26 Noyabr 2024 09:54
306
ƏDƏBİYYAT

Meyxoş Abdullah: "Varlı adamın pencəyi" ...

(hekayə)

... Gənc qadın üst-üstə qalaqlanmış bir yığın paltarı evində işləyən qulluqçunun ayaqları altına ataraq:

– Götür bunları, ərin geyinər! - dedi.

Qulluqçu qadın diksinən kimi oldu. Ölmüş adamın paltarlarının ona toxunub, üst-başını murdarlayacağından qorxurmuş kimi bir-iki addım geri çəkildi.

Paltarlar bahalı idi. Nə vaxtsa üzərlərinə səpilmiş ətrin iyi hələ də hiss olunmaqdaydı. Bu paltarları vaxtilə ev sahibinin əynində dəfələrlə görmüşdü.

Gənc qadının əri bir müddət bundan qabaq avtomobil qəzasında həyatını itirmiş varlı bir şəxs idi. Əri deyiləndə rəsmi nigahları yox idi, sadəcə olaraq, onunla yaşayırdı. Ölən adamın şəhərin mərkəzində ev-eşiyi, ailəsi vardı.

Bu məhəllədə iki ildən artıq olardı ki, yaşayırdılar. Hamı kişini pis adam kimi tanıyrdı. Olduqca əzazil və xəsisin biriydi. Qonşuluqda heç kəslə ünsiyyəti olmayan, hamıya yuxardan-aşağı baxan, bu adam kirayələdiyi geniş həyət-bacası olan mənzilinə həftədə iki dəfə, şənbə və bazar günləri gələr, bazar ertəsi isə sübh tezdən gəldiyi kimi də çıxıb gedərdi.

Qulluqçu qadını da kişi özü soraqlayıb tapmışdı, saxladığı gənc xanıma qulaqyoldaşı olsun deyə. Darvazadan bayıra çıxmayan və qonşu-bacayla heç bir əlaqəsi olmayan cavan bir xanıma kimsə həyan olmalıydı, axı. Əslində, qulluqçusuz da keçinə bilərdilər. Bunu hər dəfə əsəbləşəndə kişi də etiraf edirdi, amma saxladığı gənc qadına etibarı və inamı yox idi.

Bunların hamısı arxada qalmışdı, indi nə kişi var idı, nə də onun qısqanclığından bir əsər-əlamət. Ondan qalan bir yığın paltarları idi ki, o da ayaqlar altına səpələnmişdi.

Bayaqdan gözlərini döyə-döyə qulluqçunun onun üzünə baxdığını görən gənc qadın astaca dilləndi:

-Bilirəm, haqqını istəyəcəksən, amma nə edim ki, bu dəqiqə sənə verməyə pulum yoxdur. Özün bilirsən ki, mənim də vəziyyətim yaxşı deyil. O vicdansız adam, pişik öz zir-zibilini basdıran kimi məndən hər şeyini gizlədərdi. Artıq, mən də bu mənzilin kirayə haqqını verə bilmədiyim üçün məcbur qalıb gedirəm. Amma sənə borclu olduğumuzu da danmıram, nə vaxtsa haqqını ödəyəcəyəm, bir az səbr etsən yaxşı olar.

Qulluqçu qadın udqundu. Elə bil, nə isə onun boğazına tıxandığından nəfəs alması çətinləşdi. Bədənini soyuq tər basdı. Həyəcandan göz bəbəkləri iriləşdi

- Xanım, üç aya yaxındır ki, mənə bir qəpik də olsun pul vermirsiniz. Mən də insanam, mənim də ailəm var, oğul-uşaq saxlayıram. Bilirsiniz ki, ərim iflicdir, neçə müddətdir ki, yataq xəstəsidir. Uşağımın biri də anadangəlmə şikəstdir. Onları müalicə etdirirəm. Bunların hamısını sizə danışmışam, axı. Xahiş edrəm, mümkünsə mənim haqqımı verin halallıqla ayrılaq.

