“Milli xəzinə. Azərbaycan təsviri incəsənəti” kitab-albomu və portal təqdim edilib
Azərbaycan Milli İncəsənət Muzeyində “Milli Xəzinə. Azərbaycan Təsviri İncəsənəti” adlı kitabın və www.az-art.gallery portalının təqdimatı keçirilib.
Adalet.az xəbər verir ki, kitab və portal Təşəbbüslər və Layihələr Mərkəzinin layihəsi əsasında, bp şirkətinin dəstəyi ilə hazırlanıb.
Təqdimat mərasimində giriş sözü söyləyən “bp”nin Kommunikasiya üzrə rəhbəri Tamam Bayatlı bp şirkətinin sosial layihələrə gösrərdiyi dəstəyin əhəmiyyətinə toxunub.
“bp”nin Xəzər regionunda Kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli təmsil etdiyi qurumun fəaliyyətində sosial və mədəni layihələrə göstərdiyi dəstək barədə danışaraq, Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş kitabın və portalın incəsənətimizin tanıdılmasında əhəmiyyətini qeyd edib.
Təşəbbüslər və Layihələr Mərkəzinin rəhbəri, layihənin meneceri Ceyhun Osmanlı tarixi kökləri və ənənələri ilə qədimliyə söykənən, forma və məzmunu, estetik və emosional təsir gücü ilə çağdaş dünya incəsənətinin əsas üslub və cərəyanları ilə uyğunlaşan, ideya unikallığı və fəlsəfi düşündürücülüyü ilə diqqət çəkən əsl sənət əsərlərini özündə birləşdirən kitab və portalın yaranma tarixçəsi haqda məlumat verib. Kitabda 206 müəllifin 463 əsərinin yer aldığını bildirən C.Osmanlı layihənin icrasına göstərilən təşkilati dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü ifadə edib, eyni zamanda kitabın materialları əsasında hazırlanmış www.az-art.gallery saytının əhəmiyyətini vurğulayıb.
Milli Məclisin komitə sədri Fazil Mustafa milli incəsənətimizin təbliğinin, korifey sənətkarlarımızla yanaşı, çox dəyərli əsərlər yaratmasına baxmayaraq populyarlıq qazana bilməmiş rəssamların da yaradıcılığının geniş ictimaiyyətə təqdim olunmasının vacibliyini qeyd edib.
Kitabın ideya müəllifi və art-direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov deyib ki, kitabda və portalda əks olunan əsərlərin hər biri nadir sənət incisidir və onlar 12 000-dən artıq rəngkarlıq, qrafika, heykəltaraşlıq, tətbiqi sənət, teatr-dekorasiya əsərləri arasından seçilib.
Azərbaycanın görkəmli rəssamları Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Elbəy Rzaquliyev, Tahir Salahov, Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Tokay Məmmədov, Fərhad Xəlilov, Ömər Eldarov, Natiq Əliyev, Salxab Məmmədov, Fuad Salayev, Sakit Məmmədov və onlarla başqa məşhur rəssamlarımızla yanaşı, yaradıcılığı geniş ictimaiyyətə bir o qədər də tanış olmayan, amma son dərəcə böyük istedada malik rəssamların əsərlərinin yalnız bir qismi burada öz əksini tapıb.
Q.Qasımov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Azərbaycan incəsənətinin inkişafına hərtərəfli dəstək göstərildiyini qeyd edib.
Kitabın mətnlərinin müəllifi və tərtibatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Dilarə Vahabova kitabın hazırlıq mərhələsi, əsərlərin seçilməsinin elmi əsasları və prinsipləri barədə danışıb. O, eyni zamanda bildirib ki, kitabın həcm limiti nəzərə alınmaqla diqqət müəllifin kimliyinə, şəxsiyyətinə və ya təltiflərinə deyil, əsərlərin bədii əhəmiyyətlilik dərəcəsinə və ümumi dizayn konsepsiyasına uyğunluğuna yönəldilib.
Kitabın və portalın hazırlanmasında Əməkdar rəssam İrina Eldarova dizayner, sənətşünaslar Aytən Muradlı və Sənan Şəfizadə elmi məsləhətçi, Adil Yusif, Mirnaib Həsənov fotoqraf, Şamxal Əbilov layihə kuratoru, Aliyə Səfərova redaktor, İlahə Azməmmədova keyfiyyət nəzarətçisi, Kərim Kərimli, Elcan Orucov, Dilara Felzer tərcüməçi, Kəmalə Quluzadə koordinator, Elçin Aşurov dizayner, Sahil Balazadə proqramçı, Toğrul Rəhimli kontent meneceri qismində iştirak ediblər.
Kitabın təqdimatında opera ifaçısı - Əməkdar artist İlahə Əfəndiyeva, Piano ifaçısı - Əməkdar artist Nərgiz Əliyevanın ifasında Puccini aria Lauretta, Kiara La spanyola, Tofiq Quliyevin Bakı haqqında mahni, “Qızıl üzük” mahnıları səsləndirilib.