Baranrudun sahili, müəmmalı Şəhriyar şəhəri: “Bilyər və Suvarlar”dan REPORTAJ

Vətənin hansı tərəfinə , hansı köşəsinə, bucağına ayaq qoyursansa qoy, elə bil cənnətə ayaq qoyursan! Bəli, Vətən torpağının "yaxşısı", "pisi" yoxdu! Əgər vətənini sevirsənsə, yurduna vurgunsansa, göydən od ələnən, çəmənsiz- çiçəksiz düzləri , başı dumanlı, buz kimi sərin dağlar- yaylaqlar qədər sevəcəksən! Göz yaşı kimi dumduru Xaçın çayını sevdiyin qədər bulanıq selli Arazı da sevəcəksən! Vətənini sevirsənsə fərq qoymadan sevəcəksən!
Bu gün yolumuz sevgilim yurdumun qədim oğuz eli olan Biləsuvar rayonunadır. Tarixi də insanları kimi mənəvi cəhətdən zəngin, yenilməz olan bu eli bizə bir də sevdirən Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzi Mübariz İbrahimov oldu. Mübarizin şəhadət günü münasibəti ilə rayona səfər edəndə gördüklərimi ağ vərəqə köçürüb, bir də sizə göstərməyə çalışdım.
Qədim Oğuz yurdu: Şəhriyar şəhərinin qalıqları, kurqanlar, qalalar...
Muğan düzündə yerləşən ən iri və çox qədim tarixə malik rayonlardan biridir Biləsuvar! Qədimliyini sübut edən 1 memarlıq, 12 arxeoloji tarixi və memarlıq abidəsi var. Bunlar keçmiş Biləsuvar yaşayış məntəqəsi ərazisində "Şəhriyar qalası" memarlıq abidəsindən, həmçinin Bəydili kəndi ərazisində tunc dövrünə aid 7 Kurqan təpəsi, Təzəkənd kəndi ərazisində tunc dövrünə aid 2 Kurqan (qoşatəpə), dəmir dövrünə aid "Torpağay təpə", Dərvişli kəndi ərazisində dəmir dövrünə aid "Seyid altı təpə" kurqanı, Yuxarı Ağalı kəndi ərazisində "Ceyran təpə" kurqanı, Əmənkənd kəndi ərazisində tunc dövrünə aid "Şəhriyar təpə" kurqanı, Şəhriyar kəndində orta əsrlərə aid Ağdam qalası, yenə həmin ərazidə orta əsrlərin əvvəllərinə aid "Çöl Ağdam şəhərciyi" və "İçəri Ağdam yaşayış ərazisində" arxeoloji abidələrindən ibarətdir. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Biləsuvar rayonunda apardığı arxeoloji kəşfiyyat işləri zamanı orta əsrlərə aid bir neçə qədim abidə, eyni zamanda, qədim şəhərin qalıqlarını aşkarlayıb. Biləsuvar rayonunda arxeoloji qazıntı aparılan zaman "Çöl Ağdam qalası", "İçəri Ağdam qalası", orta əsrlər Şəhriyar şəhərinin qalıqları, rayonun İsmətli kəndində orta əsr yaşayış yeri və kurqanı, Səmədabad kəndində orta əsr yaşayış yeri və s. aşkarlanıb. İndiyədək Şəhriyar şəhəri haqqında məlumatlar olsa da, bununla bağlı arxeoloji qazıntılar aparılmayıb.
Piləsuvar? "Belə", "su", "var" ? Yoxsa, Bilyər və Suvarlar?
Biləsuvar adının yaranması tarixçilər arasında hazırda müzakirələrə səbəb olan bir mövzudur. Məsələn, İran tarixçisi Həmdullah Qəzvininin məlumatına görə, Biləsuvar X əsrdə Büveyhi əmiri Piləsuvar saldırmışdır və şəhər də öz adını ondan almışdır. Tədqiqatçı Sabir Nəsiroğlu isə başqa bir variant ortaya qoyur. O, "Sehrli diyarın sirri" adlı qısaldılmış tarixi monoqrafiyasında və "Həməşəradan gələn səslər" kitabında tarixi mənbələrə istinad edərək yazır ki, Muğanda xəzərlər, massagetlər və s. tayfalarla yanaşı bilyər və suvarlar da yaşamışdır. O, belə bir nəticəyə gəlir ki, Biləsuvar iki tayfanın – bilyər və suvarların cəmlənib düşmən qarşısında qəhrəmancasına vuruşduğu yer mənasını verir. Daha sonra müəllif qeyd edir ki, "Atlı əsgərlərin və çaparların keçid yeri" toponimi Biləsuvarın toponiminə uyğun gəlir.