Ev sahibəsi əsəbləşsə də, iki ildən artıq onlara xidmət etmiş, amma bir dəfə də olsun işində xələllik tapmadığı xidmətçi qadına üzünü tutub dedi:

-Nə edim, bizimki də belə gətirdi. Ölməsəydi, yəqin ki, qalıb işləyəcəkdin, səndən bir incikliyimiz olmayıb, axı. Birdə ki, məndə nə günah var, çalışıb zəhmət haqqını vaxtında alaydın. Mən ki, bu işlərə qarışmırdım. Allah şahiddir, mən də ondan az çəkməmişəm, gün-güzaranımı sənki bilirdin. Onun qazancından mənim xəbərim olmayıb, nə qazanıb hara xərcləyib bir dəfə də olsun soruşmamışam. Hər şey onun öz əlindən gəlib keçərdi. Sən ki bilirsən biz dükan-bazardan aldıqlarımızı aylar sonra ödəyərdik. Onda da, dükan sahibləri qapımızı dabandan çıxartdıqdan sonra. – Gəl belə edək, - deyə, gənc qadın qulluqçunun könlünü almağa çalışdı, - qoy bir az başım ayılsın, görüm özüm nə edəcəyəm? Yaxşı tanışlarım var, yəqin ki belə getməz, işlərimi qaydasına qoyaram. Sənə olan borcumuzu da ödəyərəm, hələ üstəlik, bəlkə, yenə də birlikdə olduq. – Hə, nə deyirsən?! Məndən ki, narazılığın olmayıb?

Qadın məzlum baxışlarını bir müddət ev sahibəsinin gözlərindən çəkmədi. Bu baxışlarla o, vəziyyətinin həddən artıq ağır olduğunu bildirmək istəyirdi. Amma deməyə söz də tapa bilmirdi. Çünki evin sahibi onun aylıq zəhmət haqqını yubadanda, yaxud da verməyəndə, yenə bu qadın ona əl tutardı. Çarəsi yox idi, onunla razılaşmalı idi.

O, paltarları bir kisəyə yığıb qoltuğuna vurdu. Qapıdan çıxarkən dönüb xanıma baxdı və astaca:

- Rica edirəm, xanım, nə olar mənə olan borcunuzu bu paltarlarla ödədiyinizi düşünməyin. Onsuz da, ərim yataq xəstəsi olduğu üçün, bu paltarların heç birini geyinən deyil. Mənə onların dava-dərmanlarını almaq üçün pul lazımdır. Allah xatirinə, məni yaddan çıxarmayın. Yəqin ki, mənim kirayə qaldığım mənzilin yerini də bilirsiniz?

Qadın bu sözləri deyərkən göz yaşlrını saxlaya bilmədi.

Gənc qadın onun bu halına acıdı:

-Sənin vəziyyətini başa düşürəm, anlayıram səni. İnan, əlimə pul düşən kimi gəlib borcumuzu qaytaracağam. Amma başa düş ki, mənim vəziyyətim bu anda heç də səninkindən yaxşı deyil, bir-iki günə bu evi boşaltmalıyam.

Qulluqçu qadın darvazanı açıb bayıra çıxdı. Acizliyinə görə özünü qınadı. Bu qədər axmaqlıq etmək olmaz, düşündü. Tanıdığı adamlar var ki, onlar da onun kimi varlı admların ev-eşiyində, bağ-bağatında işləyirlər. Hamısı da yaxşı haqq alır, gözəl dolanırlar. – Mənim bəxtimə çıxanlar bir bax, hamısı avaragor adamlardır, - deyə o, dərindən ah çəkib, köks ötürdü. Bərk narahat idi, hara gedəcəyini özü də bilmirdi. Qoltuğundakı bağlamanı qapının ağzında qoyulmuş zibil qutusuna atıb getmək istədi. Tezcə də, fikrindən daşındı. Düşündü ki, bu yaxşı iş olmaz, xanım görər onda nə fikirləşər? Kisəni qoltuğuna vurub yoluna davam etdi. Fikirləşdi ki, evinə aparar sonra da kasıb qohum-əqrabasının birinə verər. Kim nə biləcək ki, ölü paltarıdır?

