adalet.az header logo
  • Bakı -°C
14 Dekabr 2015 16:10
11428
MARAQLI
A- A+

Nostradamus - gələcəyin keçmişdəki gözü

Bəşər tarixinin ən böyük münəccimi, kahin Nostradamus təxəllüsü ilə məşhur olan Mişel de Notrdamın adını eşitməyən olmaz. Adı, şəxsiyyəti, xüsusi istedadı yüzillərin qalaqları altında əzilməyən bu münəccim, belə görünür ki, hələ neçə əsrlərin insanlarını da heyrətləndirəcək. Tarixi boyu münəccimliyə qarşı nə qədər maarifləndirici tədbirlər görülüb, bəlağətli nitqlər söylənilsə də, insanlar həmişə gələcəyin müəmmalı cazibəsinə can atıblar. Gələcəkdən onlara xəbər verənləri isə səxavətlə maddi və mənəvi olaraq dəyərləndiriblər. Nostradamus isə bəşər övladından ən böyük diqqət görmüş kahinlərdən biri, hətta ən öndə gələnidir. Onun xüsusi qabiliyyətləri haqqında bu günə qədər çox məlumat verilib, bir az şişirdilib, bəzən isə skeptiklərin elmi-tənqidi cavablarına tuş gəlib – yaşadığı dövrlərdə də, indi də. Konkret olaraq, Yer kürəsinin ən əhəmiyyətli hadisələri, müharibələri, dahiləri haqqında məlumatları o  verib, ya da onun adına yazırlar. Cümləni təsadüfən belə bitirmədim. Belə bir iddia var ki, Nostradamusun qabiliyyəti bilərəkdən, məqsədli şəkildə şişirdilir. Dünyanın bütün zamanlarda alt idarəçi qurumlar (dərin dövlət) olub. Gizli şəkildə Yer kürəsini Günəşin deyil, öz barmaqları ətrafında hərlətməyi bacaran bu şəxslərin planları birillik və ya beşillik olmur. Onlar planları əsrlərə görə qururlar. Sonrakı əsrlərdə varislərinin işlərini yoluna qoymaq, dünyanın idarəçiliyini davam etmək üçün saxta gələcək formalaşdırırlar. Ya da planlaşdırdıqları hadisələr haqqında qabaqcadan onu heç vaxt görməyəcək insanlara eşitdirirlər. Məsələn, deyək ki, 1500-cü illərdə 200 il sonra varisləri üçün planladıqları müharibə, işğal haqqında məlumat vermək üçün Nostradamusun "xidmət”indən yararlanırlar.

Bəzi elm adamlarının dediyinə görə, Nostradamusun gələcəklə bağlı verdiyi 946 xəbərdən yalnız 70-i doğru çıxıb. Yəni, onun doğru söyləmək nisbəti yeddi faizdir. Nostradamus özü gələcəklə bağlı xəbərlərində "müqəddəs yazıları əsas götürərək, astronomik hesablarla nəticə əldə etdiyini" etiraf edib. 

Alim Çarlz Vard onun haqqında belə deyir: "Tapmacalarla danışan bir insandır. Səthi bir xristian, səmimi bir bütpərəstdir. Yanacağını əvvəlcədən xəbər verən Rouzin şəhərini də o özü yandırıb!"

Bernard Capp isə onun haqqında: "O, öz sözlərinə drammatik don geyindirməkdə mahirdir. Buna görə də gələcək haqqında verdiyi xəbərlər bu günə qədər diqqət mərkəzində olub" ifadələrini işlədib.

Məşhur tədqiqatçılardan Ceymz Laverin ifadələri isə daha maraqlıdır: "Onun yazıları şeir və ədəbiyyat qaydalarına uyğun gəlməz; nizamsız, uydurmalarla dolu olan mənasız sözlər yığnağıdır. Şerlərindən doğru bir məna çıxarmaq mümkün deyil. Dediklərinin əksəriyyəti mənasız sözlərdən ibarətdir".

1503-cü ilin bu günündə - dekabrın 14-də Fransanın Sen Remi vilayətində, katolikliyi qəbul etmiş yəhudi ailəsində anadan olan Nostradamus həqiqətən də klassik ədəbiyyatla maraqlanıb və özünün də həyatı boyu çoxsaylı şeirləri olub.

Onun əsas bilgi sahəsi isə münəccimlik və tibb idi. 1537-ci ildə arvadı və iki uşağı taundan öldükdən sonra yaşadığı şəhəri tərk edib və altı il səfil həyat tərzi sürüb. Məhz bu zamanlarda özündə gələcəyi görmə duyğularının oyanışını hiss edib. 1550-ci ildə iyirmi dörd öngörücü rubaidən (katren – dördlük) ibarət bir təqvim hazırlayıb.  

