adalet.az header logo
  • Bakı -°C
25 Yanvar 2026 20:00
43
ƏDƏBİYYAT
A- A+

Müəllifin düşüncələr, fraqmentlər monoloqu

Yazıçı, memuarist Dilarə Adilgil Ədəbiyyat İnstitutunun əməkdaşı, Adilgillərin nəsil şəcərələrinin davamçısı və təbliğatçısıdır. O, oxucular arasında xatirə-memuar yazarlarından biri kimi tanınıb. Dilarə xanım bu sahədə “Şərqdə 36 gün və ya üç dəniz arxasına səyahətim”, “Həyat fraqmentləri. Düşüncələrin monoloqu”, “366 gün və ya uzun ilin inancı”, “Bədii-publisistik məqalələr” adlı kitabların müəllifidir. 

O, yurnalımıza “Şuşa ili” üçün “Hər baxımdan zirvə – Şuşa” adlı məqalə göndərmişdi. “Akademiyanın Şuşanaməsi: ədəbi-tarixi ənənə və gələcəyə baxış” adında beynəlxalq konfransı üçün. Məqaləni oxudum. Marağıma səbəb oldu. Hər şey yerində: yazı üslubu, təhkiyə, fakt, emosiya, struktur və intonasiya... Məmnun qaldım. Məqaləni konfransın materialları sırasına daxil etdim. Aradan müəyyən vaxt keçdi... 

Bir gün iş otağımın kitab rəflərini arayırdım. Birdən gözümə iki kitab dəydi. Biri “Şərqdə 36 gün və ya üç dəniz arxasına səyahətim”, o biri “Həyat fraqmentləri. Düşüncələrin monoloqu”. Müəllif hədiyyəsi idi. Maraqlandım. Dilarə xanımın “Hər baxımdan zirvə – Şuşa” adlı məqaləsi ilə tanışlığım vardı axı.“Həyat fraqmentləri. Düşüncələrin monoloqu” kitabını əlimə götürdüm. Redaktoru və ön söz müəllifi filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı idi. Ön sözün adı marağımı çəkdi: “Altmışıncıların altmış illiyinə”. Yadıma düşdü... Oxudum. Məqalə belə bu abzasla tamamlanırdı: “Əziz oxucu, uzun danışmaq istəmir, Səni maraqla oxuyacağın bu əsərlə baş-başa qoyur, yaddaşındakıları səxavət və səmimiyyətlə bölüşən müəlliflə ünsiyyətdən darıxmayacağına söz verirəm. ”Keçmişə vizual vizan var”. İokio baba kimi sehrli xalat geyinməsən də,  həm 60-cı illərə, yeri gəldikcə daha yaxın və uzaq tarixə səyahət edəcək, Sənin də yanından keçdiyin, fərqinə varmadığın hadisələri xatırlayacaqsan.Təkcə addımlarınla daş küçələrin təmasından alınan mistik səsin aurasında İçəri şəhərdə  deyil, qədim Şəki, Gəncə, Bərdəyə də gedəcək, yeri gələndə ölkə xaricinə  də vizual səyahət edəcəksən. Yolunuz açıq olsun. Sözümü müəllifin xatunlara məxsus duasıyla bitirirəm. Hər zaman dövlətli olaq: dünyəvi, ruhani, mənəvi, maddi”.     

Sonluqdakı vəd, səmimiyyət və etiraf kitabı oxumaq marağımı daha da gücləndirdi. Hər gün təxminən saat 17-dən 18-ə qədər memuarla ünsiyyətə vaxt ayırdım...

 Kitab yazıçı və publisistin öz  çağdaşlarına – altmışıncıların 60 illiyinə həsr olunub. Publisistik mətndə belə bir epiqraf verilib: “Bizi bilməyən nə bilsin? Bilənlərə salam olsun!” Müdrik və pirani Yunus İmrədən... Doğurdan da, zamana, ömrümüzə, bizi bizdə bilənlərə salam olsun!

