Ordumuzun əsirlikdən 2-ci dəfə qurtardığı Çərəkdar kəndi: Tarixi, taleyi, aqibəti

Ordumuz Ağdərə rayonunun Çərəkdar kəndinə daxil olduğunu bildirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Təxminən 10 il əvvəl kənd haqqında dəqiq faktlar adıgedən kəndin o vaxt ki ərazi üzrə icra nümayəndəsindən almışdım.
Əvvəl bildirək ki, yaşayış məntəqəsini kolanı tayfasına mənsub ailələr Çərəktar adlı yerdə saldıqları üçün belə adlandırılmışdır. Çərəktar "icarəçi" deməkdir. Görunur, kəndin ərazisi əvvəllər əkin sahəsi kimi icarəyə verilirmiş
Nümayəndənin dediyinə görə, 1992-ci ildə Ağdərə rayonu ləğv edilərkən bu kənd Kəlbəcər rayon inzibati ərazisinə aid edilib. İşğaldan əvvəl 125 ev və 553 nəfərdən ibarət olan bu kəndin əhalisi hazırda 227 evdən və 757 nəfərdən ibarətdir. Əhali 19 rayonun 38 yaşayış məntəqəsində məskunlaşıb. Xüsusən Gəncə şəhərində (50 ailə - 151 nəfər), Göygöl rayonunda (25 ailə - 75 nəfər), Şəmkir rayonunda (19 ailə - 61 nəfər), Tərtər rayonunda (39 ailə - 147 nəfər), Samux rayonunda (24 ailə - 71 nəfər), Yevlax şəhərində (22 ailə - 81 nəfər), Bərdə rayonunda (20 ailə -74 nəfər) yerləşdirilib.
Qarabağ müharibəsi zamanı bu kənddən 10 nəfər şəhid, 2 nəfər isə girov olub. Şəhidlər Yunis Muxtar oğlu Məmmədov, Şakir Yunis oğlu Ağamalıyev, Hüsü Əli oğlu Alıyev, Rasim Behbud oğlu Məmmədov, Əkbər Salman oğlu Alıyev, Nadir Qara oğlu Qasımov, Vilayət Məmməd oğlu Rüstəmov, Qardaşxan Muradxan oğlu Mehdiyev (2 nəfər mülki şəhid – Yusif Əsgər oğlu Məmişov, Namiq Vəzirxan oğlu Quluşov). Nərgiz Əliabbas qızı Qasımova və Münəvvər Rəhim qızı Məmmədova ermənilər tərəfindən girov götürülüb.
Münaqişə böyüdükcə Çərəktarda vəziyyət ağırlaşırdı. Əhalini erməni cəlladlarından qorumaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qərarı ilə ərazi üzrə könüllülərdən ibarət batalyon yaradılıb və 126 nəfər kənd sakini bu batalyonda döyüşüb. Ağdərəyə məxsus sonuncu kənd idi və onu təbii gözəllikləri ilə dünyanın ən gözəl guşələrindən biri hesab etmək olar. Çərəktarın qədimliyini sübut edən alban memarlıq nümunəsi olan monastr qədim və orta əsr dövrlərdə mövcud olub. Abidə Qarabağın Yuxarı Xaçın ərazisində, Tərtər çayının sol sahilində yüksək dağlıq ərazidə yerləşir. Monastırın baş kilsəsi 1260-cı ildə inşa edilib. Kompleks tamamilə dağıdılıb. Kilsə düzbucaqlı plan quruluşlu olub ( 7 x 3 metr ) ikiqat tavanlı bazilikadan ibarətdir. Kilsə şərq tərəfdə düzbucaqlı ehrama malikdir.
Yeri gəlmişkən,kənd KƏlbəcərdən 37 km, Xankəndidən 87 km məsafədə yerləşir Təbii gözəlliklərinə görə ətraf kəndlərdən fərqlənir. Məhəl təpəsi, Göydağ, Talalar, Kolavat, Qaraqaya, Alçalı boynu, Gəvrişli dərə, Arpaçəpəri, Çınqıllıtəpə, Kilsəli, Dağın qılıncı, Atapəyəsi, Arıq Alının pəyə yeri, Uzuntala, Almalı, Həsən bəyin qozlusu, Qurumdərə, Keş kəndi, Güvəli, Xırmanlar, Edilxan yurdu, Hovuzun dərəsi, Ələsvurulan, Ağavurulan, Əvəzin qəbri, Maralyalayan daş, Təkəyatan qaya, Kollucəvə, Fıstıqlı gərdən, Armudluq, Xanpərinin yeri, Astanın yeri, Bağyeri, Heyvalı, Küptalası, Ayıvurulan, Taplar, Göyqum, Qozluq yeri
Qeyd edək ki, 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdu. Çərəktar 2020-ci ilin noyabrın 25-də azad edilsə də, Rusiya sülhməramlılarının nəzarəti altına keçib.
Əntiqə Rəşid
Digər Xəbərlər

Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi - FOTO

Ümummilli Lider Heydər Əliyevin anım günüdür

COP29 gələn il Azərbaycanda keçiriləcək

DSX-nin bu işçilərinin aylıq vəzifə maaşlarına DƏYİŞİKLİK EDİLDİ

Audiovizual Şura televiziya kanallarına xəbərdarlıq etdi

Kürdəmirdə 8-ci sinif şagirdinin nişan mərasimi ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO

Prezidentdən Qaradağ rayonu ilə bağlı SƏRƏNCAM