O, bu fikirlər içərisində evinə döndü. Yaman pərişan idi. Bir müddət lal-dinməz oturub qaldı. - Nə etsin, hara getsin, yenə kimin qapısını döysün?- deyə öz-özünə düşündü. Cavabsız suallar üzüb onu əldən salırdı. İki carəsiz xəstəni, on üç yaşlı qızını necə saxlasın? Hardan, kimdən kömək istəsin? Çarəsiz vəziyyətdə idi. Ev-eşik dəmir məngənə kimi onu sıxırdı. Gözlərinə dəyən hər şey ona qorxunc və iyrənc görünürdü. Elə, bayaqdan gözlərini ona dikib, amma bircə söz soruşmağa cəsarətləri çatmayan, bu zavallı xəstələr də.

Dizlərini qucaqlayıb hönkür-hönkür ağladı. Ürəyi doluydu. Həyat onunla amansız rəftar etmişdi. Bütün istəkləri ürəyindəcə puç olmuşdu. Qadınlığını, gəncliyini qurban verdiyi bu əzizlərinin, sabah ona ümid çırağı ola bilməyəcəklərini düşünəndə əl-ayağı yerdən üzülürdü. Bütün ümidləri qırılmışdı.

Qızı gözləri dolmuş halda anasına yaxınlaşdı və qollarını boynuna dolayaraq ona sığındı. Həyatda təsəlli tapdığı, yeganə ümid yeri olan qızıydı. Onunla nəfəs alırdı. O olmasaydı, ağlından neçə dəfələrlə keçirmişdi ki, iflic ərini də, ömrünün axırına kimi şikəst qalacaq oğlunu da, elə özüqarışıq üstlərinə neft töküb yandırsın və birdəfəlik bu dərd-bəladan qurtulsunlar.

Amma son anda qızı gəlib gözlərinin qarşısında dururdu. Sanki bu qız, qurumuş bir ağacın kökündən pöhrə verən yaşıl bir vidan idi. Onun həyatını məhv etməyə ananın heç ürəyi gəlmirdi.

Bayaqdan gözlərini döyə-döyə, çarəsiz halda həyat yoldaşını süzən xəstə əri baş verənlərdən xəbərdar idi. Bilirdi ki, arvadı işlədiyi evin sahibindən borcunu ala bilməyib və hələ üstəlik bundan sonra işə də getməyəcəkdir. O, gözlərini tavana dikərək xəfifcə zarıyirdı. Kişinin gözyaşları tük basmış sifətindən süzülərək çənəsinə, oradan da yastığınin üzərinə tökülərək lata-lata nəm dairəsi yaratmışdı.

Arvadı ərinin bu halına dözməyib, çarpayısına yaxınlaşdı və əlinin arxasıyla onun gözyaşlarını silib dedi:

-Nə olub, əzizim, sən niyə kövrəlirsən? -Narahat olma, işdən çox iş var. Sabah, ya birisi gün ondan da yaxşı iş tapacağam. Hə, əlbəttə, işə nə gəlib ki... Onsuz da, onlarda havayı işləyirdim, neçə aydır ki, pulumu da ala bilmirdim. Yaxşı iş tapacağam, rahat, pulu çox olanın... Bundan sonra vəziyyətimiz yaxşılaşacaq, yemək və dərman almağa çoxlu pulumuz olacaq, inanın.

Qadın, ona dikilən ümidsiz baxışlardan canını bir anlıq da olsa, qurtarmaq üçün ayağa qalxdı və üzünü göyə tutub: - Allahımıza and olsun ki, yaxşı olacaq... - deyə, o, bir müddət don vurmuş adamlar kimi yerindəcə quruyub qaldı. Sonra əlləriylə üzünü qapayaraq hönkürdü.

Arvadının bu hərəkəti kişini bir az da kövrəltdi, onun çiyinləri titrədi. Otağı dərin süküt bürüdü.