“Həyat fraqmentləri. Düşüncələrin monoloqu” kitabı hansı məziyyətlərdən alınıb? Ötüb keçən xatirələr talan olmasın deyə, müəllif vaxtı tutub saxlayıb, qələmə, yaddaşa israrla ilişdirib: “Memuar yazmaq spesifik yaddaş istəyir, bunu yazım əsnasında özüm kəşf etdim. Keçmiş tək xatirələri ilə çəkmir, reseptorların sayəsində rəngləri, ətirləri ilə də cəlb edir. Gözləri qapalı özünü xatirələrin sərəncamına vermək, ixtiyarına buraxmaq “oralarda” azmaq üçün gözəl vasitədir...Yaddaşıma, xırda təfərrüatlara qədər xatırlatmalarıma “maşallah” deyən də çox oldu. “Titanik” filmindəki qoca qarıya dönmüş Rouzun hekayəsində dediyi “84 il keçməsinə baxmayaraq, hələ də burnuma təzə rəng qoxusu gəlir”– sözləri ilə təhkiyəyə başlayanda mən də anındaca əksəriyyətin başının gicəllənib, ürəyinin bulandığı, özümün isə dərindən nəfəs alıb ləzzətlə udduğum həmin skipidar, yapışqan, benzin qarışığının qoxusunu hiss etmişdim... Lakin mənim duyduğum lak iyi 67-ci ildən gəlirdi. “Dəyirman” küçəsindəki evimizin döşəməsindən”.
Olaylar, xatirələr və emosional  şəxsi ovqat... Müəllif  “yaddaşından qəlbinə boşaltdıqlarını səxavətlə oxucusu ilə bölüşməyə, vərəq-vərəq çevirib onunla dərdləşməyə qərar verib”. Ruhdan, kökdən, içdən düşməyə yer qoymayıb, özgürlük, özgüvənlik ifadə edib. Bu hal obrazlı mətnin  – fərdi üslubun, təsvir və təhkiyənin ruhunu, səliqə-sahmanını təmin edib. Düşüncələrin daxili, dioloji monoloqu – müəllifin həyat fraqmentləri başlayıb. Və Bakıdan, Şəkidən, Gəncədən, Bərdədən... xaricdən başlayan monoloji dialoqu ilə bitib...

Müəllif kifayət qədər məlumatlı, informasiyalıdır və onun ifadəsində öz ahəngi, öz ritmi, öz intonasiyası var. Təmkin və səbr publisistik mətn üçün təminatdır. Bir nümunə: “Hötenin “dünya vətəndaşı” adlandırdığı, oxuya-oxuya böyüdüyümüz dünya ədəbiyyatı elə sıravi insanların həyat materialı əsasında bədii süjetə çevrilib. Kimi macəra axtarır, kimininsə yaşamağının gözəlliyi hər gün gördüyü işində, məsləkinin təyinatındadır. Bu dünyada hər kəs bir romanın qəhrəmanıdır, ya yaşadığı, ya xəyalında yaşatdığı. “Mənim xəyal qurmağa ehtiyacım yoxdur, çünki yazmağı bacarıram, – deyən yapon yazıçısı Xaruki Murakami kimi böyük iddiada olmasam da, qəlbimdən gələn sözləri geri çevirmədən səliqə ilə bir-birinin arxasınca düzüb Allahın izni ilə “az-az” hekayəmə başlayıram”...

Dilarə Adilgil öz hekayəsini başlayanda hansı oxucu marağının üstünlüklərini əldə edə bilib? Kitab müəllifin müasirlərinə həsr olunub. Bakı etnosu, etnoqrafiyası, çağdaşlığı ilə mənalandırılıb. Belə: “Bakı... Adına “gözəl şəhər” də deyirlər, “küləklə sovrulanlar” da, “Neft Akademiyası” da, “Neft və milyonlar səltənəti” də... Bakının adında gəzdirdiyi qeyri-maddi, eləcə də maddi rəmzləri gerbində də  təmərküzləşib”. 