Xalq etimologiyasına görə, isə ərazi öz adını "belə", "su", "var" sözlərinin birləşməsindən almışdır. Yerli əhali də bu versiyaya daha çox üstünlük verir.
Yeri gəlmişkən, Biləsuvar rayonu 1930-cu ildə təşkil edilib. Amma hələ 1914-cü ildən başlayaraq Qafqaza köçürülmüş rusların şərəfinə rayonun adı dəyişdirldi. “Şanlı” sovet hökuməti tərəfindən rayon 1938-ci ildə Puşkin adlandırıldı. 1963-cü ildə ərazisi Cəlilabad rayonu ilə birləşdirildi. 1964-cü ildən isə yenidən müstəqil rayon oldu. SSRİ dövləti dağıldıqdan sonra 7 fevral 1991-ci ildən onun tarixi adı özünə qaytarıldı.
Bolqarçay yoxsa bol qarın çayı?
Biləsuvarın Bəydili kəndində qonaq olmağımız Bolqarçayı yaxından seyr etməyimə də imkan verdi. Çayın yatağı geniş, dərin bir az da zəhmli görünürdü. O böyüklükdə çaylaqdan kiçik bir kəhriz qədər su gedirdi. Niyə belə az deyib düşünərkən, qonağı olduğum evin sahibəsi - Şəhid Əlizadə Ruslanın anası Nigar xanım bildirdi ki, evlərinin bir addımlığındakı Bolqarçay yağış sularından əmələ gəlir:” İlin soyuq aylarında yağan yağışlar çayda böyük daşqınlar əmələ gətirir. Yay aylarında çayın suyu tamamilə azalır, bəzi illərdə isə quruyur”.
Adı Azərbaycanda məskunlaşmış türkdilli bulqar tayfasının adı ilə bağlılığı güman edilsə də, yerli əhalinin fikrincə, bu elə “bol” “qar”ın əmələ gətirdiyi çaydır.
Azərbaycanla İran arasında dövlət sərhədini təşkil edən, mənbəyini Talış silsiləsindən, Qarıçadağın şimal yamacından götürən Bolqarçayın başqa bir adı da var: Balharı çayı. Məlumata görə, çay talışlar arasında Bolharu, VII əsrə aid mənbələrdə Baranrud, XIV əsrdə Bacrəvançay formasında qeydə alınıb. Uzunluğu 163 km olan və bir neçə adla tanınan bu çaydan səmərəli istifadə etmək üçün üzərində Bolqarçay su anbarı tikilib. Çay Mahmudçala gölünə töküləndən sonra suvarmada istifadə olunur. Yeri gəlmişkən, Mahmudçala gölünün faunasını ölkəmizdə qızılqaz kimi tanınan flaminqolar zənginləşdirir. Amma rayon ərazisində ən çox rast gəlinən heyvan növləri canavar, tülkü, boz dovşan, çölsiçanı və çaqqal, quşlardan kəklik, qırqovul, göyərçin və sair su quşlarıdır.
Rayonun suya olan tələbatını bir də mənbəyini Araz çayından götürən uzunluğu 101 km olan Əzizbəyov adına (sonradan isə Cənub-Muğan kanalı adlandırıldı) kanaldı. 45 min hektara yaxın müxtəlif növ əkin sahəsinin suvarılması ilə yanaşı, əhalinin texniki-məişət suyuna olan tələbatının ödənilməsində də mühüm rol oynayır.
Quru çöllüyü gülüstana çevirən biləsuvarlılar
