29 Yanvar 2025 12:14
241
ƏDƏBİYYAT

 Müəllim şair - Adil Misirli yazır

Hacı Allahverdi oğlu Həziyev (Kəbirli) 1949-cu ildə Ağcabədi rayonunun Təzəkənd kəndində dünyaya göz açıb. Gəncədə Pedaqoji İnstitutun riyaziyyat fakultəsini bitirib. 50 ildən çox pedaqoji fəaliyyətlə məşğul olub. Gələcək nəslə qədim və dəqiq riyaziyyat elminin sirlərini dərindən öyrənib, aşılayıb.

... Mən elə düşünürəm ki, riyaziyyatçı olmaq, bu fənni içəridən qavrayıb, başqalarına öyrətmək sənəti Ulu Tanrı tərəfindən insana bəxş edilən  bir vergi, istedaddır. Və Tanrı bu istedadı insanlara verəndə çox əliaçıqlıq edib. Yəni bu vergi insana saf ürəklə verilir ki, istedad çox zaman hərtərəfli və çoxşaxəli olur. Hacı müəllimdə olduğu kimi ...

Hacı müəllim təxəllüs götürməyib. (bu heç ehtiyac da yoxdur) Elə adı, soyadı ilə birlikdə çoxdandır yazır, yaradır. Poeziyanın lirik çeşməsindən ürəyi, qələmi ilə qidalanır. Təsadüfü deyil ki, lap bu yaxınlarda  millət  vəkili, şair Tahir Rzayevin maddi və mənəvi dəstəyi ilə onun “Hər söz yadigardır” adlı şeirlər kitabı işıq üzü görmüşdür.

Şeirlərində Vətən, Torpaq sevgisi ana xətt təşkil edən Hacı müəllim doğulub boya-başa çatdığı, təkcə təbii  yox, həm də mənəvi havasi ilə nəfəs aldığı kiçik vətəni Ağcabədini belə təsvir edir:

 

         Şəhidlərin başda tacın,

         Artıq yoxdur ağrın-acın

         Dastan qoşur şair Hacın

         Sözlərini deyir qəti,

         Vətənimsən Ağcabədi.

 

44 günlük Vətən müharibəsində vətənpərvər oğullarımızın Ana Torpaq uğrunda canlarını fəda edərək, torpağımıza isti, azad, doğma nəfəs gətirən qəhrəman şəhidlərimizin başımızın tacı kimi uca yerdə durmalarını çox təbii və inandırıcı şəkildə qələmə almışdır şair.

Hacı müəllim olduqca duyğulu, vətənpərvər, səmimi, açıqürəkli, insanlığa bağlı bir şəxsdir. O, ətrafındakı insanlara inanır, etibar edir. Dostluğa, qardaşlığa  inam, ümid bəsləyir. Belə bəşəri hiss və duyğulara üstünlük verən şair özü nümunəvi bir insan kimi əhdinə sadiqdir. Əhdə vəfasız çıxanlar ona əzab verir, yaddaşında silinməz iz buraxaraq mənfi emosiyalar yaradır. Bunlar onu çox incidir, qəlbini ağrıdır.

Hacı müəllim, təbiət dəyişdiyi kimi, insanın da dəyişməsi və insana bəslənən ögey münasibəti qəbul edə bilmir. Bunu onun qələmi belə dilə gətirir:

                                               

 

                                     

  Qara saçım ağarmazdı

Ürəyimi duyan olsa

Çünki insani dəyişiklik ürəyi ağrıdır, şüura kölgə salır. Axı dünyanın əşrəfi sandığımız insan dəyişirsə (mənfi tərəfə), demək ali, ulu hisslər, mənəviyyat, eyni zamanda mənəvi dəyərlər də dəyişir. Sözsüz bu dözülməz haldır. Odur ki, şair buna şerində münasibətini gizlətmir:

 

                 Hacı, sinən oldu oxlara nişan,

                 Onunçün sən idin daim pərişan,

                 Oturub məclisdə yersiz danışan,

                 Yer nadan qocaltdı, mən qocalmadım...

 

Çox çətin və şərəfli peşə sahibi, müəllim olan Hacı Həziyev müəllimin çəkdiyi minbir əzabı “Müəllim” şerində təbii boyalarla əks etdirmişdir:

 

                 Mayası halallıq, özü müqəddəs,

                 Zülmət gecələrdə nurdu müəllim.

                 Çəkdiyi zəhmətin barın görəndə,

                 Qönçəsi çatlamış güldü müəllim.

 

Həyatda müəllim və şair Hacı Həziyevin “Nəsinət” adlı şeiri geniş, əhatəli və bütövdür. Burada şairin dünyanın hər üzünü gördüyü və həyatdan çox şey (dəyərli) götürdüyü özünü olduqca qabarıq büruzə verir. “Nəsihət”in hər beytində insanlara hər zaman, həmişə gərək olan düşüncəli, mənalı fikir, nəsihət var. Axı belə nəsihətlərə indiki dəyişən, qarışıq zamanda çoxlarının ehtiyacı var. Etiraf edək ki, zamanın çox da düz getməyən axınında bəziləri hara və necə addım atmağın vacibliyini dərk etmir. Belələrinə üz tutan müəllif haqlı olaraq deyir:

 

                          Yelbeyin, fərsizi çəksələr başa,

                          Bilin ki, o yerdə daş düşər başa.

Əlavə heç bir sözə ehtiyac yoxdur. Hacı müəllim sözü yerində və lazımı qədər deməyi bacarır.

... Ömrün 75 ilini arxada qoyan və bu yaşda ilk şeirlər kitabı işıq üzü görən Hacı müəllimin sinəsi poeziya lövhələri ilə doludur. İnanırıq ki, o qəlbinin səsinə səs verərək, şair qələmi ilə yeni-yeni poeziya lövhələri çəkəcək, zamanın tələbkar oxucusunu bu poeziya nümunələrinə şövq edəcəkdir. Bunları deməyə onun öz üzərinə götürdüyü məsuliyyət və yaradıcılığına kənardan yanaşma hissi ilə baxmaq bacarığının mövcudluğu imkan verir.