Vətən sevgisinin duyğusallığı müəllif ruhunun, müəllif qəlbinin diqtəsidir həm də... “Hardan başlanır Vətən?..Vətəni vətən olduğu üçün sevirlər, gözəl təbiətinə, münbit torpağına, 9 iqlim qurşağına, havasına, suyuna, dənizinə, çayına görə yox! Xaricdə elə ağaclar görmüşəm ki, görünən yalnız kötüyüdür. O qədər hündürdür yəni. Nə olsun ki? Seçməyə qalsa, mən onların yarısı qədər olan ağaclarımızı sevirəm. Normalda, hər insanın  vətəni onun üçün əzizdir, gözəldir. Bu, elə ali məfhumdur ki, subyektivlik sevgidir, vətənpərvərlikdir, təəssübkeşlikdir, elə Vətənin özüdür. Paytaxtımız isə brentdir, unikumdur. “Bakısız Azərbaycan başsız bədəndir”– bu sözləri Məhəmməd Əmin Rəsulzadə, 1918-ci ildə Bakı uğrunda gedən döyüşlər zamanı deyib”.

Bakının müəllifdən keçən hüsn və vəcahəti əlvan qövsi-qüzehdən keçsə də: “Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim” deyə – Süleyman Rüstəm nidasından yuvalanıb.Və bu sevgidən, bu gözəllikdən müəllifin çeşidli bədii, faktoloji, obrazlı, mühakiməli, qavrayışlı, təsəvvür və təxəyyüllü, emosional-psixoloji yazı mətni getdikcə budaqlayıb, artıb çoxalıb... Çiçəkləyib... Bir yarpaqlıq yaşıllıq: “Sovet dönəmində biz türk filmlərini yalnız festivallarda görürdük, o da rus dilində sinxron tərcümə ilə. Diqqətlə qulaq asırdıq ki, bəlkə türk dilində nə isə eşidək. Türkiyə türkcəsinə həsrət idik, həsrət qoymuşdular. Osmanlı, Anadolu türkcəsi qulağımıza bulaq şırıltısı kimi gəlirdi”...

Həyatın xatirələr fraqmentindən müəllifin dünyaya varid olan gəlişi, illərin silib apardığı qədər ürəyində qalan valideynləri... Evin-ocağın istisi, əhatəsi, qohum-qonşusu, dost-tanışları... Və sair və ilaxır... Bakının 1950-1960-cı illər ağ-qara fotoları müəllifdə nostalji hisslər oyadır... Arxeoloji, etnoqrafik  yerlər, məkanlar...  Hüdudsuz xəyalların, düşüncələrin yan aldığı sahillər... Psixoloji-mənəvi təzadlar... “Əbədi səadət axtarmaq illüziyadan başqa bir şey deyil. Xoşbəxtlik çoxüzlüdür, geniş və nisbidir. Onun felindən kim baş açar? Anın işidir. Getmə an. Sən necə də gözəlsən! Yəni anı yaşa. Bu məşhur sitatın müəllifi İohan Volfhanq fon Höte deyirdi ki, mən ömrüm boyu üst-üstə cəmi 7 dəqiqə xoşbəxt olmuşam. İndi kim  nə qədər topladı, toplaya bildi, bəxti gətirdi... Bileti necə çəkdi. Elə xoşbəxtliyin gözəlliyi, dəyəri, qiyməti də bundadır. Dadı damağında qalsın”...

Həyata, düşüncələrə köklənmə, daxili monoloqlar mətn boyu davam edir. Müəllifin spesifik, emosional ehtizazları, nəqletmə təhkiyəsinin istiliyi, leksikon zənginliyi də diqqəti cəlb edir: “Cavab bu konuda (bura bu sözü üyğun bildiyim üçün işlətdim. Əvvəl istədim dırnağa alım, sonra düşündüm ki, izahını versəm yaxşıdır. Bizdə olmayan, məhz xoşuma gəldiyi üçün işlətdiyim türk sözləri yəqin ki, yenə olacaq... Bu bir prosesdir. Qaçılmaz, yoluxucu... Tarixən olub. Dərinə getmə... Əsla bilə-bilə, həvəsli olduğumdan deyil, dəbə uyduğum üçün də yox, yerinə düşdüyünə, münasib olduğuna görə istifadə edirəm. Düşüncələrin də öz dili var...  V.Nabokovun bir sözü var, deyir, “başım ingiliscə danışır, ürəyim rusca, qulağım fransızca”. Yubatmadan hörmətli oxucumun diqqətli nəzərinə çatdırmaq istədim) nə qədər  yanıldığımı təsdiq etdi: “Sizin düz 59 yaşınız var”.

