24 Avqust 2024 15:57
150
SİYASƏT

Özbəkistanla imzalanmış müttəfiqlik müqaviləsi qlobal sülhə və təhlükəsizliyə xidmət edir  

Nə qədər qəribə görünsə də, hətta dünya sivilizasiyasının hazırkı inkişaf mərhələsində belə, iqtisadi və hərbi güc amili geosiyasi və geoiqtisadi qarşıdurmaların taleyini həll edə biləcək əsas təsir mexanizmləri kimi qalmaqdadır. Təəssüf ki, geosiyasi rəqabətdə olan tərəflərin bir-birinə qarşı siyasi və iqtisadi sanksiyalar təcrübəsindən aşırı səviyyədə istifadə etməsi, onlardan asılı olan bəzi beynəlxalq təşkilatların bu prosesə cəlb olunması artıq adi hala çevrilib. Gözlə görünən və görünməyən reallıq ondan ibarətdir ki, böyük dövlətlər dünyaya təsir uğrunda apardıqları qlobal mübarizədə yalnız öz maraqlarını güdür, nəticədə ədalət anlayışı çox asanlıqla unudulur, iqtisadi və hərbi güc amili isə ön plana çıxır. Bu cür qarşıdurmaların ən iyrənc tərəfi ondadır ki, bəziləri öz maraq və hədəflərini ört-basdır etmək üçün əksər hallarda demokratiya, insan haqları, din və vicdan azadlığı kimi dəyərlərdən riyakarcasına sui-istifadə edir, onların hegemonluğu ilə barımaq istəməyən kiçik dövlətləri qərəzli bəyanat və qətnamələrlə hədəfə alırlar.

Müasir dünyamızda geosiyasi və geoiqtisadi qarşıdurma elə təhlükəli həddə çatıb ki, aparıcı aktorlar coğrafi və iqtisadi baxımdan özlərindən kiçik və zəif olan ölkələri məqsədli şəkildə seçim qarşısında qoyur, onlara baş əyməyən və beynəlxalq münasibətlərin müstəqil subyekti kimi öz varlığını qorumağa çalışan dövlətləri ikili standartlar siyasəti ilə açıq-aşkar təhdid edirlər. Bu cür siyasətin ən iyrənc tərəfi ondadır ki, kritik məqamlarda, fors-major şəraitində əvvəllər bir-biri ilə kəskin qarşıdurmada olan aparıcı dövlətlər dünənki umu-küsülərini asanlıqla unudur, dini və etnik təəssübkeşlik zəminində həmrəy qüvvəyə çevrilirlər. Bu gün Ermənistana göstərilən hərbi-siyasi dəstəyin  arxasında dayanan əsas amillərdən biri də elə budur. Prezident İlham Əliyev həm də bu reallıqları nəzərə alaraq, andiçmə mərasimində Azərbaycan xalqı ilə yanaşı, bütövlükdə Türk dünyasına bu tarixi mesajı vermişdi: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər”. 

2021-ci il iyunun 15-də, Milli Qurtuluş Günündə qardaş Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsindən üç il sonra, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində avqustun 23-də Daşkənddə imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”, həqiqətən, tarixi əhəmiyyətli sənəddir. Bu sənəd Azərbaycan Prezidentinin andiçmə mərasimində verdiyi həmin ismarıcın gerçəkləşməsi istiqamətində atılan növbəti uğurlu addımdır. Prezident İlham Əliyev elə bu səbəbdən Daşkənddə mətbuata bəyanatında xüsusi olaraq bunları qeyd etdi: “Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Zənnimcə, əminəm ki, üzərimizdə dolaşan və bununla bağlı bizə xeyir-dua verən əcdadlarımızın ruhları şad olacaq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək”. 

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin mətbuata verdiyi bəyanat da öz növbəsində nümayiş etdirdi ki, iki ölkənin strateji maraqları tam üst-üstə düşür, tarixi köklərimiz, milli-mənəvi dəyərlərimiz və ortaq dinimizlə yanaşı, dövlət müstəqilliyimizin qorunması amalı  Azərbaycan və Özbəkistanı bir-birinə daha sıx bağlayır. Prezident Şavkat Mirziyoyevin səsləndirdiyi bu fikir isə  Özbəkistan dövlətinin müttəfiqlik Müqaviləsinə yanaşmasını aydın şəkildə ifadə etdi: “Zənnimcə, bu il 33 illiyimizin tamam olduğu qısa bir müddətdə bu sənədlərin imzalanması heç bir ölkə ilə olmayıb, birincisi, Özbəkistanın çox az ölkə ilə müttəfiqlik münasibətləri var. Sizin qarşınızda bir daha demək istəyirəm, bu gün biz tarix yazdıq. Bu tarix iki yaxın xalqın - Azərbaycan və Özbəkistan xalqlarının rifahında öz əksini tapacaq”.

 Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində Ali Dövlətlərarası Şurasının birinci iclasının Qərarı ilə yanaşı,  elm və təhsil, ekologiya və turizm, humanitar və mədəniyyət, iqtisadi-ticari və innovasiyalar sahəsində, eləcə də iki ölkənin Xarici İşlər Nazirlikləri, Ədliyyə və Daxili İşlər orqanları arasında  əməkdaşlığa dair müvafiq beynəlxalq sənədlər imzalandı. Heç şübhəsiz ki,  bütün bu sənədlərin təməlində müttəfiqlik Müqaviləsi dayanır, eyni zamanda, iki ölkə arasında dövlətlərarası münasibətlərin gələcək inkişaf perspektivlərini indidən müəyyən edir. Dörd il bundan əvvələ qədər kim təsəvvür edə bilərdi ki, Türk Dövlətləri Təşkilatına üzv olan qardaş Özbəkistanın iştirakı ilə Xankəndidə yeni yüngül sənaye müəssisəsinin yaradılması barədə qərar veriləcək?! Bir daha müttəfiqlik Müqaviləsinin strateji əhəmiyyətinə gəldikdə isə, Prezident İlham Əliyev mətbuata bəyanatında bu məqama da kifayət qədər açıq mətnlə aydınlıq gətirdi: “Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır”.

 Heç şübhəsiz ki, Azərbaycan Prezidentinin vurğuladığı bu strateji məqam və Özbəkistan Prezidentinin “əzəli Azərbaycan torpaqlarının qaytarılması” ilə bağlı səmimi təbriki bədxahlarımızı növbəti dəfə məyus edəcək. Amma yaxşı olardı ki, məyus olmaqdan, Ermənistana mifik vədlər verib onu boş yerə ümidləndirməkdən və silahlandırmaqdansa,  Azərbaycan - Türkiyə və Azərbaycan – Özbəkistan müttəfiqliyinin, bütövlükdə Türk Dövlətləri Təşkilatının Asiya – Avropa xalqlarının təhlükəsizliyinə və rifah halının yüksəldilməsinə verə biləcəyi əvəzolunmaz töhfə imkanları indidən adekvat səviyyədə dəyərləndirilsin. Çünki təhlükəsiz dünya nizamı, sülh və əmin-amanlıq kimi həyati vacib məsələlər uydurma fobiyalardan deyil, məhz adekvat dəyərləndirmədən xeyli dərəcədə asılıdır.

 

Ülvi Quliyev

​​​​​15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış