Mikayıl Abdullayev - 93

Azərbaycanın Xalq rəssamı, professor Mikayıl Abdullayevin doğum günüdür.
Mikayıl Hüseyn oğlu Abdullayev 1921-ci il dekabrın 21-də Bakıda anadan olub. Professor, SSRİ rəssamlıq akademiyasının akademiki, Cəvahirləl Nehru adına beynəlxalq, Azərbaycan SSR Dövlət və başqa mükafatların laureatıdır.
1939-cu ildə Əzim Əzimzadə adına Azərbaycan rəssamlıq məktəbini, 1949-cu ildə Surikov adına Moskva Dövlət Rəssamlıq məktəbini bitirmiş, Sergey Gerasimovun yanında rəssamlıq sənətinin sirlərini dərindən öyrənmişdir.
Rəsmlərində daha çox 1941- 45-ci illərdə kənd əməkçilərinin payına düşən, ağır, narahat, keşməkeşli həyatını əks etdirən əsər Abdullayev "Çəltikçi qızlar" monumental lövhəsi XX əsrin qadınının zəngin mənəvi cizgilərini əks etdirmişdir.
"Mingəçevir işıqları", "Xaçmaz qızları", "Astarada çay yığımı", "Azərbaycan çöllərində", "Qarabağlı qızlar", "Lənkəranlı kolxozçu qadın", "Abşeronlu qadın", "Ananın gəncliyi", "Çəltik əkən qızlar" və s. məşhur rəsm əsərlərinin müəllifidir.
Abdullayevin əsərləri dünyanın bir sıra muzeylərində saxlanılır. Onun Dehlidə, Londonda, Monrealda, Moskvada və dünyanın bir sıra başqa şəhərlərində fərdi sərgiləri keçirilmişdir.
O bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Professor Mikayıl Abdullayev 2002-ci il avqustun 21-də 81 yaşında vəfat etmişdir.
Sahib ƏSƏDBƏYLİ