Təsvirlərdəki xeyli folklor duyumundan da bir nümunə: “İstiyə heç tabı olmayan Mələk nənəm meynənin altında əməlli-başlı ritual həyata keçirirdi, ağacın dibini dörd tərəfdən kərpiclə örtər, sonra məndən xahiş edərdi ki, budağı tərpədə-tərpədə onun arxasınca təkrar edim: “Mən anamın ilkisiyəm, ağzı qara tülküsüyəm, gilavar, get, xəzri, gəl!” Bütün dediklərini mənə elətdirəndən sonra arxayın olub rahatlanardı: “Həə, ilkim-mülküm, indi oldu canı pak”... Azərbaycan folkloru antologiyası... Miflər, əfsanələr, rəvayətlər, nağıllar, bayatılar...

Kitablardan, kinolardan, teatrlardan, muzeylərdən, məbədlərdən, məscidlərdən, şeirlərdən, nəğmələrdən çox şey gəlir Dilarə Adilgilin bədii mətninə: ahəngdar ədəbi dil... Dialekt, ləhcə özəllikləri, şirinlikləri də öz yerində. 

Müəllifin düşüncələr monoloqunda Şəki buradan başlanıb – təbiətindən. Bir fraqment: “Günün isti vaxtıdır, nəfəs almaq olmur. Birdən dağlardan bir meh gəlir, adamın istiqarışıq hər şey yadından çıxır. İnsanın özü də, ruhu da, duyğuları da təzələnir. Elə bil dağlar dərindən nəfəs alır, özü də aradabir, fasilələrlə... Bu nəfəsdən meşəli dağların ətri gəlir...

Yenə bir yay günü ailəlikcə Şəkidəki həyətimizdə oturmuşduq,  sakit, həlim axşam idi. Beqəfil (Şəki dialektində) külək qalxdı, qapı-pəncərələr çırpıldı, ağacların yarpaqları sovrulub yerə töküldü, şəhər başdan-başa yarpaq “yağışına” qərq oldu. Birdən çökən duman Qafqaz sıra dağlarını anındaca qamarlayıb “apardı”, işıqlar söndü, leysan başladı, nə başladı! Və havada əmələ gələn ozonla torpaqdan qalxan ətrin ətrafı bürüyən xoş, heç nəyə bənzəməyən qarışığı atmosferə yayılmağa başladı... Təbiətin bu gözəlliklərindən dəli olmaq olar!” 

Müəllif tez-tez fraqmentləri dəyişib, gah Bakının, gah Şəkinin, Qaxın, Qubanın, gah da  İstanbulun monoloquna başlayır; 60-cı, 70-ci, 80-ci, 90-cı illərin oxucu ilə həsbi-halı,  uğurları, qüsurları, fraqmentlərin tez-tez dəyişməsi, yaxınlara-uzaqlara, geriyə-önə qayıdışlar, həyat və romantika, xeyir-şər, toy-yas, adət-ənənə mərasimləri, anları, anımları,  nostalji hisslər... 

İçərişəhər...Vaqif Mustafazadənin mənzili... Tahir Salahovun mənzil muzeyi... “Üç mərtəbədə yerləşən mənzil-muzey həm quruluşu, həm də ekspozisiyası ilə fərqlənir və diqqət çəkir. Rəssamın foto-arxivi səni haralara aparır, nələri yadına salır, hansı naməlumları açıb tökür, – bir ayrı söhbətdir. Monoxrom – ağ-qara fotolar hərəsi bir obrazdır, foto sənətinin poeziyasıdır, tamaşaçı ilə səssiz dialoqudur, keçmişə agahlıq gətirməklə gələcəyə də şahidlik edir”... Uşaqlıq illərinin nağıl kitabı... “Kəlilə və Dimnə”dən, Şəmsi Təbrizidən, Mövlanadan, Yunus İmrədən, Mirzə Cəlildən, Sabirdən, Mehmet Akif Ərsoydan, Vurğundan, Baba Pünhandan, Vaqif Səmədoğludan, Qabildən,  Ramthadan, Ramiz Rövşəndən  qanad açan, qanad bağlayan fikirlər, düşüncələr...

