adalet.az header logo
  • Bakı 30°C
  • USD 1.7
31 May 2022 11:28
722
ƏDƏBİYYAT

Mirzə Ələkbər Sabir -160

Babam sünni, nənəm şiə, dürək mən,

Nə farsam mən, nə hindəm mən, türək mən.

Bu bizik?!

Bu gün vicdanımızı yoxlayan Azərbaycanın "dərd şairi", satiramızın banisi "molla nəsrəddin"çi Mirzə Ələkbər Sabirin anadan olduğu gündür. O, kiçik sahibkar Zeynaləbdinin ailəsində böyümüş, S.Ə.Şirvani məktəbini keçmişdir.

Maraqlıdır ki, Sabir 43 yaşından sonra yazmağa başlayıb. Bəlkə də 43 illik sükutunun sirri, onun Avropa təhsili ala bilməməsində, rus dilini bilməməsində olub...Bilmirəm, bəlkə bu da Sabir gizlinləri kimi qalacaq Amma zaman gəldi və o, “Molla Nəsrəddin” jurnalını əlinə alan kimi nə yazmaq istədiyini başa düşdü. Və cəmi altı ilə Azərbaycan ədəbiyyatının klassiki səviyyəsinə yüksəldi. Dünya ədəbiyyatı tarixində Sabirin misli yoxdur.

...Sabiri sabun bişirmək üçün quyruğu belə ona satmamışdılar, hamama belə qoymamışdılar. Qızının əri belə ona silah çəkmişdi və bu zaman Sabir qorxudan özündən gedərək, bir neçə gün xəstə yatmışdı. Anası isə Sabirə südünü halal etmədiyini deyir, onun xəriflədiyini, gəlinini Sabirdən boşatmaq istəyirdi.

Belə bir şəraitdə şair Şamaxını tərk etməyə məcbur olmuşdu .

Bütün bunları nəzərə alıb mən onu yuxarıda nahaqdan xalqın "dərd şairi" adlandırmadım və o, özü isə özünün xalqa məxsus olduğu haqda belə deyirdi: "Mən vücüdumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım."

Bu bir reallıqdır ki, "zamanında heç bir şair özünü böyük Sabir qədər xalqa sevdirməmişdir. "Sabir bütün şeirlərində zalımlara zərbə vurmuş, məzlumların dadına çatmaq istəmişdir. Sabirin "Hop-Hop -namə"sinin , “Molla Nəsrəddin”inin bu gün də aktual olması onun böyüklüyündəndir.

İlk dəfə Sabirin yazdıqlarını onun vəfatından bir il sonra "Hophopnamə"şəkildə çap etdirən Abbas Səhhət deyirdi : “Hophopnamə”nin döymədiyi qapı, girmədiyi ev qalmadı, onu oxuyanlar da sevdi, oxudanlar da".

M.Ə.Sabir bu xalqın mahir bir loğmanı, cərrahı, filosofu idi..Və nəhayətdə həm də inqilabi satiraçısına çevrildi. Əruz vəzninin ən oynaq bəhrlərində yazan şair Sabirin poeziyası sənətkarlıq, bədii forması və lirizmi ilə Azərbaycan, eləcə də Yaxın və Orta Şərq ədəbiyyatında bu gün də xüsusi yer tutur. Sabirin əsərləri İran məşrutəsinə bir ordudan artıq xidmət etmişdir.

Onun çalışdığı isə ancaq xalqın intibahı uğrunda çalışmaqdan, onu qəflət yuxusundan ayıltmaqdan ibarət olub. Satiraları ilə vicdanlara təsir edərək xalqını oyatmağa çalışmışdır .

Bu gün yəqin razılaşarsız ki, şerində "Bənzərəm bir qocaman dağa ki, dəryada durar!" deyən, tariximizin günümüzdə əks səda verən ağrılarını qələmə alan şair, dirilib gördüklərini yenidən yazsaydı, yazdıqları bunun yanında heç nə olardı ...Sabun bişirib insanları təmiz olmağa çalışan şairin "Sabir" adının mənası "dözümlü" olsa da özü çox səbirsiz oldu naqisliklərə... Naəlac qalıb "Daş qəlbli insanları neylərdin, ilahi " dedi...

Şairin bəlaları bununla bitmirdi. Belə ki, 1887-ci ildə , qohumlarından olan Büllurnisə adlı qızdan on beş il ərzində 8 qızı, bir oğlu dünyaya gəlmişdi..M.Ə.Sabir özü bu haqda belə yazırdı : Anamın əvvəllər böyük bir dərdi vardı. Demək olar ki, hər il ramazan ayında bizim arvad bir qız doğardı. Səkkiz qızımız olduğu halda, oğlumuz heç yox idi. Odur ki, anam hər dəfə qız doğulanda qara geyinər, yasa batardı. Qonşu arvadları gəlib ona başsağlığı verərdilər ki:

-Neynək, ürəyin sıxma, canın sağ olsun, Allah qoysa gələn səfər oğlan olar...

...Buna görə də anam nəzir edib tez-tez Kərbəlaya gedərdi ki, mənim oğlum olsun. Axır ki, inişil (1909-cu ildə) yenə ramazan ayında, bizim bir oğlumuz oldu. Anam sevincindən yerə-göyə sığmadı. Yetim-yesirləri sevindirdi. Çox fikirdən sonra onun adını Məmmədkazım qoydu...

Sabir hər mənada uğursuz adam olub Abdulla Şaiq bu mənada "Xatirələrim"kitabında baş vermiş başqa bir bir hadisəni belə nəql etmişdi: “Söhbətimiz zamanı onun dükanına bir nəfər də olsun alıcı gəlmədi. Bu fikir zehnimizə gəlincə böyük ailə sahibi olan Sabirin maddi vəziyyətinin yəqin ki, çox ağır olduğunu düşünərək biixtiyar:

– Sabir, bizim ayağımız uğursuzdur, – dedim, – bir saatdan bəri söhbət edirik, dükana bir nəfər də müştəri gəlməyib, o halda siz nə alıb-satırsınız?

Sabir gülə-gülə dedi:

– O sizin ayağınızdan deyil! Bu avam samaatın daxilini təmizləmək gəlmir əlimdən, heç olmasa, zahirini təmizləyim deyə gördüyünüz sabun dükanını açdım. Neyləyim ki, bu zalım uşaqları bu təmizlikdən də qaçırlar…”

Onun ölümü də dərdli olub...O vaxtkı Şamaxı camaatının nadanlığından şikayət edərək, “mənim ciyərimi onlar yara ediblər” deyərdi...Bilmirəm, bəlkə də şair haqlıdır. Amma əslində vaxtsız vəfatına başlıca səbəb qaraciyər xəstəliyi və həkimlərə “mənim qarnım portmanat deyil ki, istədiyiniz kimi açıb-qapayasınız; bəlkə kəsdiniz, əmələ gəlmədi”- deyərək cərrahiyyə əməliyyatından qorxması olub. Diqqətinizə əlavə olaraq ərz edim ki, onun 5 həkimindən 1-i rus, 4-ü erməni olub.

Axır günlərini yaşayan şair öləcəyini bilir və yazırdı:

İstərəm ölməyi mən, leyk qaçar məndən əcəl,

Gör nə bədbəxtəm, əcəldən də gərək naz çəkəm!

...Amma məni düşündürən başqa şeydir: görən "bu nəslin və digər tanınmış şəxslərin ardı niyə gəlmədi? Yoxsa, dövr dəyişdi? Yoxsa, şərait yetişdirmədi? Bəlkə qara kütlə səhnəyə çıxdı və avanqarda çevrildi?"

Məncə, kütləni səhnəyə çıxartdılar... və beləliklə də kütlə şəxsiyyətlərdən qabağa düşdü...O zaman sovet ideologiyasına görə "tarixi şəxsiyyətlər və şəxslər yox, xalq yaradır" səhv düşüncə məhvumu doğru sayılırdı. Və bu səhv düşüncə, "bərabərləşdirmə" sonrakı bəlalarımızın əsasını qoydu...

Özünün dediyi

Müsəlmanam, paxılam,sevmirəm millətimi.

Kəsilməli başımdır, kəsdilər sünnətimi.

həqiqətini üzə çıxartdı.

Sonda deyim ki, Bakıda heykəl qoyulan ilk ədib Sabirin olub. O Sabir ki, altı illik yaradıcılığı ilə millətin vicdanına öz imzasını ataraq dünyamızı tərk etdi.

O, bir hürr şairi idi desəm yanılmaram və düşünürəm ki, Milli, Dini və Demokratik dəyərləri özündə inanılmaz səviyyədə, hətta Demokratiyanı belə dünyada bəlkə heç kim belə qısa və lakonik verməyib: "Kim ki,insanı sevər,aşiqi-Hürriyyət olur, Bəli, hürriyyət olan yerdə də insanlıq olur"

Sabir bütün həyatı və yardıcılığı ilə hürrə qovuşdu.

Baba Allahnəzərov