30 Avqust 2024 13:16
422
GÜNDƏM

MSK-nın sədri Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Avqustun 30-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə növbədənkənar seçkiləri izləmək üçün ölkəmizdə səfərdə olan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Baş katibi - missiya rəhbəri Nuran Niyazəliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Adalet.az xəbər verir ki, MSK sədri M.Pənahov Milli Məclisə seçkilərin ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçiriləcəyini, bütün seçki iştirakçılarına hərtərəfli şəraitin və geniş imkanların yaradıldığını bildirib.

MSK sədri qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi xüsusi diqqət mərkəzində saxlanılıb, həmin ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin öz konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb. Diqqətə çatdırılıb ki, Milli Məclisə seçkilərdə 990 namizəd mübarizə aparır və onların sərbəst seçkiqabağı təşviqatı üçün qanunvericiliyin tələblərinə uyğun bütün imkanlar yaradılıb. M.Pənahov deyib ki, seçkilərin müşahidəsinə 600-dən çox beynəlxalq və 112 mindən artıq yerli müşahidəçi qoşulub, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü proseslərini heç bir qeydiyyat tələb olunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kameralar quraşdırılıb. O, səsvermədə iştirak edəcək gözdən əlillər üçün trafaretlərin hazırlandığını da qonağın diqqətinə çatdırıb.

Komissiya sədri ölkədəki siyasi partiyaların və vətəndaş cəmiyyəti institutlarının seçkilərin müşahidəsində xüsusilə fəallıq göstərdiyini vurğulayıb.

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Baş katibi - missiya rəhbəri Nuran Niyazəliyev Milli Məclisə seçkilərin müşahidəsində iştirak etməkdən məmnun olduğunu bildirərək prosesləri fəal şəkildə izləyəcəklərini vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə sıx əməkdaşlıq etdiyini xatırladıb. O, sentyabrın 1-də baş tutacaq parlament seçkilərinin azad, demokratik və şəffaf şəkildə keçiriləcəyindən əminliyini ifadə edib.

Görüş çərçivəsində, həmçinin seçkilərlə bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.