Pakistan prezidenti: Razılaşma regionda sülh və sabitlik gətirəcək

Azərbaycanla Ermənistan arasında razılaşma regionda davamlı sülh, sabitlik və rifah dövrünün başlanğıcı olacaq.
Adalet.az Pakistan KİV-inə istinadən xəbər verir ki, bunu Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycanın bu ölkədəki səfiri Xəzər Fərhadovu qəbul edərkən deyib.
Görüş çərçivəsində Pakistanın Azərbaycanla qarşılıqlı etimad, ortaq dəyərlər və maraqlar əsasında qurulan qardaşlıq münasibətlərini daha da dərinləşdirilməsi müzakirə olunub.
Pakistan Prezidenti qeyd edib ki, Pakistan Azərbaycanı əsas tərəfdaş kimi görür və ikitərəfli əməkdaşlığı, xüsusilə ticarət, iqtisadiyyat və nəqliyyat sahələrində genişləndirmək niyyətindədir.
"Genişlənmiş ticarət əlaqələri, investisiya tərəfdaşlığı və regional nəqliyyatın yaxşılaşdırılması iki ölkəni bir-birinə daha da yaxınlaşdıracaq və ortaq rifaha töhfə verəcək".
Azərbaycanla Ermənistan arasında Vaşinqtonda əldə olunan razılaşmaya da münasibət bildirən Asif Əli Zərdari Azərbaycan səfirindən təbriklərini Prezident İlham Əliyevə və Azərbaycan xalqına çatdırılmasını xahiş edib.
Prezident əlavə edib ki, Pakistan münaqişələrin qarşılıqlı anlaşma və hörmət əsasında dialoq və dinc yolla həllinə inanır.