adalet.az header logo
  • Bakı -°C
05 Oktyabr 2026 14:37
60
İQTİSADİYYAT
A- A+

Ötən ay mənzil satışında qiymət artımı sürətlənib

Bu ilin sentyabr ayında Azərbaycanda mənzil satışında qiymət artımı sürətlənib.

Adalet.az Azərbaycan Qiymətləndiricilər Palatasına (AQP) istinadən xəbər verir ki, bu barədə palatanını sentyabr ayı üzrə daşınmaz əmlak bazarı üzrə hesabatında deyilir.

Bildirilib ki, yeni tikili mənzillərdə qiymətlər aylıq 2,8 %, köhnə tikililərdə isə 2,5 % yüksəlib. Şəhər mənzillərinin kirayəsində də artım davam edib. Torpaq və fərdi yaşayış evlərinin satışında zəif korreksiya, kommersiya seqmentində isə mülayim bərpa qeydə alınıb.

Yeni tikili mənzillərin satışında median qiymət sentyabrda 2 850 manat/m², AQP indeksi 108 olub. Qiymət avqustla müqayisədə 2,8 %, 2025-ci ilin dekabrındakı baza göstəricisi ilə müqayisədə 8 % artıb. Median mənzil sahəsi 95 m², median satış qiyməti 271 min manat təşkil edib. Böyük müşahidə bazasına malik rayonlar arasında Bakının Sabunçu, Nərimanov və Nəsimi daha yüksək vahid qiymətlərlə seçilib. Abşeron, Sumqayıt və Qaradağda isə qiymətlər nisbətən aşağı səviyyədə qalıb.

Köhnə tikili mənzillərin satışında median qiymət 2 692,3 AZN/m², AQP indeksi 106,8 təşkil edib. Aylıq artım 2,5 %, baza dövrü ilə müqayisədə artım 6,8 % olub. Model üzrə orta satış müddəti 21,1 gün, median satış müddəti 14,6 gün hesablanıb. Sentyabrda yeni yerləşdirilən elanların median qiymətinin təxminən 2 700 manat/m² olması satıcı gözləntilərinin yüksək qaldığını göstərir.

Kirayə bazarında da artım qeydə alınıb. Yeni tikili mənzillərdə median kirayə 11,03 manat/m², AQP indeksi 101,8 olub. Aylıq artım 3,1 % təşkil edib. Köhnə tikili mənzillərdə median 10,82 manat/m², indeks 108,2 olub və qiymətlər avqustla müqayisədə 1,1 % yüksəlib. Yeni tikililərdə median aylıq kirayə haqqı 1 000 manat, köhnə tikililərdə isə 700 manat təşkil edib.

Fərdi yaşayış evlərinin satışında median göstərici 638,2 AHU, AQP indeksi 99,7 olub. Seqment üzrə aylıq 1,3 %-lik azalma qeydə alınıb və qiymət səviyyəsi 2025-ci ilin dekabrındakı baza göstəricisinə yaxın qalıb. Kirayə bazarında median qiymət 9,50 manat/m², indeks 123,3 təşkil edib. Aylıq 7,51 %-lik azalma əsasən mövsümi təklif strukturunun dəyişməsi ilə bağlı olub. Yay aylarında yüksək qiymətlərlə təklif olunan villa və bağ evlərinin payının azalması sentyabrda daha aşağı vahid qiymətli uzunmüddətli kirayə təkliflərinin çəkisini artırıb. Buna görə göstəricidəki dəyişmə ümumi bazar qiymətlərinin eyni həcmdə ucuzlaşması kimi qiymətləndirilmir.

Kommersiya obyektlərinin satışında median qiymət 2 871 manat/m², AQP indeksi 98,4 olub. Avqustla müqayisədə 0,7 %-lik artım qeydə alınsa da, göstərici dekabr 2025-ci ilin baza səviyyəsindən 1,6 % aşağıdır. Model üzrə median satış müddəti 13,2 gün olub. Kommersiya obyektlərinin icarəsində median qiymət 15 manat/m², indeks 98,4 təşkil edib. Aylıq 2,7 %-lik artım avqustdakı korreksiyadan sonra qismən bərpaya işarə edir. Median aylıq icarə haqqı 2 000 manat, indikativ qiymət uyğunlaşma diskontu 13,6 % hesablanıb.

Torpaq bazarında median qiymət 15 899,8 manat/sot, AQP indeksi 119,2 olub. Avqustla müqayisədə 1,4 %-lik azalma qeydə alınsa da, göstərici aprel 2026-cı ilin baza səviyyəsindən 19,2 % yüksəkdir. Xəzər, Səbail və Xətai rayonlarında vahid qiymətlər daha yüksək, Abşeron və Qaradağda isə daha aşağı olub. Çıxarışlı torpaqlarda median qiymət 16 250 manat/sot, çıxarışsız torpaqlarda 10 000 manat/sot təşkil edib.

Qaraj satışında median qiymət 1 200 manat/m², AQP indeksi 93,9 olub. Sentyabrda aylıq 4,3 %-lik bərpa qeydə alınsa da, indeks dekabr 2025-ci ilin baza səviyyəsindən 6,1 % aşağı qalıb. Qarajların icarəsində median qiymət 8,33 manat/m², indeks 124,9 olub. Aylıq 16,7 %-lik azalma qeydə alınıb, lakin göstərici iyul 2026-cı ilin baza səviyyəsini 24,9 % üstələyib. Məhdud müşahidə bazası bu seqmentdə aylıq dəyişmələrin yüksək dəyişkənliyini şərtləndirir.

AQP-nin sentyabr göstəriciləri daşınmaz əmlak bazarında vahid istiqamətli qiymət hərəkətinin olmadığını göstərir. Əsas artım mənzil satışında və şəhər mənzillərinin kirayəsində qeydə alınıb. Torpaq və fərdi yaşayış evlərinin satışında zəif korreksiya, kommersiya seqmentində mülayim bərpa, qaraj bazarında isə daha yüksək dəyişkənlik müşahidə olunub.

Qeyd edək ki, AQP dövri olaraq hər ay daşınmaz əmlak, avtomobil və tikinti bazarları üzrə indeksləri açıqlayır.