Dilarə Adilgil xəyal, təxəyyül rənglərini, şirin, həzin yumor, şakər çalarlarını, qiymətləndirmə, dəyərləndirmə momentlərini, paralellər və müqayisələr uyuşmasını təbii, yerində verib, adi olanları, ali olanlarla müqayisəyə gətirib, informasiyanı halbahal genişləndirib: “Nədənsə, bu kiçik pişiklər mənim yadıma Notr-Damın qarquryalarını saldı. Yəqin ki, belə xatırlatmaya səbəb yapının qotika üslubunda işlənməsi, heyvanların dama yaxın yerləşməsi idi. Sehranə xanım  bu heykəlciklərin  gözlə görünməyən fəlsəfəsinə qərq olmuşdu, məna içində məna axtarırdı”. Bu mənada kitab başdan-başa informasiya duracaqları, dayanacaqlarıdır. Bir etnoqrafik, arxitektonik, memorial informasiya: “Bakının əfsanəvi meri Əliş Ləmbəranski Bakını hündürlüyünə yox, eninə böyüdürdü. Binaların ucalığı şərt deyildi, tikinti işində əsas məsələ Bakının yelçəkənindən – xəzri-gilavarından təbii kondinsioner kimi əlverişli istifadə etmək  idi. Bu şəhər bizim hamımızın evidir. Evə baxmaq  onu ağzına qədər  mebellə doldurmaq  demək deyil. Əgər Əliş Ləmbəranskinin rəhbərliyi dövründə paytaxtımız öz renessansını yaşamışdısa, 15 il inqilaba qədərki Bakının burqomistri olmuş Stanislav Despot-Zenoviçin zamanında Bayır şəhər salınmış, Bakı qəza olmaqdan çıxıb, quberniya statustu qazanmışdı”... Zivərbəy Əhmədbəyov “Bakının tikinti tempinin Nyu-Yorku qabaqladığını “xüsusilə vurğulayırdı. Bu olub Cümhuriyyət dövründə. İndi o dövrdə tikilən hər bina fəxr yerimizdir”. Müəllif retrospeksiyadan yerində, geniş və əhatəli istifadə edib.

Yazıçı tarixə yanaşmada, çağdaşlığa baxışı ifadə edəndə bəzi tarixi daşlaşmaları, etnoqrafik cizgiləri də unutmayıb, onlara toxunmayıb, onları olduğu kimi saxlayıb. Böyük messenat Hacı Zeynalabdin Tağıyevin adının əbədiləşdirildiyi küçədə, Hacının evi ilə üzbəüz Benəlxalq Bankın filialı yerləşir. Üstündə köhnə slavyan kiril  qrafikası ilə БАНКЪ sözü həkk edilib. “Bu kiçik retro-epizod hər gördüyümdə məni keçmişə aparır... Dərhal gözümün önündə bankın qarşısında dayanan konkalar, “cavanların İngilistandan, Firəngistandan qollarına keçirib gətirdikləri” enli şlyapalı “havalı” matişgələr, çəlikli intelligentlər, beli tapançalı qoçular, qəzet satanlar, çadralı qadınlar canlanır, varmış kimi görünürlər. “Məşədi İbad” filmi, “Ordan-burdan” tamaşası yadıma düşür. Deyəsən, Hacını da  gördüm, binaya girdi”... Bir də elm məbədinin qızıl dövründən qalan yadigar: “AMEA-nın Rəyasət Heyəti yerləşən İsmailiyyə sarayının lap yuxarısında АЗƏРБАЙЧАН ССР ЭЛМЛƏР АКАДЕМИЯСЫ yazısına toxunulmayıb”.

