adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 May 2023 15:07
1666
MÜSAHİBƏ, MƏDƏNİYYƏT

Nadir Qədimli“Şuşadan gələn səs”  Ağdamda bayram əhvalı yaratdı" - MÜSAHİBƏ

Mayın 6-da Ağdam elində maraqlı bir hadisə yaşanıb.

Bəli, hadisə! Hadisənin iki iştirakçısı var, bir səbəbkar, bir də səbəbkara dəyər verən: Səbəbkar Ali Baş komandan tərəfindən "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif olunmuş, Şuşaya ilk bayraq sancan və 28 ildən sonra Gövhərağa məscidində azan oxuyan XTQ- Xüsusi Təyinatlı Qüvvələrin baş giziri Yaşar Hüseynovdur, dəyərli olub dəyərlimizi də dəyərləndirməyi özünə borc bilən şair – dramaturq Nadir Qədimlidir. Ağdamda hadisə günü ola bilmədiyim üçün çox üzgünəm, amma Nadir müəllimlə zəngləşdik, söhbətləşdik və tədbiri ən xırda detallarına qədər öyrəndim. Elə bilin ki, mən də tədbirdəydim! İndi sizə N.Qədimli ilə olan söhbətimizi çatdırsam, siz də elə biləcəksiniz ki, o hadisənin içərisində siz də olmusunuz!

-Nadir müəllim, 6 mayda Ağdamda həm hava gözəl olub, həm də bir bayram əhval ruhiyyəsi hökm sürüb orda... Nə məsələ imiş?

-Vətən uğrunda döyüşlər hər zaman adi, sıradan bildiyimiz oğulların heç də adi-sıradan biri olmadığını sübut edən amildir. Bəlkədə müharibənin yeganə ən yaxşı xüsusiyyəti odur ki, el arasında deyirlir” papağ altda yatan oğullar” bax onları üzə çıxarır, sevdirir, el arasında ehtirama layiq edir. Bizim Yaşar da elə igidlərdəndi. Nəinki bütün Ağdamın, bütün Azərbaycanın, Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların əzizidir. Düşündüm ki, bütün qəhrəmanlara dastan yazılır, mahnılar qoşulur, romanlar həsr edilir , bəs o zaman biz niyə sakit duraq? Mütləq, fəxrimiz, qürurumuz olan Yaşara bir əsər həsr etməliyəm! 

- Bəs, qərarı nə vaxt verdin?

 - 44 günlük müharibə  təzəcə bitmişdi, sosial şəbəkələrdə müharibə ilə bağlı video-görüntülərə baxırdım. Təsadüfən, bir videoda gördüm ki, bir igidimiz Şuşada əvvəl bayrağımızı binanın üzərinə sancır , sonra da əzan oxuyur! Videonu izləyəndə sevincimdən hönkürtü ilə ağladım! Bir az da araşdırandan sonra öyrəndim ki, bu bizim Yaşardı.

-  Y. Hüseynovu əvvəllər tanıyırdın ki?

 - Özünü şəxsən tanımırdım! Amma Hüseynovlar ailəsini Ağdamda, Qarabağda tanımayan var ki? Rəhmətlik Əhəd kişinin oğullarının hamısı qəhrəmandı. I Qarabağ müharibəsində şəhid olmuş igid Füzuli Hüseynovun balaca qardaşıdı Yaşar. 1989-1994-cü illərdə Sadiq yerli batalyonda Fərman da Ağdam Polis İdarəsinin əməkdaşı kimi Qarabağda ağır döyüş yolu keçdiyini bilməyən yoxdu.

- Başladın yazmağa...

- Şair təbiətli insanlar çox kövrək olur, adi bir, tutaq ki, gülün, çiçəyin boynunun bükülməsi onlara böyük təsir edir. İndi sən de, 28 il sonra Şuşada ilk dəfə dalğalandırıb məni sevinc göz yaşlarına qərq edən Yaşar haqqında yazmaya bilərdimmi? (gülür)“Şuşadan gələn səs” beləcə yarandı. Eyni zamanda məqsədim münaqişənin yol açıdığı faciələri, Azərbaycan xalqının – ailələrinin başına gələn hadisələri diqqətə çatdırmaq oldu. Bu həm də Azərbaycanın hərb tarixinin təbliğ olunması deməkdir. ...

