adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
09 Iyun 2023 14:00
546
SAĞLAMLIQ

Övladlarımızın danışığında qüsur olmaması üçün nə etməliyik?

Uşaqlarda ekspressiv və reseptiv olmaqla, iki cür nitq formalaşır.

Adalet.az xəbər verir ki, bunu TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin 5 nömrəli Uşaq Poliklinikasının baş həkiminin müavini Sevinc Abbasova deyib.

Həkimin sözlərinə görə, ekspressiv nitq uşağın ifadə dilidir:

“Onlar məhz ekspressiv nitq vasitəsilə istəklərini dilə gətirirlər. Reseptiv nitq isə anlama dilidir. Yəni uşaqlar reseptiv nitq vasitəsilə deyilənləri anlayırlar. Uşaq bir yaşında məna ifadə edən bir söz deyə bilirsə, həmçinin ona deyilən və hərəkət ifadə edən (gəl, al, dayan, oyna və s.), eyni zamanda, əşyaların adlarını deyəndə başa düşürsə, bu norma hesab edilir. Təxminən, iki yaş civarında məna kəsb edən altı söz bilməlidir. İstədiklərini başa salmaq üçün sözlərdən və jestlərdən istifadə etməlidir. 36-42 aylığında (üç yaş civarında) dörd sözdən ibarət cümlələr qurmalı, baş verənləri və ya qısa hekayələri ifadə etməlidir”.

Uşaq sadalanan formada sözlər demirsə və fikrini ifadə edə bilmirsə, ilk növbədə onların eşitmə qabiliyyətini yoxlamaq lazımdır:

“Ola bilər ki, uşaq eşitmir və ona görə də, danışmır. Üç yaşına qədər danışa bilmirsə, həmçinin eşitməsində heç bir problem yoxdursa, o zaman uşaqlar nevropatoloq və psixiatrlar tərəfindən yoxlanılır. Spektr, autizm olub-olmaması dəqiqləşdirilir. Uşağın kimlərlə kontaktda olması kimi amillər onların nitqinin inkişafında rol oynayan əsas məqamlardır. Bəzən uşaqların danışığı zamanı səsləri düzgün tələffüz etməmələri hallarına da rast gəlinir. Üç-dörd yaşına qədər belə hal olarsa, bu normal qəbul edilir. Amma məktəb yaşına qədər bu hal düzəlməlidir. Əgər bu proses davam edərsə, uşaqla loqoped məşğul olmalıdır. Nitqin düzgün olmamasına səbəb olan amillərdən biri də ağız boşluğunda hər hansı qüsurların olmasıdır”.

16 nömrəli Uşaq Poliklinikasının həkim-pediatrı Sevinc Vəliyeva bildirib ki, uşaqları yedirəndə və ya digər vaxtlarda onlara telefon, planşet və digər texnoloji avadanlıqların əvəzinə rəngli şəkillər, quşlar, heyvanlar, təbiət aləmini əks etdirən görüntülər olan kitablar vermək lazımdır:

“Valideyn kitabı vərəqləyərək, orada göstərilən cisimləri tələffüz etməlidir. Həmin sözlər uşaqların beynində formalaşmalıdır. Bir yaşında uşaq bir neçə sadə və rahat tələffüz olunan sözlər deməlidir. Məsələn, ana, ata, nənə, baba və s. Artıq iki yaşına qədər uşaqlar 10-a yaxın rahat tələffüz edilən sözlər deməlidir. İki yaşında isə iki sözdən ibarət sadə cümlələr qurmalıdır. Məsələn: “çay istəyirəm”, “gəl, gedək” kimi və s. Üç yaşında uşaqlar nisbətən daha mürəkkəb cümlələr qurmağı, həmçinin saymağı və rəngləri seçməyi bacarmalıdırlar. 4-5 yaşında isə dörd-beş sözdən ibarət cümlələr qurmalıdırlar”.

Həkim-pediatr vurğulayıb ki, uşaqların inkişaf mərhələləri düzgün olarsa, məktəbə gedən zaman həm dərsləri qavrama, həm də fikirlərini daha düzgün ifadə etmək qabiliyyəti də inkişaf edəcək.

“Nitq qüsurlarının müalicəsi həm loqoped və psixoloqların iştirakı ilə aparıla bilər. İrəliləyən yaşlarda nitq geriləmələri və digər qüsurlar qaldıqda, dərman müalicəsi ilə də bunun qarşısını almaq mümkündür”.