Bu kitabı şəxsi-sosial memuar saxlancı da adlandırmaq olar. Burada müəllif özündən, valideynlərindən, nənə-babalarından, professor Musa Adilovdan, əlyazmaşünas Məmməd Adilovdan, onların qohum-əqrabasından, əhatələrindən, ailə-məişət işlərindən, işdəhlərindən yazıb. M. Müşfiqin müəllimlik etdiyi,  Həsən Turabovun, Safura İbrahimovanın təhsil aldığı 14 nömrəli məktəbdən, teatr tamaşalarından geniş monoloqlar verib.  

Xatirələr saxlancında 1980-ci illərin universitet həyatı, filoloji biliklər... Müəllifin 1979-cu ildən sonrakı Şəki həyatı, onun etnoqrafiyası haqqında düşüncələri özünə yer alıb: “Azərbaycan ərazisindən keçən Böyük İpək Yolu əlverişli məntəqədə yerləşən Şəkidə ipəkçiliyin, xüsusən, kələğayıçılığın inkişafına böyük təsir göstərmişdir. Şəki ipəyindən istehsal edilən kələğayı respublikamızın milli, mədəni vizit kartı, brendi kimi imicini dünya çapında çoxdan qazanmışdır. Daim pusquda dayanan oğru qonşularımız öz adlarına çıxmasınlar deyə, kəlağayı birinci xanım Mehriban Əliyevanın milli təəəsssübkeşliyi sayəsində Azərbaycan incəsənətinin nümunəsi kimi 2014-cü ildə UNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmişdir”.

Şəkinin tarixi, etimologiyası, coğrafiyası, memarlığı, sənətləri, həyat tərzi, vərdişləri ilə bağlı obrazlı monoloqlar da munisdir. Dilarə xanım salnamələrə əsasən, bu şəhərin əsasının 2600 il bundan əvvəl olduğunu göstərib. Nuxanı Lev Tolstoy, Aleksandr Düma, rəssam Jan Pyer Muane, general Aleksandr Rayevskinin ziyarət etdiyini xatırladıb. Ədəbiyyat və incəsənət adamları da Şəki haqqında qiymətli fikirlər söyləyib. Müəllif bu fikirlərdən bir neçə çeşni də verib. Düma yazıb: “Nuxa şirin bir şəhərcik, bizim nəzər nöqtəmizdə məftunedici bir kənddir. Bura istirahət zonası olub insanların bulaqlar başında sərinlik tapdıqları yerdir”. Muane yazıb: “Nuxa mənim həyatım boyu  gördüyüm gözəllər gözəli bir kənddir... Nuxa yer üzünün elə guşələrindəndir ki, insan ömrünün qalan hissəsini də burada keçirmək istəyir”. Müəllif Şəkinin populyarlığının artdığını, ölkənin aparıcı turizm məkanlarından birinə çevrildiyini, hətta dünya prezidentlərinin Şəkini ziyarətini də yada gətirib. Müəllif Şəki Xan sarayı və şəhərin tarixi hissəsinin UNESKO-nun qeyri-maddi irsi siyahısına daxil edilməsi müjdəsini elə Şəkidəykən alıb, xalqın sevincinin şahidi olub.

Dilarə Adilgil Şəkidəki sənətlərdən, xüsusilə şəbəkə sənətinin bərpasından, ondan “Şəki Saray” oteli, “Çələbi Xan” restoranının dizaynında istifadəsindən, Sabit Rəhmanın ev-muzeyindən danışıb. Deyib ki, “ev-muzeyləri çox sevirəm, insanın qəlbini diri saxlayır. Evin özü, bağçası... Sabit Rəhmanın dədə-baba mülkü isə düz həyətin ortasında yerləşir, ətrafı da ağaclıq, gül-çiçək”... Təəssüf ki, kitabda Bəxtiyardan gələn elə bir düşüncə halına tuş olmadıq... 

Yazıçı-publisist memuarında tolerantlıqdan, multikulturallıqdan da danışıb: “Bu bölgədə Qafqaz Albaniyasına məxsus məbədlər çoxdur. Kişdəki Müqəddəs Yelisey məbədi isə onların anası sayılır”. Norveç arxeoloqu və səyyahı Tur Heyerdalın Kiş məbədinin aşkara çıxarılmasında xidmətləri böyük olub...

