17 Noyabr 2023 15:56
1930
ELM VƏ TƏHSİL

Naxçıvanda uşaq bağçalarına qəbul artıq elektron sistem üzərindən aparılacaq - FOTOLAR

Noyabrın 16-dan başlayaraq Naxçıvan Muxtar Respublikasında məktəbəqədər təhsil müəssisələri ümumölkə informasiya sisteminə inteqrasiya olunur.

Adalet.az xəbər verir ki, bu məqsədlə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrinin maddi –texniki bazasının, pedaqoji və texniki heyətinin, uşaqların ümumi məlumatlarının  sistemə inteqrasiyası həyata keçirilir və bu prosesi həyata keçirəcək  əməkdaşlar üçün təlimlər təşkil olunur.

Qeyd edək ki, bu günə kimi Naxçıvan Muxtar Respublikasındakı  məktəbəqədər təhsil müəssisələri ümumölkə informasiya sistemlərinə inteqrasiya olunmamışdı. Bu da uşaqların bağçalara qəbulunda bir sıra problemlər yaradırdı. Valideynlər uşaqlarını bağçaya yerləşdirərkən  çətinliklərlə üzləşirdi. Məktəbəqədər təhsil müəssisələri ümumölkə informasiya sisteminəinteqrasiya olunduqdan sonra 2024-2025-ci tədris ilindən artıq valideynlər  uşaqlarının bağçalara qəbulunu “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi” (www.bq.edu.az) vasitəsilə həyata keçirə biləcəklər. Belə ki, valideynlər ümumölkə üzrə bağçalara uşaq qəbulu ilə bağlı elandan sonra elektron kabinet yaratmaq imkanı əldə edəcəklər. Həmçinin bütün valideynlər uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu ilə bağlı növbəyə yazıla biləcəklər. Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemi 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmə imkanı verir. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim edəcək və uşağın qəbulu aparılacaq. 

Sistemin əsas məqsədlərindən biri də muxtar respublika üzrə məktəbəqədər təhsil müəssisələri və bu müəssisələr daxilində olan uşaq və heyət haqqında bütün məlumatları vahid bir bazada saxlamaqdır.