Nəğmə dinsə dodaqlarda...
İmzası ədəbi ictimaiyyətdə yaxşı tanınan yazıçı-şair Damət Salmanoğlunun Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda son günlərdə nəşr olunan kitablarının təqdimatı keçirildi. Təqdimat mərasimində iştirak edə bilməsəm də əməkdaşımız Hüsniyyə Əlizadə əziz dostum Damətin avtoqrafla yazılmış “Nəğmə dinsin dodaqlarda” şeirlər və “Solmuş çiçəyin tumurcuğu” hekayələr kitabını mənə çatdırdı. Düzünü desəm, hekayələr kitabını hələ oxumamışam, ancaq kitabın adı çox düşündürücüdür. Solmuş çiçəyin tumurcuğu deyəndə həyat enerjisi tükənsə də, mübarizə əzmi qırılmayan bir çiçək yada düşür. Hər halda, qüssəli olsa belə həyat eşqi dolu təəssüratlar oyadır.
Bir neçə sayt Damət Salmanoğlunun hekayələrindən nümunələr dərc etmişdi, səhv etmirəmsə, “Ədəbiyyat qəzeti” də yayımlamışdı. “Ədəbiyyat qəzeti”ndə “Ağ atlı oğlan”, digər saytlarda isə “Boğulan arzular” hekayəsi qarşıma çıxdı. “Boğulan arzular”ı oxumağa vaxt tapa bildim. Hekayənin mahiyyət və məzmununda yazıçının cəmiyyətdə baş verən lüzumsuz hadisələrə münasibəti diqqət çəkirdi. Yazıçı insanın taleyində, yaşam tərzində, həyatla mübarizəsində öz həqiqətlərini ortaya qoya bilməsində mənəvi iztirablara, məşəqqətlərə düçar olmasını qabartmışdı. Düzlük, halallıq, mənəvi sağlamlıq bütün hallarda insanın əsas idealı olmalıdır. Bu idealdan uzaqlaşan insan sevilə bilməz. Hekayənin əsas qəhrəmanları da öz ömrünü sevdiyi idealları uğrunda mübarizəyə həsr edir. Hekayə bədii sənət nümunəsi kimi oxunaqlı, rəvan bir dildə yazılmışdır.
Qeyd etdiyim kimi, “Nəğmə dinsin dodaqlarda” kitabı isə şeirlərdən ibarətdir. Bu şeirlər ən müxtəlif mövzuları əhatə edir. Vətən, yurd, ana, təbiət eləcə də digər mövzularda insana doğma hissləri əhatə edən, bu hissləri poetik qəlibə salan şair, duyğularını əlvan rəngdə ədəbi tabloya çevirməyi bacarır.
Kitaba “Ön söz” yazmış şair-publisist Eltun Türkel də elə bunu yada salır:
“Yazarın hər mövzuda yazdığı şeirlər özünəməxsusluğu ilə seçilir. Bu şeirlər Vətənə bağlılığı, insanlığa məhəbbəti, gənc nəsilə nəsihəti də özündə əks etdirir. Xüsusilə, II Qarabağ Savaşında igidlərimizin şücaətini, xalqımızın vəhdətini, Müzəffər Ali Baş Komandanımızın atdığı məqsədyönlü addımlarını şeirlərinə misra-misra ehtiva etməyi bacaran Damət Salmanoğlunun bu kitabının oxucular tərəfindən böyük rəğbətlə qarşılanacağına heç bir şübhəm yoxdur”.
Şairin Turan, bütöv Vətən, bütöv türk coğrafiyası sevgisi əksər yaradıcılıq nümunələrinə hopub.
Qəlbimdə yandırdım ümid çırağı,
Necə də gözəldir arzu, niyyəti,
Yayılıb hər yana səsi, sorağı,
Tezliklə quurlar Turan dövləti.
Şairin Vətən sevgisiylə yazılmış şeirlərinin hər biri qalib ordumuza, düşmən üzərində bir yumruq kimi birləşməyi bacaran xalqımıza, zəfərlərə imza atan dövlət başçımıza, milli-mənəvi dəyərlərimizə inam və güvənc yeri kimi baxmasından qaynaqlanır. Şəhidlərə ehtiram, qazilərə sevgi onun şeirlərinin ana xəttidir. Bu baxımdan “And yerimiz şəhidlər”, “Mən türkəm”, “Turan”, “Müstəqil dövlətimiz var”, “Həmrəylik günümüz”, “Əsrimiz türk əsridir”, “Cənab Ərdoğan”, “Laçın, “Ulu öndərim”, “Müzəffər ordunu xalq alqışlayır” və s. şeirləri yüksəsk mənəvi keyfiyyətlər aşılamaq qayəsilə seçilən şair səmimiyyətinin bəhrəsidir.