Memuar müəllifi Qax, Quba-Qusar bölgələrindən, Xınalıqdan  monoloqlar da verib. Hətta bizi 1990-cı illərin də fraqmentlərindən keçirib.
Doğma ana dili, qütsal din münasibətlərinə də toxunulub, Qurani-Kərimdən, Peyğəmbərdən (s.a.s.), Həzrəti Əli əleyhissəlamdan sitatlar gətirilib. Ramazan bayramı yada salınıb... Hamısı təbii, hamısı öz yerində...

Əsərin sonunda müəllif – ”Sözardı”da ad günlərinin dadını, oxucusuna rəğbətini, insana xitabını, onların hikmətlərini gözaltına toplayıb, bütün olayları, fraqmentləri, monoloqları, düşüncələri daraldıb, sonuclayıb... I və II şəxsin təkinə aid olan lirik-emosional, psixoloji-mənəvi təsvir-təhkiyə axarlarının əlini-ətəyini  düyünləyib... Bir sözlə, bir əsrlik epoxanın yaşamı... 

Bir qədər də, Dilarə xanımın digər əsərləri barədə... Memuarist “Şərqdə 36 gün və ya üç dəniz arxasına səyahətim” adlı kitabında İordaniyaya səyahət edib, poetik, lirik-emosional mətndə mənəvi-psixoloji və ruhani ehtizazlarını dilləndirib. Ölkənin mifologiyası, arxeologiyası, etnoqrafiyası, tarixi, coğrafiyası və mədəniyyətinin yaddaş məqamlarını vərəqləyıb, onun çağdaşlıq və romantikasını qələmindən ötürüb. Paulo Koelyonun sözləri ilə desək, məna və mahiyyət üçün proloq verib: “Doğulduğumuz andan ölənə qədər  həyatımız davamlı bir səfərdir. Mənzərə dəyişir, insanlar dəyişir, ehtiyaclar dəyişir, amma qatar həmişə hərəkətdə olur. Həyat bir qatardır. Qatar stansiyası deyil”.

Memuarda – şəxsi-ictimai xatirələr fonunda yazıçının şahid olduğu çəhrayı nağıla, tarixin itirdiyi şəhərə doğru gedirik, “qırmızı qızılgül rəngli şəhər”lə,  “qırmızı səhra” ilə, möhtəşəm Petra ilə üzləşirik, “Aylı Vadi”dən – Vadi-Ramdan, ellinizmin Filadelfiyası Ammandan duyğulanırıq, Məşriqin Pompeyi – Caraşı, İordaniyanın ikinci böyük şəhəri Zərqanı, Dauntaunu qavramağa səy edirik, Misiri – Aralıq dənizinin su pərisi İskəndəriyyəni, Qahirəni, Maadini keçirik, sağ və sol sahili birləşdirən “Qəsr əl-Nil”i, Ehramlar möcüzəsini, Böyük Sfinksi, turist şəhəri Madabanı anlayışla qarşılamağa çalışırıq,  Türkiyənin Zəfər bayramını duyğusallıqla ciyərlərimizə, nəfəsimizə çəkirik, Qırmızı dənizə yeganə çıxış, yeganə dəniz limanı Akabada dayanırıq... Çünki Dilarə Adilgilin “qatarı” burda dayanır, nəfəs alır, yeni nəfəs götürmək üçün vaxta ehtiyaclı qalır: “Bu da sentyabrın 5-i... Mən burada başlayıb, burada bitirdiyim rəngbərəng avqust ayını Jordanda qoyub al-əlvan sentyabrı özümlə Bakıya aparıram. Yay da yola hazırlaşır, mən də...”