İyun ayında rayona səfər etmək həm də burada yaşayan əhalinin necə mətin və dözümlü olduğunu görmək deməkdi. Deməli, rayonun az bir hissəsində şabalıdı və açıq şabalıdı torpaqlar var, amma böyük bir hissəsi qeyri şorakət və az miqdarda şorakət torpaqlardır. Bitki örtüyündə çöl formasiyası geniş yer tutur. Quru çöl bitkiləri şahsöyüdü, yulğun kolları var. Əslində belə bir yerdə yaşıllıq salmaq, bol məhsul götürmək isə təbiətən igid insanlara məxsusdur. Əvvəlcə qeyd edim ki, Biləsuvarın əhalisi 105100 (yüz beş min)nəfərdi ki, onun 82000 (səksən iki min) nəfəri kəndlərdə, yerdə qalanı isə şəhərin özündə yaşayır. Xırmandalı, Bəydili, İsmətli kəndləri ən çox əhali yaşayan kəndlərdi. Camaatın əsas məşğuliyyət sahəsi əkinçilik, heyvandarlıq və quşçuluqdu. Buna baxmayaraq rayonda da kənd təsərrüfatı məhsullarını istehsal edən sənaye müəssisələri: "Biləsvar-Aqro" süd emalı zavodu, "Natural Qreland MMC"-nin konsevr zavodu yaradılıb. Bundan əlavə burda mebel fabriki və beton zavodda fəaliyyət göstərir.
Gəzdiyimiz Bəydili, Xırmandalı, Əliabad, Zəhmətabad, Əsgərabad kəndləri şəhərə yaxın olmaqla, həm də yaşıllığa qərq olub, Hər evin darvazası ağzından su arxı keçir. Su olan yerdə də həyat var , deyirlər.
Bax, o səbəbdən burda da gül-çiçək, müxtəlif meyvə ağacları var. Şəhid Məhəmməd Quluzadəgilin bağ-bağçası kimi...Meyvə ağaclarının, gül kollarının qoxusu bir yandan, dibçəklərdəki “kiçik cənnət” dən yayılan rahiyə də bir yandan.. qızmar günəş altında adamın ürəyinə su kimi səpilir.
Elmin və əxlaqın nümunəsi: Adlı-sanlı biləsuvarlılar
2013-cü ilin “Gənclər Paytaxtı” seçilmiş Biləsuvar rayonunda təhsil və təlimə önəm vermək əsas şərtdi. Bunu rayonun M.Piriyev adına Əliabad kənd tam orta məktəbinin direktoru Bəsti Rüstəmova ilə söhbətimizdə o söylədi. Dedi ki, bədnam qonşularımız ermənilər olunca, biz müəllimlərin əsas vəzifəsi bilikli, savadlı gənc yetişdirməklə bərabər, həm də vətəni sevən, vətən darda qalarkən onun harayına çatan igid oğullar və qızlar yetişdirməkdi:” Biləsuvarlılar hər zaman, istər I Qarabağ müharibəsində, istərsə də, Vətən müharibəsində ön cəbhədə və arxa cəbhədə çox fəallıq göstəriblər. I Qarabağ müharibəsində, 2016-cı ilin Aprel döyüşlərində, İyul savaşlarında ümumilikdə 134 nəfər, o cümlədən Vətən müharibəsində 67 nəfər biləsuvarlı şəhidlik zirvəsinə yüksəlib. İndi həm rayonumuzun, həm kəndimizin, həm məktəbimizin adını respublikaya yaxından tanıdan yetirmələrimizlə fəxr edirik. Hazırda məktəbimizin adını daşıyan , I Qarabağ müharibəsi şəhidi Malik Piriyev, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov, eləcə də Vətən müharibəsinin şəhidləri Elvin Şahmarlı, Səməd Kərimli, Rahət İsayev təhsilimizin verdiyi düzgün təlim-tərbiyənin bariz nümunələridir”.
Bəli, elə bu səbəbdən də rayonda 26 tam orta məktəb, 10 ümumi orta məktəb, 2 məktəbdənkənar təhsil müəssisəsi, 2 uşaq incəsənət məktəbi, 10 məktəbəqədər təhsil müəssisəsi var.
Bu gün həmin məktəblərin məzunları qazandığı bilikləri Biləsuvarın hər bir sahəsində ortaya qoyur. Məsələn 3 xəstəxana, 14 həkim ambulatoriyası, 6 həkim məntəqəsində savadlı tibb işçiləri öz həmyerlilərinə layiqli xidmət göstərirlər.
