adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
09 Aprel 2024 11:41
3483
MƏDƏNİYYƏT

“Ögey ana”nın, “Fəryad”ın sevilən “İsmayıl”ı - Yaşasaydı, 78 yaşı olardı...

Düşünürəm ki, mühüm bir yaradıcılıq yolu keçmiş, müxtəlif səpgili rollarla yaddaşlara həkk olunan Azərbaycan kino aktyoru və rejissoru Ceyhun Mirzəyev  bu yolu keçməsəydi belə,  təkcə 12 yaşındaykən çəklildiyi “Ögey ana” filmindəki baş rolu – İsmayıl obrazı ilə  hazır ki  sevgiyə layiq olacaqdı. 

Lap elə Qarabağ müharibəsi ilə bağlı rejissor işi olan, çəkdiy “Fəryad”  filmindəki çəkildiyi  “İsmayıl”  obrazı da elə peşəkarlıqla ağ pərdəyə yansımışdı ki, o vaxtdan 31 il keçib, həmin filmə hər dəfə həyacansız, göz yaşları axıtmadan baxmaq mümkün deyil. Təkcə peşəkarlıq idimi? Xeyir! Təkcə peşəkarlıq C. Mirzəyevi bu qədər bizə sevdirə bilməzdi. Onu bizə sevdirən film gərəyi yaşadığı, ssenarini canlandırmaq məqamında hadisələrin  ağır yükündən, xalqına qarşı baş verən faciələrin, işgəncələrin  təsiri altında hönkürə-hönkürə ağlamasıydı. 

 Mediamız yazır:” Filmin operatoru Kənan Məmmədov deyir ki, "Fəryad" filminin çəkişiləri zamanı Ceyhuna sui-qəsd olunub: "Filmdə bir səhnə var - balaca qızın zorlanma xəbərini eşidən İsmayıl bunu kimin elədiyini başa düşür. Səngərin arası ilə qaça-qaça gəlib ermənilərin mövqeyinə çatır və bu alçaqlığı edən ermənini öldürür. 

Bu səhnəni hərəkətlə çəkirdim. Kamera maşında idi. Ceyhun ağacların arasında qaçdığı müddətdə maşın da paralel olaraq gedirdi. Birdən Ceyhun qeyri-adi bir hərəkət etdi və yıxıldı. Demə, Ceyhun qaçdığı yerdə bir ağacdan o biri ağaca çox nazik, amma poladdan bir sim çəkilmişdi. Kim bunu eləmişdi bilmirik. Amma təbii ki, əvvəlcədən olunmuşdu. Ceyhun onu son anda görüb əlilə itələyib yıxılmasaydı, ip boğazını üzərdi. Çox sarsıldıq o anda. Əli kəsilmişdi, həkimə aparıb yardım etdik".
Deyilənə görə, C. Mirzəyev filmin bütün çəkiliş qrupunu tələsdirirmiş. Bir ara mini insult da keçirir. Amma yenidən film üzərində işləməyə başlayır. İkinci insultda sonra isə dünyayla vidalaşır və özündən son əmanət kimi “Fəryad”ı bu həyata saxlayır.
Hər bir sənətkarı tanıdan onun peşəkarlığıdır, amma sevdirən vətəninə bağlılığı, xalqına sevgisidir. Bax,   biz bu səbəbdən Ceyhun Mirzəyevi heç vaxt unutmayacağıq!

 Bu gün tanınmış kino aktyoru və rejissoru Ceyhun Mirzəyevin  doğum  günüdür.


Adalet.az xəbər verir ki, Ceyhun Mirzəyev 9 aprel 1946-cı ildə Ağdam rayonunun Abdal - Gülablı kəndində anadan olub. 

Tanınmış jurnalist Ramilə Qurbanlının araşdırmasına görə, Ceyhunun atası Cəmil Mirzəyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində çalışırdı:” "Qırmızı Döyüş Bayrağı" ordeninin ilk daşıyıcısı olub. Həmin orden ilk olduğu üçün indi də Rusiya Tarixi Muzeyində saxlanılır. Bizim kinoçular isə bu ordeni "Qanun naminə" filmində tarixə salıblar. Gənc prokurorun yaxasında. Ceyhun atasının ikinci evliliyindən dünyaya gəlib. Atası Cəmil Mirzəyevin birinci evliliyindən övladı olmadığı üçün hamı ona həyat yoldaşını boşamağı desə də, atası buna razı olmur. 17 il birgə həyat sürdüyü ömür-gün yoldaşından ayrılmır. Həyat yoldaşı dünyasını dəyişəndən sonra ikinci dəfə gürcü əsilli Marqarita adlı qadınla evlənib. Cəmil Mirzəyev yeganə övladı dünyaya gələndən 3 il sonra ürək tutmasından vəfat edir”.
Atasız böyüyən, bütün çətinliklərə rəğmən həyatda özünə bir yol çizən  Ceyhun Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Moskvada da təhsil alıb. Onun 46 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Çünki "Görüş" filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. On iki yaşı olanda isə "Ögey ana"ya dəvət alıb.
 
Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Assistent də olub, rejissor köməkçisi də işləyib, aktyorluq da edib, üstəlik rejissor kimi filmlər də çəkib.

 "Mozalan" satirik kinojurnalı üçün süjetlər çəkib. "Mozalan"ın bədii rəhbəri olub.
 
Ceyhun Mirzəyev həm də güclü parodiyaçılıq qabiliyyətinə malik olub. Belə ki, o, bir dəfə söhbət etdiyi adamın səsini, danışıq formasını o dəqiqə yamsılamağı bacarıb. Hətta "Mozalan"ın başlığında səslənən vızıltı səsi də ona məxsus olub.
 
Ceyhun Mirzəyevin son filmi "Fəryad" olub. Özü bu filmini görə bilməyib. Amansız ölüm ona imkan verməyib ki, heç olmasa filmin premyerasında iştirak etsin. Studiyada çəkiliş vaxtı özünü pis hiss edən Ceyhun evə güclə çatdırılıb. Ceyhun Mirzəyev 1993-cü il martın 5-də (47 yaşının tamamına 1 ay qalmış) vəfat edib. Yasamal qəbiristanlığında dəfn olunub.

 Qeyd edək ki, sənətkarın  rus əsilli Lidiya adlı xanımla evliliyindən Cəmilə adlı bir qız övladı var və  Cəmilə hazırda Rusiyada yaşayır.

P.S. Düşünürəm ki, mühüm bir yaradıcılıq yolu keçmiş,müxtəlif səpgili rollarla yaddaşlara həkk olunan Azərbaycan kino aktyoru və rejissoru Ceyhun Mirzəyev bu yolu keçməsəydi belə, təkcə 12 yaşındaykən çəklildiyi “Ögey ana” filmindəki baş rolu – İsmayıl obrazı ilə hazır ki sevgiyə layiq olacaqdı.

Son 20-25 ildə "Xalq artisi" adı almış, “Dövlət mükafarı laureatı” olmuş bir çoxlarından daha layiqlidir Ceyhun müəllim ! "Azərbaycan xalq artisti "adını almış , amma Azərbaycanın mədəniyyəti üçün ağzından bir kəlmə çıxartmayan Tamara Sinyavskaya, heç kəsin tanımadığı İrina  Perlova və 2008-ci ildən üzü bu yana "Xalq artisti" adı almış mədəniyyət xadimlərindən daha çox Ceyhun Mirzəyev bu xalqa da onun mədəniyyətinə də  xidmət edib. Məncə, “Fəryad”ın da, Ceyhun Mirzəyevin də haqqı verilməlidir.

 Əntiqə Rəşid