Dilarə xanım bu səyahətində arzu və romantikasını, duyğu və düşüncələrini, mənəvi-psixoloji və ruhani hallarını riqqətə gətirib. Bədii mətnin strukturuna proloq, epiloq, epiqraf əlavə edib, Quran ayələri, hədislərdən faydalanıb, hətta Heredotdan, habelə Fateh Sultan Mehmetdən, Heydər Əliyevdən, Mahatma Qandidən, Cübran Xəlildən, Lev Tolstoydan, Q.Q.Markesdən, Mehmet Akif Ersoydan, Bernard Şoudan, Pablo Pikassodan, Nazim Hikmətdən, şeir mətnlərindən, film dialoqları, monoloqlarından, hətta internet saytlarından sitatlar verib, əlvan təsvir və ifadə vasitələrindən istifadə edib. Nəsr təhkiyəsinə əlvan rənglər, çalarlar, çeşnilər gətirib... Bir sözlə, bədii mətnin mükəmməl şəbəkəsi, sənət şəbəkəsi...

Professor Bədirxan Əhmədov “366 gün və ya uzun ilin inancı” əsərinin “Qorxunc və möhtəşəm bir ilin  bədii xronikası” adlı ön sözündə Dilarə Adilgilin yazılarında yeni bir janrın əlamətlərini gördüyünü nəzərə alaraq yazıb: “Dilarə Adilgilin bu əsərində yeni bir üslub var; bu üslub ədəbiyyatımızda heç alışmadığımız bir üslubdur. Yəni yazıçı özünün baş qəhrəman olduğu əsərdə bədiiliklə memuar ədəbiyyatını, publisistikasını bir araya gətirir. Qəhrəmanın düşüncə axarı dinamikdi, bir yerdə ilişib qalmır, daim hərəkət edir, həyatın romantikası ilə realizmini  özündə birləşdirir”... 

Bu roman 2020-ci ili – karantin və müharibə, qorxunc pandemiya və 44 günlük İkinci Qarabağ savaşı, “2020-nin bədii-publisistik xronikası” ilə əks etdirib. Olayların mərkəzində isə müəllif “Mən”i, müəllif “Öz”ü dayanıb. Professor B.Əhmədli yazıb: “Yazıçı torpaqlar azad olunduqca xalqın əyilmiş belinin necə qalxdığını, bükülmüş dizinin necə düzəldiyini, qısalmış dilinin necə uzandığını döyüş uğurları ilə bildirir... Azərbaycanın müharibədən qalib çıxmasını, ermənilərin düşdüyü eyforik vəziyyəti bəzən ironik, bəzən sarkazmla ifadə edir”.

Dilarə Adilgilin bir kitabı da “Bədii-publisistik məqalələr…” adlanır. Nəşrin redaktoru professor Şirindil Alışanlı, ön sözün müəllifi filologiya elmləri doktoru Günay Qarayevadır. Kitab ön söz, məqalələr və esselərdən ibarətdir. Günay Qarayeva kitabın “Bədiiliklə gerçəkliyin publisistik axarı” adlı ön sözündə yazıb: “Janr məsələsi Dilarə xanımın yalnız nəsr əsərləri üçün xarakterik deyil, qarışıq janr tiplərinin differensiasiyası onun bədii-publisistik məqalələrində də müşahidə olunandır. Bədii yaradıcılığında müxtəlif terminlərin vəhdəti və nəsr texnologiyasının ənənəvi prinsip və sərhədlərinin dağılması, dili müəyyən norma və çərçivələrdən azad etməklə ona sərbəstlik hüququnun verilməsi Dilarə xanımın bu vaxta qədər çap olunan bədii əsərlərində əsas nəzərə çarpan cəhətlərdəndir”.

Beləliklə, şərh vermədən ümumiləşdiririk ki, Dilarə Adilgil yazıçı, publisist və memuarist kimi ədəbi mühitdə tanınmış söz sahibidir. Onun əsərlərinin özəl üslub dəyərləri vardır ki, bu da bədii nəsrimiz üçün əhəmiyyətlidir. Gənc yazarlar Dilarə Adilgilin poetikasından sənətin gizlinlərini bədii həssaslıqla öyrənmək imkanı əldə edə bilərlər. Müəllifə daha böyük yaradıcılıq uğurları arzulayırıq.
                                                                               

Əlizadə Əsgərli

Filologiya elmləri doktoru