... Bir müddət də gəlib keçdi, nə qadından, nə də borcdan bir xəbər vardı. Ailənin vəziyyəti dözülməz dərəcədə ağırlaşmışdı. Evin dolanışığını düşünən tək ana hər gün iş axtarmaq üçün sübh tezdən evdən çıxsa da, axşamlar əli ətəyindən uzun evə dönərdi. Onun əlacı tamam kəsilmişdi, daha dözə bilmirdi. Arxalandığı və ümid bəslədiyi hər şey sona yetmişdi. Artıq, qəti qərara gəlmişdi ki, qızını kəndə, bacısının yanına göndərsin, etibar etdiyi təkcə o idi. - Bacım üçün çətin olsa da, uşağı birtəhər böyüdüb yerbəyer edə bilər. Küçələrdə qalmaqdan pis olmayacaq ki, - düşündü. Qaldı, evdəki iki xəstəyə isə, onların taleyi onsuz da əvvəldən qara gəlib, mən nə edə bilərəm ki? Nə etmək lazımdırsa etmişəm, bundan artığına gücüm yetmir. Allah tutacağım işə görə məni cəzalandıracaqdırsa, qoy cəzalandırsın, - fikirləşdi, onsuz da mən cəhənnəm əzabı içərisində qovruluram.

... Düşüncələr içərisində evə dönürdü. Gəldiyi son qərar, elə bil, ona bir rahatlıq gətirmişdi, çox sakit görünürdü. Artıq, bundan sonra heç nəyin fikrini çəkməyəcəkdi, bütün yüklər çiyinlərindən götürüləcəkdi.

Yolunun üstündəki ərzaq dükanın yanından keçəndə ayaq saxladı, bir anlıq axşam nə yeyəcəklərini düşündü. Onsuz da, yeməyə evdə quruca çörək belə yox idi, nəinki başqa bir ərzaq ola. Cantasının küncündəki pulqabını eşələdi, bir manat on qəpik pulu vardı. İki ədəd çörək götürmək istədi, birini axşama, o birini isə səhər yeməyinə. Tezcə də fikrindən daşındı; - Səhər yeməyinə niyə?!... Xəfifcə gülümsədi. – Daha səhərimiz olmayacaq! - deyə, doluxsundu.

Bir ədəd çörək alıb, dükandan çıxdı və sürətlə yolun sağ tərəfindəki yanacaqdoldurma məntəqəsinə tərəf getməyə başladı. Ora çatıb, əyninə qırmızı kombinzon geyinmiş cavan oğlana yaxınlaşdı və nə isə deyib bir manatı ona verdi.

Oğlan sayğacın yanındakı boş plastik qablardan birini götürüb yanacaqla doldurdu və qadına verdi.

Qadın qabı alıb əlindəki selafon torbaya qoydu və oradan uzaqlaşdı. Şən görünürdü, sanki çiyinlərindən ağır bir yük götürülmüşdü. Daha heç nə haqda fikirləşmirdi. Əslində, fikirləşəsi bir şey də qalmamışdı. Bu gün axşamüstü qızını kəndə, bacısının yanına göndərəcəkdi, gecə isə... Bu fikirləri, bu gün dəfələrlə beynində çözələmişdi və qərarı qəti idi.

Evə çatıb, otağa daxil olanda qapının ağzındaca donub qaldı. Yataqda, ərinin yerində qara kostyumda, qırmızı qalustulu bir kişi uzanmışdı. Çox cüssəli və yaraşıqlı görünürdü. - İlahi, bu kimdir? - deyə qorxub geriyə dönmək istədi. Diqqətlə baxanda ərini tanıdı. – Bu nədi, bu nə qiyafədi?! - deyə təəccübdən gözləri bərəldi.

Evdən gülüş səsləri qopdu. Əvvəlcə qızı, sonra da əri və oğlu gülməyə başladılar. Qadın hələ də evdə nələrin baş verdiyini anlamaqda çətinlik çəkdiyindən, onun-bunun üzünə baxırdı. Axırda dözməyib:

-Sizdən soruşuram, bu nə oyundu qurmusunuz?!.. Bu paltar haradandır?!.. - deyə o, hirsləndi.

