14 May 2025 17:42
147
ƏDƏBİYYAT

Nizami Muzeyinin açılışının 80 illiyi qeyd olundu - FOTOLAR

14 may 2025-ci il tarixində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin açılışının 80 illik yubileyi münasibətilə Muzeyin Xaqani Şirvani adına Aran Regional filialında maraqlı və yaddaqalan tədbir keçirildi. Ədəbiyyatsevərlər, ziyalılar, ümumtəhsil məktəbinin şagirdləri və rayon  ictimaiyyətinin nümayəndələri bu əlamətdar gündə muzeyə toplandılar.

Tədbiri giriş nitqi ilə filialın müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq muzeyin yaradılmasının və açılışının tarixindən, fəaliyyətindən bəhs etdi və  bildirdi ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Milli Azərbaycan Ədəbiyyatı Muzeyi 1945-ci il mayın 14-də açılmışdır. Muzey Nizami Gəncəvinin anadan olmasının 800 illiyinə həsr olunmuş daimi sərgi xatirə muzeyinin təşkili haqqında  Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1 noyabr 1939-cu il tarixli 4972 №-li sərəncamı ilə yaradılmışdır. Lakin İkinci dünya müharibəsinin başlanması və 1941-45-ci illərdə Alman faşizmi ilə müharibə səbəbindən onun açılışı qələbədən sonra – 1945-ci il may ayının 14-də baş tutdu.   Muzey 1959 və 1967-ci illərdə xeyli genişləndirilmiş və  yenidən qurulmuş, son olaraq,  2004–2009-cu illərdə təmir və restovrasiya olunmuş, sərginin sahəsi 2500 kv. metrədək artmışdır. Muzey Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur. Muzeydə Azərbaycan ədəbiyyatının ən qədim dövrlərdən müasir dövrə qədər keçmiş olduğu yol işıqlandırılır,  müxtəlif sənədlər, əlyazmalar, kitablar və s. ilə yanaşı, qədim və orta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərləri nümayiş etdirilir. Ədəbiyyat tarixi muzeyi 30 ekspozisiya zalından, 10 əsas şöbə, 2 regional filial, elmi fond və s. ibarətdir.

Tədbir iştirakçıları əvvəlcə filialın ekspozisiyası ilə tanış oldular. Azərbaycan ədəbiyyatının zəngin tarixini, klassik ədəbi irsimizin dahi nümayəndələrinin həyat və yaradıcılığını əks etdirən eksponatlar haqqında muzeyin əməkdaşları qonaqlara ətraflı məlumat verdilər.

Daha sonra tədbir bədii hissə ilə davam etdi. Muzeyin zallarında iştirakçılar dahi  söz ustadlarının büstü, eksponat və əsərlərinin sərgiləndiyi guşələrin qarşısında böyük ruh yüksəkliyi ilə çıxış etdilər. Skripka müəllimi Vüsal  Mehdiyev və şagirdi Mehin Mürsəliyeva, tarda Elgün İmamverdiyev musiqi nömrələri və qiraətçi Ərəstun Sadıqov, Muğanlı kənd tam orta Məktəbinin şagirdləri Zəhra Mənəfova, Ruqiyyə Aslanova, Səma Hacılı klassiklərin əsərlərindən şeirlər və kompozisiya təqdim etdilər. Klassik poeziyanın zəngin ruhu musiqi ilə qovuşaraq qonaqlarda xoş təəssürat yaratdı.

Sonda iştirakçılardan Namiq Ağayev, Müşgünaz Əliyeva, Simuzər Bağıyeva, Tofiq Abdullayev muzeyin fəaliyyətinə uğurlar arzulayaraq, Azərbaycan ədəbiyyatının inkişafında Nizami Muzeyinin müstəsna rolunu qeyd etdilər və bu cür tədbirlərin milli irsin təbliği baxımından xüsusi əhəmiyyət daşıdığını vurğuladılar.
Bu yubiley tədbiri bir daha sübut etdi ki, xalqımızın ədəbi irsi daim yaşayır və yeni nəsillərə ilham mənbəyi olmağa davam edir, insanları düşündürür və ilhamlandırır.