“Nəğmə dinsin dodaqlarda” çətiri altında toplanmış şeirlər gerçəkdən də rəngarəng duyğular yaradır. Maraqlı xatirələrə köklənmiş sevgi şeirləri də var şairin. Məsələn, onlardan birini tanınmış şair Qəşəm Nəcəfzadə yada salır.
Qar üstə bir qızın ləpiri qalıb,
Unudub, bəzəkli çətiri qalıb,
Yayılıb aləmə çiçək qoxusu,
Keçdiyi yollarda ətiri qalıb.
Göydən narın-narın qar səpələnir,
Sanki heç qar deyil, həsrət ələnir.
Şirin xatirələr dərdə bələnir,
Ruhum xəyalların əsiri qalıb.
Sızlayan yanıqlı telə dönmüşəm,
Acı həsrət dolu ilə dönmüşəm,
Qəfil yanıb-yanıb külə dönmüşəm,
Sənə olan eşqim dip-diri qalıb.
Bu şeirdə xatirədən tutmuş vüsalın özəlliyinə qədər hər şey öz yerini tapıb. Özü də poetik şəkildə ayağın altındakı ləpirlə başın üstündəki çətirin həmqafiyə olması, həm də bədənin başı və ayağını tutaraq bu aralıqda baş verən sosial-psixoloji sarsıntıları nəzarətə götürməsi, bəzən qoruması şeirin qurluşunu təşkil edir...”
Damət Salmanoğlunun onlarla belə şeirini misal gətirmək olar ki, bu şeirlər təkcə oxucu qəlbini sığallayıb ötmək üçün deyil, həm də mənəvi kamilliyə, insan yaddaşına şəfa gətirən böyük sevgiyə, həyata məhəbbət oyadan ülviyyətə poetik bir çağırışdır.
Damət Salmanoğlunun çox maraqlı həyat müşahidələri var. Heç şübhəsiz ki, onun gördüklərini biz də görürük, amma gördüklərini şeiriyyətə çevirmək hər adamın qisməti deyil. Məsələn, biz hamımız insanın, onun mənəvi cəhətlərinin - ilqar-imanın, ümidin-gümanın dəyişməsindən gileylənə bilərik. Fəqət bu ağrı bizdə - yəni adi insan duyğularında heç vaxt şeirə, şeiriyyətə çevrilmir. Damət Salmanoğlunda isə bu hisslər poeziyanın həssas misralarına dönür.
Tərs fırlanır çərxi-fələk,
Dövran, zaman dəyişibdir.
Betərindən qoru, Allah,
İnsan yaman dəyişibdir.
Göz yollarda, qulaq səsdə,
Ölüm gəlir asta-asta.
Üz çevirir dost da dosta,
İlqar, iman dəyişibdir.
Sonrakı bəndlərdə şair ümid, güman dəyişibdir, əhdi-peyman dəyişibdir deməklə insanlığın naxoş bir duruma düşdüyündən narahatlığını ifadə edir. Lap sonda isə belə deyir:
Çox çətinə gərib sinə,
Lal olmuşuq dinə, dinə,
Damət, qapın açıq yenə,
Gələn mehman dəyişibdir.
Damətin qəlbinin qapısı arınmış, durunmuş, saf, müqəddəs sözə açıq olduğu kimi insanların da üzünə açıqdır və bu şeiri oxuyub da üzərindən susqunluqla keçə bilməz insan, çünki hər insan özü də bir mehmandır. Bu dəyişən dünyanın, dəli dağ çayı kimi axıb-gedən bu zamanın vəfalı- vəfasız, ilqarlı-ilqarsız, imanlı- imansız mehmanıdır.
Sonda Damət Salmanoğluna təşəkkürümüzü bildiririk ki, mənim və qəzetimizin digər əməkdaşı Təranə Əlizadənin də onun yaradıcılığı barədə yazdıqlarına kitabında yer verib.
“Nəğmə dinsin dodaqlarda” ünvanındakı şeirlər bizi xeyli duyğulandırdı. Bir cümlə ilə desək - nəğmə dinsə dodaqlarda insan gülər, həyat gülər.
Nəğməkar şairə yeni yaradıcılıq uğurları diləyilə.
Fariz Çobanoğlu