Biləsuvar Olimpiya İdman Kompleksi isə 2008-ci il oktyabrın 7-də gənclərin istifadəsinə verilib. 6,5 hektar ərazidə yerləşən Kompleksə 910 tamaşaçı tutan əsas idman salonu, 25 metrlik üzgüçülük hovuzu, müasir idman avadanlığı quraşdırılmış kiçik və böyük trenajor zalları, məşq zalları, şahmat otağı, stolüstü tennis salonu və yardımçı otaqlar daxildir. Yüz nəfərlik yeməkxanası olan kompleksin ərazisində 50 yerlik mehmanxana, habelə ikimərtəbəli iki kottec də tikilib.Müasir standartlara cavab verən kompleksdə mütəmadi olaraq boks, cüdo, karate, sərbəst güləş, taekvndo, futbol üzrə respublika və beynəlxalq səviyyəli yarışlar keçirilir.
Əminəm, respublikamızda tanınan biləsuvarlılarla sizdə tanışsınız: Fəlsəfə elmləri doktoru, professor Ağayar Şükürov , Aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov, kimya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Üzvi kimya kafedrasının müdiri, Kimya fakültəsinin dekan müavini Namiq Şıxəliyev, Filologiya elmləri doktoru, professor, dekan Fikrət Cahangirov , Azərbaycan Respublikasının Əməkdar Mühəndisi Rizvan Abasov, Nyu-York Elmlər , Akademiyasının həqiqi üzvü, professor Azad Abışov, tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin müasir tarixi kafedrasının professoru;Milli Şuranın sədri, 2013-cü il prezident seçkilərində prezidentliyə namizəd Cəmil Həsənli, fizika-riyaziyyat elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin "Riyazi kibernetika" kafedrasının müdiri Kamil Mənsimov, Yazıçı, ssenarist Əhmədağa Muğanlı , Yazıçı Əlibala Hacızadə, Pərviz Cəbrayılı, aktyor, xalq artisti Ramiz Novruzov aktyorlar İlqar Dadaş,Mahir Mirişli, kinematoqrafçı, rejissor, prodüser. Beynəlxalq kino festivalların iştirakçısı İntiqam Hacılı , rəssam Gündüz Ağayev, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsüləri Qızqayıt Həsənova və Ərəstun Məmmədov ,Yunsur Hacıyev və başqaları. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov və General - leytenant, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargahı tabeçiliyində Xüsusi Təyinatlı Qüvvələrin komandiri Hikmət Mirzəyevi xüsusi qeyd etmək boynumuzun borcudur.
Biləsuvardan aldığım təəssüratlara burda nöqtə qoymaq istəyirdim ki, rayonda olan dostlarım mənə zəng edib, bir xəbər çatdırdılar. Dedilər ki, Vətən müharibəsinin qəhrəmanı, Əsgərabad kəndindən olan şəhid Kənan Rüstəmlinin xatirəsini əbədiləşdirmək üçün kənddə onun adına abidə qoyulub! Üstəgəl bir də "Şəhid Kənan bulağı" tikilib. 26 İyun Silahlı Qüvvələr günü ilə əlaqədar olaraq həmin abidənin və bulağın təntənəli açılış mərasimi də keçirilib.
Bəli, xalqımız hər zaman qəhrəmanlarını qəlblərdə, yaddaşlarda yaşadıb. Dəyərli biləsuvarlılar isə dəyərlilərinə dəyər verməyi özlərinə borc bilirlər!
Xalqımıza əminamanlıq, şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzulayıram!
Əntiqə Rəşid
Digər Xəbərlər

Böyük Qayıdış yeni iş imkanları yaradır - VİDEO

Qəyyumluq və himayəçilik orqanlarının qərarları EHİS-ə daxil ediləcək

Bu gündən balıq ovu qadağan edilir

Bu ərazilərdə 3 gün su olmayacaq

Yenidən qurulan Ağdama Böyük Qayıdış təntənəsi

May ayının ilk gününə olan hava proqnozu

Zərdabda bu yolun yenidən qurulmasına başlanılıb - VİDEO