- İndi də “Şuşadan gələn səs” adlı əsərin Ağdam Dövlət Dram Teatrında tamaşa qoyulması haqqında danış...

 - Tez bir zamanda Yaşarla bağlı əsər yazdığımı hamı bildi, beləcə xəbər hər tərəfə yayıldı.Əsərin tamaşaya qoyulması ilə bağlı Ağdam Dövlət Dram Teatrının təklifinə ürəkdən şad oldum. Tez razı oldum. Əsər rejissor Kərim Həsənli peşəkarlığı sayəsində ən yüksək səviyyədə səhnələşdirildi. Tamaşanın quruluşçu rəssamı Müşfiq Qarayevin, musiqi tərtibatçısı Azər Şükürovun, rejissor assistenti Ceyhun Yusifovun və rolların ifaçıları Nuranə Əliyevanın, Elmir Hümbətovun, Fərhad Fərhadzadənin, Camal Zamanovun, Ülviyyə Qasımovanın, Sadiq Bağırovun, Rəmzi Gülməmmədovun, İxtiyar Məmmədovun, Hakim Cəfərlinin peşəkarlığı əsəri elə ilk andan tamaçılara sevdirdivə hər kəsin ürəyincə oldu. Bunun üçün mən Ağdam teatrının baş rejissoru Kərim Həsənliyə və kollektivə dərin təşəkkürümü bildirirəm.

- Eşitdiyimə görə, tamaşa anşlaqla keçib...

- Hə zal dolu idi, tamaşanın premyerasına Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov başda olmaqla rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.

 -Sənin elə digər əsərlərin də səhnə əsəri kimi çox maraqla qarşılanıb...

- Hə, 1998-ci ildə “Qarabağım qan ocağım” mənzum dramım rejisor Ədalət Ziyadxanov tərəfindən Ağdam Dövlət Dram Teatrında tamaşaya qoyulub. Tərbiyəvi əhəmiyyət kəsb edən məzmununa, poetik rəngarəngliyinə, aktyorların oyununa, rejissor quruluşuna, dekorasiya tərtibatına görə tamaşa böyük uğur qazanıb. Əsərin belə uğurlu alınması Azərbaycan Dövlət Televiziyasının diqqətindən yayınmadı. Tamaşa AZTV tərəfindən kadra alındı və hazırda orada qorunub saxlanılır. Həmin teatrda “Özəlim, Gözəlim”, “Təftiş əməliyyatı”, “Günahsızlar” pyeslərim tamaşaya qoyulub. Hətta “Özəlim, Gözəlim” komediyası əsasında televiziya tamaşası hazırlanıb. 2021-ci ildə Ağdam Dövlət Dram Teatrı ilk mövsümü “Günahsızlar” əsərim əsasında hazırlanan tamaşa ilə açıb və ilk tamaşa hərbçilər üçün təqdim edilib. 44 günlük müharibədən sonra səhnəyə qoyulan “Günahsızlar” tamaşası festivala təqdim olunub. Üstəlik Mədəniyyət Nazirliyi və Teatr Xadimlər İttifaqının “Fəxri Diplom”una layiq görülüb.

- Nadir müəllim mənə göndərdiyin fotolara baxdım, hamının üzündə bir iftixar, sevinc, təbəssüm var...Hesab edirəm, səhv eşitməmişəm, doğrudan da sənin tamaşaya qoyulmuş bu əsərin sözün həqiqi mənasında rayonda əsl bayram əhval-ruhiyyəsi yaradıb. Amma çox təəssüf ki, belə gözəl tamaşanı da, o ovqatı da izləyə bilmədim, qaçırdım...

- Kədərlənmə, “Şuşadan gələn səs” 15 may tarixində Bakı şəhərində də nümayiş olunacaq.

- Hə, o zaman görüşənə qədər! Uğurlar və yeni əsərlər arzulayıram!

 Əntiqə Rəşid