Qızı anasına yaxınlaşıb ona sığındı və:

-Anacan, sən gedəndən sonra yamanca darıxdıq, başımızı qatmaq üçün kisədəki paltarları çıxartdım, gördüm ki, çox gözəl paltarlardır. Atamla razılaşdıq ki, birini ona geyindirək. Elə bil, əyninə tikilibmiş, elə yaraşdı ki, lap varlı adamlara oxşadı. Həm də, anacan, bilirdik ki, indilərdə gələcəksən. Sənin də könlünü açmaq üçün gözlədik. Bax, qardaşım da sevinir, bayaqdan o qədər gülmüşük ki...

Qadın dönüb bir də ərinə baxdı və onu da gülmək tutdu. Doğurdan da, əri bu qiyafədə, lap zəngin adamlara oxşayırdı. – Bir bunun qırmızı qalustukuna, baxın! - deyə qadın əlini əlinə vurub bərkdən gülməyə başladı. Birdən, nə oldusa, o kiridi, sifəti ciddiləşdi və geri dönüb qəfildən yanında dayanmış qızının üzünə sərt bir şillə çəkdi.

-Lənətə gələsiniz sizi! – dedi. Görün, mən nə haldayam, neçə müddətdir özümə gələ bilmirəm, gecə-gündüz sizləri düşünürəm. Siz axmaqlar isə, mənə tamaşa göstərirsiniz.

- Sənə kim icazə verdi ki, meyit paltarını, bu andıra qalmış zir-zibili atanın əyninə geyindirəsən?! - Kim, kim icazə verdi, sənə?!... – deyə, qadın qızının qollarından tutub bərk-bərk silkələdi.

Uşaq qorxusundan bərkdən ağlayaraq yerə çökdü və anasının dizlərinə sarıldı.

İflic əri azacıq tərpənişi olan sağ əlini havada yelləyərək, qadınından qızını incitməmək üçün imdad dilədi. Şikəst oğlu da qorxmuşdu, o da adyalı başına çəkərək ağlamağa başladı.

Qadın isə bunların heç birinə əhəmiyyət verməyərək, irəli yeriyib ərinin əynindəki kostyumu əsəbi halda soyundurmağa başladı. Əvvəlcə, onun boynundakı qalustuku açıb yerə atdı. Sonra pencəyi, köynəyi, şalvarı dartıb onun əynindən çıxartdı. Ürəyi soyumadı paltarları ayaqları altına alıb tapdalamağa başladı. Yenə əsəbləri sakitləşmədi. Bu dəfə köynəyi dartıb cırdı, sonra şalvarı iki yerə böldü. Pencəyin bir qolunu ayağının altına qoyub var gücüylə dartdı. Pencəyin qolları üzüldü. Elə bu vaxt qəribə bir hadisə baş verdi, pencəyin astarından bir büküm pul qadının ayaqları altına düşdü.

Qadın gözlərinə inanmadı, əvvəlcə elə zənn etdi ki, kağız bükümüdür. Sonra gözlərini bərəldərək ayaqları altına düşmüş büklünü götürüb gözlərinin qarşısına tutdu, bir büküm dollar idi.

Duruxub qaldı, sanki onu qara basırdı. - Bu nədir, ilahi, yoxsa mən yuxu görürəm?!...

O, pulu sayırmış kimi barmaqlarının ucuyla onu aşağı-yuxarı daraqladı. - Yox, bu yuxu deyil, həqiqətən də puldur...

– Pulll!.. - deyə o, dəli kimi qışqırdı. – Pulumuz var, özüdə çoxluca... Biz yaşayacağıq, biz ölməyəcəyik!..

Qadın dizə çöküb, qollarını geniş açdı, ərini, balalarını qucaqlayaraq bağrına basdı. Onları elə bərk-bərk qucaqlamışdı ki, heç bir qüvvənin onları bir-birindən ayırmağa gücü çatmazdı...