insanlar çox böyük iş görmüşlər. Çalışaq ki, bu vacib iş davamlı olsun, ölkəmizi başdan-başa yaşıllıqlara bürüyək, ölkəmizdə meşə massivləri, yaşıllıqlar nə qədər çox olarsa yeraltı və yerüstü su ehtiyatlarımız da artar. Dünyada ən dəyərli, daha doğrusu qiymətsiz sərvət olan su ehtiyatları bizə və gələcək nəsillərə çox lazımdır!
Aşağıda ölkəmizin müxtəlif ərazilərində salınmış çoxsaylı meşə sahələrindən bəzilərinin fotoşəklini diqqətinizə təqdim edirik.
P.S. Yazı müəlliflərinin Ekolgiya və Təbii Sərvətlər Nazirliyi ilə hal-hazırda heç bir əlaqəsi yoxdur. Bu yazı sadəcə müəlliflərin çoxillək müşahidələrinin obyektiv nəticəsidir.
Bakı-Şamaxı magistral avtomobil yolu ətrafında salınmış yaşıllıqlar Bakı-Quba magistral avtomobil yolu ətrafında salınmış yaşıllıqlar Bakı-Quba magistral avtomobil yolu ətrafında salınmış yaşıllıqlar Ələt-Astara magistral avtomobil yolu ətrafında salınmış yaşıllıqlar
Bakı-Qazax magistral avtomobil yolu ətrafında salınmış yaşıllıqlar Bayıl yamacı Zığ-Heydər Əliyev Hava Limanı magistral yolu ətrafında salınmış yaşıllıqlar Köhnə Yod-Brom zavodunun ərazisində salınmış yeni yaşıllıqlar Bakı-Qazax yoluda yaşıllıqlar salınmazdan öncə və sonrakı vəziyyəti əks etdirən peyk görüntüləri Bakı-Şamaxı yoluda yaşıllıqlar salınmazdan öncə və sonrakı vəziyyəti əks etdirən peyk görüntüləri
Ağamahmud Səmədov
Fuad Sulxayev
“Azərbaycan Geologiyası”MMC