Hələ 1564-də fransalı gənc keşiş Feliçe Piyeretinin önündə diz çökmüşdü. Hər kəs təəccüblə bunu qarşıladıqda isə onun gələcək Roma Papası olacağını bildirmişdi. Gənc keşiş və hadisə şahidləri buna inanmayıb onun sözünə gülmüşdülər, amma 19 il sonra həmin gənc Sikst V adı ilə Roma Papası olub.

Nostradamus öncəgörmə seanslarını suya baxaraq həyata keçirirmiş. Dunyanın ən zalım insanlarının adını verəndə isə özündən 200 il sonrakı Napoleona Bəstəboy demişdi. Sonrakı 300 ilin zalımı isə Hister adını verdiyi Hitler olmuşdu. Nostradamus Napoleonun düz 14 il hakimiyyətdə olacağını, Fransada De Qoll adlı birisinin üç dəfə rəhbər seçiləcəyini demişdi.

Hitlerin hakimiyyət müddətini də düz tapmışdı - 11 il.  "Çox qanlar tökəcək, axırda ordusu da, özü də məhv olacaq. Onun başına nə gələcəyini heç kim bilməyəcək. Bu, iradəcə güclü adamın dili əlində cida olan dəlidən daha qorxulu olacaq. Zəmanəsinin yetirməsi olan bu antixristin hakimiyyəti çox sürməyəcək".

Nostradamus Neptun planetinə də işarə edib. Halbuki bu planet onun ölümündən 280 il sonra, 1864- cü ildə fransız və alman astroloqları Jan Jozef Leverye və İohann Qotfred Alle tərəfindən kəşf edilmişdi.

Görücü Böyük Britaniyadan da bəhs edir. Hərçənd Böyük Britaniya onun ölümündən 152 il sonra yaranmışdı. Görücü Anqlikan sözündən bəhs edir. Halbuki, ingilislər bu sözü yalnız 1635-ci ildən işlətməyə başlamışdılar. O, eləcə də özündən 210 il sonra yaranmış ABŞ dövlətindən, ölümündən 250 il sonra yaranmış ABŞ Demokratlar Partiyası (1828-ci il) və onun rəmzindən - uzunqulaq və qatırdan söz açmışdı.

Nostradamusun Sovet ittifaqı ilə bağlı dedikləri də maraqlıdır: "Oktyabr ayında böyük inqilab olacaq. Çoxları deyəcəklər ki, bu indiyə qədər baş vermiş inqilabların ən dəhşətlisidir. Sanki həyat məhvərindən çıxacaq. Yer üzünü zülmət bürüyəcək. Yazda və bundan sonra böyük dəyişikliklər baş verəcək. Krallıqlar məhv olacaq, bütün bunlar Yeni Babilistanın meydana gəlməsinə, iyrənc əxlaqsızlığa gətirib çıxaracaqdır... Sanki bu şərq səltənətində insanların əxlaqının pozulması ucbatından Ulu Tanrı Şeytanı zülmətdən azad edəcək və bunun nəticəsində qüdrətli köpək dünyaya gələcək. Kilsələrdə, ibadətgahlarda elə oyunlar çıxaracaqlar ki, gözdən və əldən məhrum olmuş qırmızılar da, ağlar da bunun dəhşətli nəticələrini görə bilməyəcəklər... Onlar ölkənin üçdə iki hissəsini məhv edəcəklər. Üçdə biri qalacaq. Lakin artıq heç kim tarla və evlərin həqiqi sahiblərindən neçə nəfərin sağ qalacağını müəyyən edə bilməyəcəkdir. Onlar törətdikləri cinayətlərə görə cəzadan yaxa qurtara bilməyəcəklər. 73 il 7 ay davam edən hakimiyyət əllərindən alınacaq".

Deyilənlərə görə, Nostradamus öz ölümünün dəqiq tarixini də bilirmiş. 1566-ncı il iyulun birinci günü axşamı qulluqçusunu çağırıb ona xeyirli gecə diləyərək ona "məni sabah diri görməyəcəksiniz" demişdi. O günün sabahı onu laboratoriyasında ölü halda tapırlar.

İstənilən halda Nostradamus şəxsiyyətinin müəmması yaşadığı dövrdən indiyə qədər hələ də davam edir. Kimlərə - Allaha, Şeytana, Krallara... xidmət etdiyi bilinməyən bu müəmmalı şəxsiyyət bəşəriyyətin ən bacarıqlı münəccimi kimi tarixin zirvəsindəki yerini qoruyur. 


Şəfiqə ŞƏFA