08 Sentyabr 2025 10:05
80
İDMAN

“Narahatlığım yoxdur” - Türkiyə millisinin baş məşqçisi

“Heç bir narahatlığım yoxdur, ağıllı davransaq, bu görüşdən dərs çıxara bilərik”.

Adalet.az xəbər verir ki, bu sözləri Türkiyə yığmasının baş məşqçisi Vinçenzo Montella DÇ-2026-nın E qrupunun 2-ci turunda İspaniyaya 0:6 hesabı ilə uduzduqdan sonra deyib.

“Futbolçularımız, azarkeşlərimiz üçün üzülürük. Açığını desəm, oyunun əvvəlində bir neçə qol imkanı qazandıq, amma dəyərləndirə bilmədik. Ardınca ilk fürsətdə qapımızda qol gördük, sonra ikinci top gəldi. Belə olanda zamanla inam da azalır və bu nəticə ortaya çıxdı, komandamız inkişaf mərhələsindədir. Oyuna nəzər salanda, taktiki baxımdan real analiz etmək mümkün deyil. Futbolçularımız üzərlərinə düşən məsuliyyətin ağırlığını hiss etdiklərinə görə potensiallarından aşağı oynadılar. Rəqib isə meydanın hər yerində ikili mübarizələri qazandı. Bu, taktika ilə bağlı deyil. Ruhdan düşməməliyik”, - çalışdırıcı deyib.

Jurnalistin “Bundan əvvəl də belə ağır məğlubiyyətlərdən sonra baş məşqçi dəyişikliyi olmuşdu. Siz bu mövzuda narahatlıq hiss edirsinizmi?”, - sualına belə cavab verib:

“Xeyr, heç bir narahatlığım yoxdur! Qətiyyən! Biz artıq oktyabr ayına köklənmişik. İkinci yeri təmin etmək üçün mübarizə aparacağıq. Dediyim kimi, əsas hədəfimiz Dünya Kubokuna vəsiqə qazanmaqdır”.